ABŞ özünü dini azadlıqlara münasibətdə qlobal barometr kimi apara bilməz
Siyasət

ABŞ özünü dini azadlıqlara münasibətdə qlobal barometr kimi apara bilməz

ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyası və ölkə Senatının həmsədrliyi ilə keçirilən Beynəlxalq Dini Etiqad Azadlığı Sammitinə çıxış etmək üçün Xankəndidən olan, "qaçqın jurnalist" və əzabkeş dindar obrazında 5 separatçı ünsürün dəvət olunması əslində, bizi təəccübləndirmir. Çünki USCIRF-in pozucu-təxribatçı fəaliyyəti bizim üçün yenilik deyil. Demək olar ki, hər ilin sonunda biz ABŞ-ın Dini Azadlıqlar üzrə Beynəlxalq Komissiyası tərəfindən Azərbaycana münasibətdə məqsədli şəkildə qərəzli və ədalətsiz hesabatlarına şahidlik edirik. Hətta bir müddət əvvəl ABŞ Dövlət katibi Antoni Blinken də məhz USCIRF-in saxta araşdırmalarına əsaslanaraq qlobal müstəvidə multikulturalizmin təhlükəsizlik adası olan Azərbaycanı "dini etiqad azadlığının ciddi pozuntularına yol verən ölkələrdən biri" kimi xarakterizə etmiş, ABŞ ölkəmizi özünün heç bir meyara sığmayan "qara siyahısına" salmışdı.

ABŞ-ın Dini Azadlıqlar üzrə Beynəlxalq Komissiyası da anti-Azərbaycan fəaliyyətin tərkib hissəsi olaraq Vaşinqtonun bu addımını alqışlamış, "Dağlıq Qarabağdakı dini obyektlər" və ölkədə "şiə dini fəallara qarşı repressiyalar" kimi uydurma iddialarla bağlı narahatlıq ifadə etmişdi. İndi də, o zaman da hər kəsə aydın idi ki, ABŞ-ın səsləndirdiyi iddialar dini azadlıqlarla heç bir bağı olmayan siyasi çirkab xarakterli cəfəngiyyatdır. Hər kəs qəbul edir ki, Azərbaycan min illərdir etnik və dini müxtəlifliyin milli sərvət kimi qorunduğu, bütün konfessiyalar üçün bərabər şəraitin yaradıldığı məkan və dünyada multikulturalizmin ünvanlarından biridir. Dövlətimiz tərəfindən dekabrın ortalarında Roma Papası Fransisk həzrətlərinə ünvanlanan məktubda da ölkəmizdə tarixən olduğu kimi, hazırda da əmin-amanlıq, mehribanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayan müxtəlif xalqların və dinlərin nümayəndələri arasında nümunəvi dostluq və qardaşlıq münasibətlərinin hökm sürdüyü diqqətə çatdırılır. Bu mənada, Şərqlə Qərbin qovuşduğu bu mürəkkəb regionda etnik və dini azlıqlar üçün ideal birgəyaşayış modeli olan Azərbaycan haqqında dini azadlıqlarla bağlı hər hansı iddia gülünc və qəbuledilməz, sərsəm təxəyyül olmaqla fiaskoya məhkumdur.

IRF 2024-ə separatçıların dəvət olunması bir daha sübut edir ki, Vaşinqton qərəzli mövqeyindən çəkilmək istəmir. Görünən odur ki, son 9 ayda qeyri-adekvat gedişlərlə regionda nüfuzunu itirən ABŞ "demokratiya", "insan haqları" bəhanəsi ilə hücumların effekt vermədiyini görüb, bu dəfə dini azadlıqların himayəçisi qiyafəsində pərdələnmək niyyətindədir.

Lakin hər kəsə məlumdur ki, əgər ABŞ Cənubi Qafqazda dini dəyərlər və azadlıqlarla bağlı niyyətində səmimi olsaydı, son 30 ildə Qarabağ və Şərqi Zəngəzurda Ermənistan tərəfindən dövlət səviyyəsində dəstəklənmiş işğal və təcavüz siyasəti nəticəsində mövcud 67 məsciddən 63-nün yerlə-yeksan edilməsinə, yüzlərlə müsəlman qəbiristanlığının vandalizmə məruz qalmasına IRF 2019, IRF 2018, yaxud IRF 2017 və s. çərçivəsində ən azı münasibət bildirərdi. Bu gün müasir Ermənistan ərazisi olan Qərbi Azərbaycanda türk-islam izinin itirilməsi istiqamətində dövlət səviyyəsində iş aparılır. Faktdır ki, 1915-ci ildə Zəngəzur və İrəvan quberniyasının ərazisində 391 məscid fəaliyyət göstərib.

Sovet hakimiyyətinin son dövrlərinə qədər 350-dən çox məscid binası mövcud idi. Bəs bu gün Ermənistan ərazisində nə qədər məscid binası var, dini azadlıqlarla bağlı "həssaslaşmış" ABŞ bu suala düzgün cavab verməyə hazırdırmı? Yoxsa Vaşinqton Qarabağdakı - Alban tarixinin misilsiz abidələrini, bizim milli sərvətimizi özümüzdən qorumaq niyyətindədir? Bəs 30 il ərzində Qarabağdakı Alban kilsələrinin əsl sahibləri məhz işğal səbəbindən doğma ocaqlarında ibadət etməkdən məhrum olarkən, USCIRF niyə xristian udinlərin - öz din qardaşlarının haqları barədə düşünmürdü? Çünki ABŞ-ı da, Vaşinqtonun təxribat aləti olan USCIRF-i də əslində din azadlığı maraqlandırmır. Görünən odur ki, ABŞ Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin mənsublarının yüz illərdir ki, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşamasını, Vətən müharibəsində və antiterror tədbirləri zamanı olduğu kimi, çətin günlərdə dəmir yumruq tək birləşərək istənilən təhdidi dəf etməsini özünün "parçala və hökm sür" siyasətinə əngəl kimi baxır. Lakin okeanın o tayında kimin nə düşünməsindən asılı olmayaraq Azərbaycan üçün etnik və dini müxtəliflik milli sərvətdir.

Amerika Birləşmiş Ştatları nəhayət anlamalıdır ki, böyük dövlət olması ona qlobal "nəzarətçi", yaxud "tərbiyəçi" rolunu oynamasına əsas vermir. Xüsusən, selektiv və beynəlxalq hüquqazidd davranışları fonunda heç kəs ABŞ-a monitorinq aparmaq hüququ verməyib və Vaşinqton Azərbaycanda dini azadlıqlara münasibətdə özünü qlobal barometr kimi apara bilməz. Digər tərəfdən, Asiyada, Yaxın Şərqdə və Afrikada milyonlarla insanı məhz müsəlman olduğuna görə qanına qəltan edən, şimal qütbündən ekvatora qədər Amerika qitəsində yerli əhalinin kökünü kəsən bir dövlət, habelə islamofob və xristian fanatizmi ideyalarını təbliğ edən IRF Sammiti bu gün dünyaya din azadlığından danışa bilməz.

Bəhruz MƏHƏRRƏMOV,

Milli Məclisin deputatı.