ABŞ-ın daxildən müdaxilə planları
Siyasət

ABŞ-ın daxildən müdaxilə planları

Son dövrlərdə ABŞ-ın Azərbaycana qarşı qərəzinin daha da artdığını müşahidə edirik. Bu, özünü müxtəlif formalarda göstərir. Bu gün Ağ Evin siyasi oyunlarının icraçısına çevrilməklə adını "təşkilatların qara siyahısına" salan USAID (Beynəlxalq İnkişaf Agentliyi) anti-Azərbaycan fəaliyyəti ilə gündəmi zəbt edib.

Bu qərəzin nədən qaynaqlandığını anlamaq üçün təşkilatın direktoru Samanta Pauerin kimliyinə nəzər salaq.

S.Pauer qatı ermənipərəst mövqeyi ilə tanınır. Ölkəmiz əleyhinə saxta informasiyalar və böhtan xarakterli fikirlər səsləndirən direktor erməniləri bir növ "ilahiləşdirib" desək, yanılmarıq. Hətta qurumun rəhbəri öz övladının adını belə "erməni soyqırımı"nın şərəfinə qoyub. Bundan başqa, Samanta Pauerin bir neçə ay öncə həbs edilən Ruben Vardanyanla yaxın dostluq münasibəti də məlumdur.

USAID direktorunun Vardanyanın həbs edilib Bakıya gətirilməsindən sonra paytaxtımıza gəlməsi də bunu təsdiqləyir. Pauerin erməni müttəfiqliyi bunlarla da yekunlaşmır. Belə ki, onun sifariş verdiyi "Demokratiya doktrinası"nı hazırlayan işçi qrupun rəhbəri ermənidir. Bu doktrinaya ayrılan məbləğ isə digər ölkələrdə çevriliş planlarının reallaşdırılmasına yönəlib. Əslində, Samantanın anti-Azərbaycan mövqeyi iki il öncə də özünü büruzə vermişdi. Belə ki, USAID direktoru Ermənistandakı Amerika Universitetinə yeni qəbul edilmiş tələbələrə onlayn müraciəti zamanı Azərbaycan və Türkiyənin "vəhşi" olduğunu bildirmişdi.  Ümumiyyətlə, Samanta elə əzəldən açıq şəkildə ABŞ-da və digər Qərb ölkələrində türkofobiya siyasəti yürüdüb.

Xatırladaq ki, bu yaxınlarda Pauer yenə sərsəm iddiası ilə beynəlxalq ictimaiyyətin fikrini yayındırmışdı. O bildirmişdi ki, guya son iki ayda Qarabağı 100 mindən çox sakin tərk edib. Pauer, həmçinin ABŞ-ın "Dağlıq Qarabağın" etnik ermənilərini dəstəkləməyə davam edəcəyini də bəyan etmişdi. "Erməni havasına oynayan" USAID  direktorunun "Dağlıq Qarabağ" ifadəsindən istifadə etməsi də onun iç üzünü bir daha göstərir. Bir məqamı da qeyd edək ki, Samanta Pauer bilavasitə Sorosun təlimatları əsasında ölkəmizə qarşı düşmənçilik siyasəti yürüdür. Şübhəsiz, Pauer ABŞ-ın əli ilə Paşinyan hakimiyyətinə dəstək nümayiş etdirir. Bunları qeyd etməkdə məqsədimiz rəhbəri Samanta Pauer olan bu qurumun öz çirkin fəaliyyətində "nirvanaya" çatdığını göstərməkdir.

ABŞ Mərkəzi Kəşfiyyat qurumunun alt qolu kimi yaradılan USAID bu gün yardım adı altında ayrı-ayrı ölkələrin daxili işlərinə aktiv şəkildə müdaxilə etməklə məşğuldur. Şübhəsiz, bütün bunlar ABŞ-ın rəhbərliyi ilə həyata keçirilir. Rəsmi Vaşinqton beynəlxalq ictimaiyyəti demokratik inkişafa dəstək vermək yalanına inandırmaqla məhz bu qurumların vasitəsilə bəzi ölkələrə müdaxilə edir. Bunun ən gözəl nümunəsi USAID-ın qonşu ölkə Gürcüstanda yerli QHT-lərlə birgə "xəstələrə humanitar yardım göstərilməsi" mövzusunda keçirdiyi təlimlərdir. İlk baxışdan heç bir mənfi xüsusiyyəti nəzərə çarpmayan bu təlimlərdə iştirakçılara dövlət çevrilişinin metodları barədə məlumat verilmişdi. Bu isə birbaşa ABŞ-ın, eləcə də USAID-ın ölkələri daxildən parçalamaq niyyətini göstərir. Şübhəsiz, bütün bunlar dövlətləri legitim hakimiyyətlərə qarşı inamsızlığa təhrik edir. Azərbaycanda 1991-ci ildən bəri fəaliyyət göstərən USAID ölkəmizdə də milyonlarla dollar məbləğində layihələr həyata keçirib. Sözügedən layihələr arasında "Regionlarda gənclərin öyrənilməsi, öyrədilməsi və fəallaşdırılması" xüsusi diqqət cəlb edir. Əsasən 13-18 yaş arası yeniyetmələr üçün nəzərdə tutulan bu layihələr dövlət quruluşunu sarsıtmağa yönəldilib.

Beynəlxalq İnkişaf Agentliyi nəinki KİV, QHT sektoru və müxalifət partiyalarından, hətta feministlər, gənclər kimi digər sosial zümrələrdən də öz çirkin məqsədlərini həyata keçirmək üçün istifadə edir. Hətta qurum ölkəmizdə "radikal feminizm"in təşkilatlandırılıb aktivləşdirilməsində də birbaşa məsuliyyət daşıyır. Çünki təşkilat fəaliyyətini təkcə sosial platformalar üzərindən davam etdirmir, "öz toruna saldıqlarını" radikal feministlər qismində küçələrə çıxıb etiraz aksiyaları keçirmələrinə də səbəb olur. "Abzas Media" saytının baş redaktoru Sevinc Vaqifqızı da "milli feministlər"in liderləri sırasında yer alıb. Onun rəhbəri olduğu "Abzas.net" xəbər portalının fəaliyyətinə nəzər yetirsək görərik ki, sayt Azərbaycan əleyhinə materialların tirajlanması ilə məşğuldur. USAID-ın "əlaltıları" arasında "Toplum TV" də var. "Toplum TV"nin baş redaktoru Xədicə İsmayıl da Korrupsiya və Mütəşəkkil Cinayətkarlıq Hesabatı Layihəsi (OCCRP) ilə sıx əməkdaşlıq edir. Redaksiyası "Demokratik Təşəbbüslər İnstitutunda yerləşən "Toplum TV"  də ABŞ-ın çirkin oyununun iştirakçılarındandır. Bütün bunlar - "Abzas.net", "Toplum TV", "Demokratik Təşəbbüslər İnstitutu" və onlarla eyni məzhəbə qulluq edən digər qurumların ABŞ-ın Azərbaycana sızmaq üçün istifadə etdiyi "yol" olduğunu söyləməyə əsas verir.

Yuxarıda adını çəkdiyimiz Korrupsiya və Mütəşəkkil Cinayətkarlıq Hesabatı Layihəsinin ölkəmizə qarşı qərəzi hər kəsə bəllidir. Sözügedən layihə məhz bu səbəbdən ölkəmizdə bloklanıb. Çünki bunun vasitəsilə ABŞ 2016, 2018 və 2021-ci illərdə Azərbaycana qarşı qarayaxma kampaniyası həyata keçirirdi. Bu kampaniya ölkəmizə təkcə siyasi yöndən deyil, iqtisadi yöndən də təsir etmək məqsədi daşıyırdı. "OCCRP" vaxtikən Cənub Qaz Dəhlizi, eləcə də TANAP və TAP layihələrinin reallaşdırılmasının da qarşısını almağa çalışırdı.

Ümumiyyətlə, bu qurumlar Qərbdən aldıqları təlimatlar əsasında ölkədə "5-ci kolon" formalaşdırmaq və ondan siyasi hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə etmək missiyasını yerinə yetirirlər. Doğrudur, Azərbaycan dövlət kimi sağlam və şəffaf əməkdaşlıq prinsiplərinə üstünlük verir. Amma Qərb "hücumlarını" davam etdirərək mənfi ictimai rəy formalaşdırmağa çalışır. Dünyanın müxtəlif ölkələrində baş verən rəngli inqilablar, eləcə də Yaxın Şərqdə vəziyyəti gərginləşdirən siyasi kataklizmlər də Qərbin formalaşdırdığı bu şəbəkələrin yaxından iştirakı ilə reallaşıb. Hazırda baş verən hadisələr bunun hələ də davam etdiyini söyləməyə əsas verir. Bu gün dövlətimizlə bağlı öz xain məqsədlərinə çatmayan qüvvələr yenidən aktivləşirlər. Onlar öz xain planlarını ört-basdır etmək üçün isə təəssüf ki, demokratiya, insan hüquqları adı altında fəaliyyət göstərirlər. Şübhəsiz, cəmiyyətimiz reallıqları görür və bu addımları yaxşı qarşılamır.

Nəzrin ELDARQIZI,

"Respublika".