8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə
Sosial həyat

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə

YAP Yasamal Rayon Təşkilatında 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatı Elnur Allahverdiyev, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, "91-lər"dən biri Şahlar Əsgərov, təşkilatın əməkdaşları, YAP Yasamal rayon ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri və fəal gənclər iştirak edib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Bu gün dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər. Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördükləri işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir.

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, "91-lər"dən biri Şahlar Əsgərov vurğulayıb ki, tariximizin mürəkkəb ictimai-siyasi proseslərində cəmiyyətin sarsılmaz mənəvi dayağına çevrilən Azərbaycan qadını öz fəallığı ilə seçilmişdir. Gözəllik örnəyinə çevrilən Azərbaycan qadını ən çətin məqamlarda belə ayıq-sayıqlığı, çevikliyi və düzgün qərar qəbul etmək bacarığı ilə hər kəsi heyrətləndirib. Ayrı-ayrı dövrlərdə yaşayıb fəaliyyət göstərmiş qadınlarımız müdrikliyi və işgüzarlığı ilə tariximizə parlaq səhifələr yazıblar.

8 Mart - Beynəlxalq Qadınlar Günü  həm də torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlarmızın, bütün şəhid anaları və xanımlarının, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların həyat yoldaşlarının, əsgər analarının, uzun müddət ürəyi Vətən həsrəti ilə döyünən, məcburi köçkün düşmüş qadınlarımızın bayramıdır. Çünki qəhrəman analarımızın vətənpərvər ruhda böyüdüb boya-başa çatdırdığı övladları 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdilər.

Milli Məclisin deputatı Elnur Allahverdiyev bildirib ki, Azərbaycan qadını milli-mənəvi dəyərlərimizin nəsildən-nəslə çatdırılmasında fədakarlıqlar göstərib, hər zaman milli dövlət quruculuğu işinin fəal iştirakçısı olub. Göz açıb azad gördüyü yurdunu ana qədər müqəddəs bilən, milli ideallara sadiq gənc nəsli də o, məhz öz mənəvi gücü, polad iradəsi hesabına yetişdirib, tarixin hökmü ilə ədalətin zəfər çalacağına və haqq işimizin qalib gələcəyinə həmin nəslin qəlbində sarsılmaz inam duyğusu aşılayıb.

Tədbirin sonunda xanım iştirakçılara qiymətli hədiyyələr təqdim edilib.

"Respublika".