2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində seçki məntəqələrində veb-kameraların quraşdırılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Hüquqi aktlar

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində seçki məntəqələrində veb-kameraların quraşdırılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 40.1-ci maddəsinə görə seçki komissiyalarının fəaliyyəti seçicilər üçün şəffaf olmalıdır.

Səsvermənin gedişinin əvvəldən axıradək fasiləsiz olaraq internet vasitəsilə real vaxt rejimində internet istifadəçiləri tərəfindən müşahidə edilməsi, seçicilərə səsvermə üçün zəruri şərait yaradılması, seçicilər səs verdikdən sonra seçki bülletenlərinin seçki qutusuna salınması, eyni zamanda məntəqə seçki komissiyalarının üzvləri tərəfindən seçki sənədləri ilə işin aparılması, səslərin hesablanması, səsvermənin nəticələrinin müəyyənləşdirilərək rəsmiləşdirilməsi proseslərinin izlənilməsi, beləliklə, aşkarlığın və şəffaflığın daha geniş miqyasda təmin edilməsi məqsədilə bütün digər vasitələrlə yanaşı, 2008-ci ildən etibarən ölkədə keçirilən seçki və referendumlarda 500 seçki məntəqəsində, sonradan isə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılmışdır. Ölkəmizdə seçkilərin gedişini izləmiş çoxsaylı yerli və beynəlxalq subyektlər, habelə seçki mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilmiş bu mütərəqqi təcrübəni öyrənməklə bir sıra xarici dövlətlər də öz seçki praktikalarında oxşar səpkili layihələrin tətbiqi ilə bağlı addımlar atmışlar.

Seçki günü ictimaiyyətin səsvermənin gedişini veb-kameralar vasitəsilə izləməsi yolu ilə də aşkarlığın təmin edilməsi və bu prosesin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra - Mərkəzi Seçki Komissiyası) özündə ümumi qaydaları ehtiva edən "Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsi Qaydaları"nı işləyib hazırlayaraq qəbul etmişdir.

Yuxarıda qeyd edilənləri, həmçinin seçki günü proseslərində şəffaflığın daha da artırılmasına bilavasitə xidmət göstərən bu uğurlu təcrübəni nəzərə alaraq, 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində də səsvermə prosesinin veb-kameralar vasitəsilə keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin edilməsi üçün zəruri olan texniki və digər şərtlər çərçivəsində respublika üzrə 119 seçki dairəsi üzrə 1000 (bir min) seçki məntəqəsində veb-kameralar quraşdırılmalı və həmin seçki məntəqələrinin siyahısı dərc olunmalıdır.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.16-cı, 28.2-ci, 28.4-cü, 40.1-ci və 110-cu maddələrinə, Mərkəzi Seçki Komissiyasının "Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsi Qaydaları"nın 1.1-ci və 2.2-ci bəndlərinə uyğun olaraq qərara alır:

1. 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində səsvermə günü seçki məntəqələrində səsvermə prosesinin, səsvermənin yekunlarının müəyyənləşdirilməsinin və səsvermənin nəticələri haqqında protokolun doldurulmasının əvvəldən axıradək fasiləsiz izlənilməsi məqsədilə 119 seçki dairəsi üzrə 1000 (bir min) seçki məntəqəsində veb-kamera quraşdırılsın.

2. Veb-kameraların quraşdırılması üçün zəruri olan texniki və digər şərtlərin təmin olunması ilə əlaqədar müvafiq tədbirlər görülərək başa çatdırılsın.

3. Veb-kamera quraşdırılmış seçki məntəqələrinin siyahısı dərc olunsun (siyahı əlavə edilir).

4. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr                Məzahir Pənahov

Katib                Arifə Muxtarova

Katib                Mikayıl Rəhimov