2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Hüquqi aktlar

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 99.1-99.4-cü və 199-cu maddələrinin tələbinə görə, seçki bülletenlərinin mətni və forması, onların sayı, hazırlanmasına aid tələblər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra - Mərkəzi Seçki Komissiyası) qərarı ilə səsvermə gününə ən geci 35 gün qalmış təsdiq edilməli, qeydə alınmış seçicilərin sayının 3 faizindən artıq olmamaq şərtilə səsvermə gününə ən azı 10 gün qalmış Mərkəzi Seçki Komissiyasının nümayəndələrinin müşahidəsi altında müvafiq qaydada hazırlanmalıdır.

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində istifadə ediləcək seçki bülletenləri ilə əlaqədar yuxarıda göstərilən qayda və şərtlər əsas götürülməli, mövcud seçki dairələri üzrə həmin bülletenlərin bir-bir və ardıcıl olaraq kəsilən yuxarı sol küncü nömrələnməli, namizədlər barəsində məlumatlardan sağda boş kvadrat, yuxarıda doldurulması qaydası haqqında izah, yuxarı sağ küncündə möhür yeri, aşağı sağ küncündə isə ləğvetmə xətti yerləşdirilməli, qeydə alınmış hər bir namizədin əlifba sırası qaydasında soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yeri, əsas iş və ya xidmət yeri (bu olmadıqda - fəaliyyət növü), onları irəli sürmüş subyektlərin adı, siyasi partiyalar (siyasi partiya blokları) tərəfindən namizədliyi irəli sürülən qeydə alınmış namizədin mənsub olduğu siyasi partiyanın qısa adı, öz təşəbbüsü ilə və ya bilavasitə seçicilər tərəfindən irəli sürülən qeydə alınmış namizədin öz arzusu ilə partiya mənsubiyyəti göstərilməlidir.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.6-cı, 25.2.11-ci, 28.2-ci, 28.4-cü, 99-cu və 199-cu maddələrinə uyğun olaraq qərara alır:

1. 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində mövcud seçki dairələri üzrə bir-bir və ardıcıl olaraq kəsilən yuxarı sol küncü nömrələnmiş, namizədlər barəsində məlumatlardan sağda boş kvadrat, yuxarıda doldurulması qaydası haqqında izah, yuxarı sağ küncündə möhür yeri, aşağı sağ küncündə isə ləğvetmə xətti yerləşdirilmiş, habelə qeydə alınmış hər bir namizədin əlifba sırası qaydasında soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yeri, əsas iş və ya xidmət yeri (bu olmadıqda - fəaliyyət növü), onları irəli sürmüş subyektlərin adı, siyasi partiyalar (siyasi partiya blokları) tərəfindən namizədliyi irəli sürülən qeydə alınmış namizədin mənsub olduğu siyasi partiyanın qısa adı, öz təşəbbüsü ilə və ya bilavasitə seçicilər tərəfindən irəli sürülən qeydə alınmış namizədin öz arzusu ilə partiya mənsubiyyəti göstərilmiş seçki bülleteninin mətni və forması təsdiq edilsin.

2. Ölkə üzrə qeydə alınmış seçicilərin ümumi sayından 3 faiz artıq olmamaqla, cəmi 6 524 203 (altı milyon beş yüz iyirmi dörd min iki yüz üç) ədəd seçki bülleteni Azərbaycan Respublikası Milli Məclisinin mətbəəsində Mərkəzi Seçki Komissiyasının təmsilçiliyə uyğun 3 üzvünün müşahidəsi altında mətbəə üsulu ilə hazırlansın.

3. Qərarın icrası öz səlahiyyətləri daxilində Mərkəzi Seçki Komissiyasının Katibliyinə və Milli Məclisin mətbəəsinə həvalə edilsin.

4. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr                            Məzahir Pənahov

Katib                            Arifə Muxtarova

Katib                            Mikayıl Rəhimov