Ali Rada sədrinin müavini: Ukrayna Azərbaycanın humanitar töhfəsini yüksək qiymətləndirir
Siyasət

Ali Rada sədrinin müavini: Ukrayna Azərbaycanın humanitar töhfəsini yüksək qiymətləndirir

Biz Azərbaycanın Ukraynanın minalardan təmizlənməsinə verdiyi humanitar töhfəni yüksək qiymətləndiririk. Bu, bizim üçün böyük sınaqdır. Bizim azərbaycanlı dostlarımız işğal olunmuş ərazilərin minalardan təmizlənməsində nəinki böyük təcrübəyə malikdirlər, həm də xüsusi texnika istehsal edirlər.

"Respublika" xəbər verir ki, bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyevlə görüşdə Ali Rada sədrinin müavini Olena Kondratyuk söyləyib.

O xatırladıb ki, Azərbaycan bu yaxınlarda Ukrayna xilasedicilərinə öz istehsalı olan “Revival P” tırtıllı minatəmizləmə maşını təhvil verib. Ukraynalı mütəxəssislər üçün də treninqlər keçirilir.

Vitse-spiker Ukraynaya humanitar yardımı davam etdirdiyinə və müharibədən zərər çəkmiş rayonlardan olan ukraynalı uşaqları Bakıda istirahətə qəbul etdiyinə görə Azərbaycana təşəkkürünü bildirib.

Söhbət zamanı parlament diplomatiyasının gücləndirilməsi məsələsi də müzakirə olunub.

“Ukrayna Ali Radası ilə Milli Məclis arasında parlamentlərarası əməkdaşlığın inkişafı, xüsusilə də qarşılıqlı səfərlərin təşkili və beynəlxalq tədbirlərdə birgə iştirak üçün Azərbaycanın Ukraynadakı səfirliyi ilə sıx əməkdaşlığı davam etdiririk”, - deyə Olena Kondratyuk vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.