Qarabağ Universiteti – gələcəyin elm məbədi
Elm və təhsil

Qarabağ Universiteti – gələcəyin elm məbədi

Qədim tarixi olan və Qarabağın ən füsunkar guşəsində yerləşən Xankəndi şəhərində üçrəngli bayrağımız qürurla dalğalanır. Qeyd edək ki, Xankəndi ötən ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra azad edilib və uzun illər burada kök salmış separatçıların çoxunun qolu qandallanıb. Hazırda Xankəndidə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan Qarabağ Universiteti bu qədim şəhərdə fəaliyyət göstərəcək. Artıq bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir, universitet binasında və tələbə yataqxanalarında təmir işləri başa çatdırılır. Bir sözlə, Qarabağ Universiteti tələbələrini qarşılamağa hazırlaşır. Qeyd edək ki, Qarabağ Universitetində 6 fakültə, 25 ixtisas üzrə tədris aparılacaq. İlkin mərhələdə 1200 tələbənin qəbulu nəzərdə tutulur.

Universitetin yataqxanasına sentyabr ayında mindən çox tələbə yerləşdiriləcək. Mənzil tipli yataqxanalarda hər cür şərait yaradılıb. Qarabağ Universitetində daimi əsaslarla işləyən müəllimlər, o cümlədən digər əməkdaşlar da tədris ilinin əvvəlindən başlayaraq işlədikləri müddətdə mənzil tipli yataqxanalarla təmin olunacaqlar. Qeyd edək ki, universitetdə işləmək istəyən müəllimlərin sayı heç də az deyil. Artıq Azərbaycan dili, tarix, riyaziyyat, data analiktikası, iqtisadiyyat, fizika, hüquqşünaslıq, psixologiya və sosiologiya istiqamətləri üzrə müəllim vakansiyası elan edilib. Yeni tədris ili ilə əlaqədar Qarabağ Universitetinin rektoru Şahin Bayramov Ağdam rayonunda məzunlarla görüş keçirib. Ağdam Muğam Mərkəzində keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, təhsil işçiləri, buraxılış imtahanlarında 200 baldan çox nəticə göstərən on birinci sinif şagirdləri iştirak ediblər.

Tədbirdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının və ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən natiqlər tarixi torpaqlarımız olan Qarabağda elmə və təhsilə hər zaman xüsusi diqqət və qayğı göstərilməsindən, ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılmasının işğaldan azad olunmuş ərazilərimizin yenidən bərpası istiqamətində atılan ən önəmli addımlardan biri olduğunu qeyd ediblər. Bildirilib ki, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə yenidən qurulan Qarabağ Universiteti Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkədə elmin və təhsilin inkişafına verdikləri dəyərin, diqqət və qayğının bariz nümunəsidir.

Görüşdə universitetin rektoru Şahin Bayramov buraxılış imtahanlarında yüksək nəticə göstərən on birinci sinif şagirdləri ilə Qarabağ Universitetinə tələbə qəbulu ilə bağlı maarifləndirici söhbət aparıb, universitetin üstünlükləri, ixtisasları, tədris prosesi, müəllim heyəti, xüsusi təqaüd imkanları, yataqxanası barədə ətraflı məlumat verib. İşgüzar və dialoq şəraitində keçən görüşdə abituriyentləri maraqlandıran suallara ətraflı cavablar verilib. Sentyabr ayında Qarabağ Universitetində dərs gününün başlanması ilə əlaqədar ilk zəng çalınacaq. Bu zəng tələbələri, gələcəyi yaradanları auditoriyalara səsləyəcək.

Salman ALIOĞLU,

"Respublika".