Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

"Susmaq qızıldır" deyimi təkzib edildi

İnsanlar arasında belə bir deyim var: "Danışmaq gümüşdürsə, susmaq qızıldır". Bəzi insanlar da  bu prinsipə əməl edərək ətrafdakıların onları bəyənməsi üçün susmağa daha çox üstünlük verirlər.   "Personality and Social Psychology Bulletin" jurnalda dərc edilən araşdırmaya görə,  insanlar xüsusilə ilk tanışlıqda daha çox susmalı olduqlarına inanırlar. Ancaq tapıntılara görə bu yanlış fikirdir.

Virciniya Universitetinin sosial psixoloqu Quinn Hirschi və həmkarları bu durumu "susqunluq qərəzi" adlandırırlar. Elm adamlarına görə, söhbət əsnasında çox danışmaq birini əslində xoşagəlməz göstərmir, əksinə daha sevimli edir.

İki mərhələdə həyata keçirilən tədqiqatda əvvəlcə 95 bakalavr tələbəsi, daha sonra isə 110 respondent iştirak edib. İlkin olaraq onlardan  tanımadıqları biri ilə söhbət etmələri istənilib. Mütəxəssislər iştirakçıların doldurduqları anketləri araşdırdıqdan və onların davranışlarını müşahidə etdikdən sonra onların qarşı tərəfi heyran etmək üçün susmağa daha çox  üstünlük verdiklərini ortaya çıxarıblar.

"Bəzi insanlar özləri barədə danışmağı sevsələr də, bəziləri az danışmaqla ətrafdakıların  daha çox rəğbətini qazanacaqlarına inanırlar. Lakin bu, belə deyil. Tapıntılarımız göstərir ki, insanlar nə qədər çox danışarsa, bir o qədər sevimli olar. Əlbəttə ki, bütün söhbətlər zamanı çox danışmağın ən yaxşı strategiya olduğunu söyləyə bilmərik. Biz insanları sadəcə  güvənsizlikdən bir az uzaqlaşdırmağa çalışırıq", - deyə psixoloq qeyd edib.

 

Ölkələrin ən absurd qadağaları

Dünyanın  bəzi  ölkələrində elə qəribə qadağalar hökm sürür ki, təəccüblənməmək mümkün  deyil. Çox maraqlıdır ki,  bu qadağalar həmin ölkələrdə olduqca normal qarşılanır. Bəzi qanunların əksəriyyəti bu gün ciddi şəkildə tənzimlənməsə də, hələ də qüvvədədir.

Məsələn, Fransanın qatar stansiyalarında öpüşmək qadağandır. SNCF - yəni Fransa dəmiryolları, sərnişinlərin yola salınması nəticəsində yaranan gecikmələr səbəbi ilə belə bir qanuna əl atıb.

Paris küçələrində nəinki təcili yardım, yanğınsöndürən və ya polisə, hətta adi  soğan daşıyana  belə yol vermək lazımdır.

Əgər şəkərli diabetiniz varsa, Avropa İttifaqı ölkələrində avtomobil idarə edə bilməzsiniz. Bu səbəbdən təxminən  1 milyona yaxın sürücünün bu qaydalara riayət etmədiyi üçün  cəza aldığı deyilir.

Nyu-Yorkda kostyum gecəsi təşkil etmək  istəyirsinizsə, əvvəlcə merdən icazə almalısınız. Bazar günləri isə Alabamada domino oynamaq yasaqlanıb.

Rusiyada çirkli maşın sürmək olmaz. Bu qanunun verilməsinə səbəb kimi polisin avtomobillərin nömrələri torpaqla örtüldüyünə görə yol hərəkəti qaydalarını pozanları tuta bilməməsi göstərilib.

Çinin xalq azadlıq ordusunda bədənində tatuajı olan cavanlar qulluq edə bilməz. Bədənin görünməyən nahiyələrində  isə 3 santimetrdən artıq tatuajlar qadağandır. Bu hələ harasıdır? Şanxaylılara bir-birinə qarğış etmək  də qadağan edilib.  Estoniyada isə  evin qarşısındakı otun,  hətta odun qalağının da hündürlüyünə məhdudiyyət qoyublar. Odun qalağı 3 metrdən, ot isə 25 santimetrdən hündür ola bilməz. Bu, hələ azmış kimi, Estoniyanın qanunvericiliyi pəncərədən bayıra çıxarılmış predmetlər və qida məhsullarına görə də vətəndaşları cərimələyən qanun hazırlayıb. Cərimə də nə az, nə çox 385 dollar həcmindədir.

 

Kenqurular haqda bunları bilirdinizmi?

Heyvanlar aləminin ən məşhur canlılarından biri də  kenqurulardır. Əsasən Avstraliya qitəsində yaşayan bu heyvanlar özünəməxsus qeyri-adi xüsusiyyətləri, qidalanma və çoxalmalarına görə digərlərindən seçilirlər.

Demək olar ki, hər kəs tərəfindən sevilən və digər canlılardan bədən quruluşu ilə  fərqlənən bu heyvanların  uzunluğu 2, quyruqlarının  uzunluğu  isə 1,5 metrə qədər çata bilir. Dəvələr kimi susuzluğa davamlı olan kenqurular, hətta su içmədən aylarla yaşaya bilirlər. Onların tər vəziləri olmadığı üçün isti havada  sərinləyə bilmirlər. Bu səbəbdən də sərinləmək üçün daim ön ayaqlarını yalayırlar.

Maraqlıdır ki,  tullanaraq hərəkət edə bilən ən böyük heyvan növü olan kenqurular geriyə doğru hərəkət edə bilmirlər. Çünki tullanmaq və tarazlıqlarını saxlamaq üçün daim güclü quyruqlarından dəstək alırlar. Ortalama  ömürləri  4-6 il arasında olsa da, dünyanın ən uzunömürlü kenqurusunun 23 il yaşaya bildiyi müəyyən edilmişdir.

Avstraliya qitəsində təxminən 60 milyon kenquru yaşayır. Bu qədər çox olmalarının  ən böyük səbəbi isə dişi kenquruların demək olar ki, hər zaman bala verə bilməsidir. Balalarını qarınlarındakı kisədə böyüdən bu heyvanlar körpə kenquru kisədən çıxdıqdan qısa müddət sonra yenidən hamilə qala bilirlər. Dişi kenquruların  başqa bir maraqlı xüsusiyyəti isə  onların  balaları kisədən çıxana qədər hamiləliyi gecikdirə bilməsidir. Hətta onlar dünyaya gətirəcəkləri  balalarının cinsiyyətini belə özləri müəyyən edirlər.

Digər  xüsusiyyətlərindən biri də onların   solaxay olmasıdır. Onlar demək olar ki, bütün hərəkətlərini sol əlləri ilə həyata keçirirlər.

Kenquruların mədə-bağırsaq sistemində maraqlı  bir bakteriya növü yaşayır ki, bu da qidanın həzmi nəticəsində meydana gələn metan qazının əmələ gəlməsinə mane olur. Bu xüsusiyyətinə görə, kenqurular ekoloji cəhətdən ən  təmiz heyvan hesab edilir.

 

Bizi biz edən bu hormon imiş?

Gündəlik həyatda rastlaşdığımız hadisələrə qarşı  biri-birimizdən tamamilə fərqli duyğular yaşadığımız kimi, fərqli də emosional reaksiyalar verə bilirik. Yəni bu insandan-insana dəyişir. Bəzilərimiz  çox kiçik duyğuları çox böyük hisslərlə yaşarkən, bəzilərimiz isə  ağrı-acını və xoşbəxtliyi daxilimizdə, ətrafdakılara  heç bir şey yansıtmadan yaşayırıq. Bu səbəbdən də insanları "duyğulu" və "duyğusuz" olaraq iki təbəqəyə ayırırıq. Əslində, insanları bu cür sinifləndirmək düzgün deyil. Çünki aşırı duyğusal insanların bəziləri  hisslərini ətrafdakılara büruzə vermədən daxilində yaşayır. Bəs daxilimizdə hiss etdiklərimizin  bioloji səbəbi olduğunu bilirsinizmi?

Əslində, yaşadığımız bütün duyğular bədənimizdə ifraz olunan hormonlar, kimyəvi maddələrlə əlaqədardır. Yəni bu hormonlar üzündən xoşbəxt və ya bədbəxt ola bilərik. Üstəlik vücudumuzda baş verən dəyişikliklər və yediyimiz qidalar da əhvalımıza düşündüyümüzdən çox təsir edə bilər. Bunların ən başında isə dopamin hormonu gəlir. Bu hormon  əhval-ruhiyyəmizdən tutmuş hərəkətlərimizə, qavrayışımıza qədər bir çox məqamlara  təsir edir.

Sinir hüceyrələri arasında əlaqəni təmin edən dopamin  hərəkət funksiyaları, münasibətlərin tənzimlənməsinə səbəb olur. O, orqanizmimizdə az və ya çox ifraz olunduğu hallarda müxtəlif psixoloji xəstəliklərə də gətirib çıxarır. Öyrənmə və yaddaşımıza böyük təsir edən  dopamin motivasiyamızı  tənzimləməklə yanaşı,  diqqətin yönəldilməsi, əhval-ruhiyyənin  dəyişməsinə də səbəb olur. Həddindən artıq yuxuya və ya yuxusuzluğa da təsir etməklə hərəkət funksiyalarının təmin edilməsində böyük rol oynayır.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".