DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

LAVROV FRANSIZ HƏRBÇİLƏRİ RUSİYA ORDUSUNUN QANUNİ HƏDƏFİ ADLANDIRIB

“Ukraynada təlimçi və ya muzdlu kimi fəaliyyət göstərən istənilən fransız hərbi qulluqçusu Rusiya ordusu üçün qanuni hədəfdir”. “Sputnik” informasiya agentliyinin xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransı zamanı bəyan edib.

Rusiyanın baş diplomatının sözlərinə görə, fransalı təlimatçıların artıq Ukraynada işlədiyini deməyə əsas var. Nazir bildirib ki, bunu sübut edən çoxlu faktlar mövcuddur.

“Onlar kim olur-olsunlar - Fransa silahlı qüvvələrinin üzvləri və ya sadəcə muzdlular, silahlı qüvvələrimiz üçün tamamilə qanuni hədəfdirlər”, - deyə Lavrov vurğulayıb.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron dəfələrlə Fransa qoşunlarını Ukraynaya göndərməklə hədələyib.

“The Washington Post” nəşri bildirib ki, Rusiya prezidenti Vladimir Putin Parisin öz təlimatçılarını Ukraynaya göndərmək qərarına cavab olaraq Rusiya Silahlı Qüvvələrinə onlara zərbələr endirmək əmri verə bilər.

CƏNUBİ KOREYA KXDR-LƏ SƏRHƏDDƏ HƏRBİ FƏALİYYƏTLƏRİ BƏRPA EDİR

Cənubi Koreya Şimali Koreya ilə 2018-ci il bağlanmış hərbi deeskalasiya sazişini tam dayandırdıqdan sonra iki ölkə arasındakı hərbi demarkasiya xətti yaxınlığında və şimal-qərb adalarında hərbi fəaliyyətləri bərpa etməyi qərara alıb. “Trend” agentliyinin xəbərinə görə, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyi açıqlama yayıb.

Məlumata əsasən, bu qərar ölkə prezidenti Yun Sok Yolun Şimali Koreyanın son günlərdə hava şarları ilə Cənubi Koreyaya zibil göndərməsinə cavab olaraq hərtərəfli hərbi sazişin tamamilə dayandırılması təklifini dəstəkləməsindən sonra verilib. Nazirlik ölkə əhalisinin sağlamlığını qorumaq üçün bütün lazımi addımların atılacağını bəyan edib.

"Bu vəziyyətin yaranmasında bütün məsuliyyət Şimali Koreya rejimindədir və Şimal əlavə təxribat törətməyə çalışsa, ordumuz möhkəm Cənubi Koreya və ABŞ birgə müdafiə mövqeyinə əsaslanaraq sərt cavab tədbirləri görəcək”, - deyə Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunur.

MACARISTAN XİN RƏHBƏRİ R.FİTSOYA QARŞI SUİ-QƏSDİN SƏBƏBLƏRİNİ AÇIQLAYIB

Slovakiyanın baş naziri Robert Fitsoya qarşı sui-qəsd onun siyasi rəqiblərinin başlatdığı nifrət kampaniyasının nəticəsi idi. Bunu Belarusun “ONT” telekanalına müsahibəsində Macarıstanın xarici işlər naziri Peter Siyarto bəyan edib.

“Baş nazir Fitsonun seçkilərdə qalib gəlməsindən sonra məlum oldu ki, bu hökumət əvvəlki liberal hökumətdən fərqli bir kurs həyata keçirəcək. Baş nazir kifayət qədər suveren siyasət yürüdür və bizim kimi sülhü müdafiə edəcək. Bu səbəbdən ona qarşı böyük nifrət kampaniyası başlayıb”, - deyə Macarıstanını XİN rəhbəri bildirib.

Eyni zamanda, Peter Siyarto vurğulayıb ki, XXI əsrin əvvəllərində Mərkəzi Avropada baş nazirə beş güllə atılması sadəcə ağılsızlıqdır.

Xəbər verilir ki, hazırda Robert Fitso evində tibbi reabilitasiya kursu keçir.

Xatırladaq ki, mayın 15-də Slovakiyanın baş naziri hökumətin iclasını tərk etdikdən sonra onun həyatına sui-qəsd olub. 71 yaşlı yazıçı Yuray Tsintula baş nazirə 5 dəfə atəş açıb.

İMRAN XAN BƏRAƏT ALSA DA HƏBSDƏ QALACAQ

Pakistanın keçmiş baş naziri İmran Xan dövlət sirrini açıqlamaq ittihamı ilə 10 il həbs cəzası verilən işdə bəraət alıb. Xəbər verilir ki, 2023-cü ilin avqust ayından həbsdə olan İmran Xan bununla belə, ona qarşı irəli sürülən qanunsuz nikah ittihamı ilə həbsxanada qalmaqda davam edəcək.

Sabiq baş nazirin vəkillərinin verdiyi açıqlamaya görə, İslamabad Ali Məhkəməsi İmran Xana bəraət verib. Bildirilir ki, eyni işdə təqsirli bilinən sabiq xarici işlər naziri Şah Mahmud Qureşi də bəraət alıb.

İmran Xan Pakistanın Vaşinqtondakı səfirinin göndərdiyi məxfi sənədin məzmununu ictimaiyyətə açıqlamaqda və ondan siyasi məqsədlər üçün istifadə etməkdə ittiham olunurdu.

Bununla yanaşı, Pakistan məhkəməsi boşandıqdan sonra yeni evlilik üçün gözləməli olduğu müddətdən əvvəl ailə qurmasını əsas gətirərək, İmran Xana qanunsuz nikaha girmək ittihamı verib. İmran Xan və həyat yoldaşı Buşra Xanın hər biri qanunsuz nikah bağladıqları ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

HAKAN FİDANDAN TERRORÇULARA SƏRT MESAJ

“Bölgədə daimi sülh və təhlükəsizlik üçün terrorla mübarizə vacibdir. Türkiyə də bu məqsədlə FETÖ, PKK/PYD/YPG və İŞİD kimi terror təşkilatlarını məhv etmək üçün hərbi, iqtisadi, diplomatik və digər vasitələrdən istifadə edir”. “Teleqraf.com”un xəbərinə görə, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan bəyan edib.

Eyni zamanda, PKK/PYD/PYG-nin bölgədə sabitliyi ən çox pozan terror təşkilatları olduğunu, İraq və Suriyadan Türkiyəyə hücumlarını davam etdirdiyini dilə gətirən nazir bu təşkilatların separatçı gündəmlərinə (ərazi iddiaları) də diqqət çəkib.

Hakan Fidan Suriyanın terror təşkilatlarının evinə çevrilməməsi üçün maksimum səy göstərdiklərini vurğulayıb: “Münaqişənin Suriyanın ərazi bütövlüyü və birliyi əsasında siyasi proseslə həllini dəstəkləyirik. Həmçinin suriyalıların öz ölkələrinə könüllü, təhlükəsiz və ləyaqətlə qayıtmasını təşviq etmək üçün çalışırıq”.

Türkiyənin baş diplomatı ölkəsinin Orta Asiya ölkələri ilə əlaqələrindən danışaraq, bunun Ankaranın xarici siyasətinin əsas istiqamətlərindən birini təşkil etdiyini qeyd edib.

İTALİYA RƏSMİSİNDƏN MAKRONA TƏKLİF: GET UKRAYNADA ÖZÜN DÖYÜŞ

İtaliya baş nazirinin müavini, nəqliyyat və infrastruktur naziri Matteo Salvini Fransa prezidenti Emmanuel Makrona təklif edib ki, Ukraynada döyüşməyə özü getsin. “Trend” agentliyinin xəbərinə görə, Salvini seçki tədbirlərinin birində Makronun NATO qoşunlarının Ukraynaya göndərilməsi təklifi ilə bağlı sualı cavablandırarkən deyib: “Qoy dəbilqə taxıb gedib Ukraynada özü döyüşsün”.

Bununla yanaşı, Matteo Salvini Fransa prezidenti Emmanuel Makronu Avropanı Rusiya ilə müharibəyə sürükləməkdə ittiham edib. O, bildirib ki, ölkəsi heç bir şəkildə hərbçilərini Ukraynaya göndərmək niyyətində deyil.

Hakim koalisiyadakı Liqa partiyasının lideri olan Salvini “Messaggero” qəzetinə müsahibəsində deyib: “Əgər biz suverenliyimizi Avropaya güzəştə getsək, bizim uşaqlar Makronun günahı ucbatından döyüş meydanında olacaqlar”.

Matteo Salvini daha sonra “X” sosial şəbəkəsində Makronun hərbi kamuflyajda, dəbilqə taxmış və əlində avtomat olan fotomontajını yerləşdirərək Avropa Parlamentinə iyunun 8-9-da keçiriləcək seçkilərdə partiyasına səs verməyə çağırıb.

“HİZBULLAH”IN HÜCUMLARI İSRAİLİN ŞIMALINDA YANĞINLARA SƏBƏB OLDU

Livandan buraxılan mərmilər və dronların hücumları nəticəsində İsrailin şimalında yanğınlar başlayıb. Yanğını söndürərkən İsrail Müdafiə Qüvvələrinin ehtiyatda olan altı əsgəri zərər çəkib. Bu barədə “The Times of Israel” nəşri İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinə istinadən xəbər verib.

Açıqlamaya görə, ölkənin Yanğınsöndürmə və Xilasetmə Xidməti bildirib ki, Kiryat Şmona şəhərində və Kfar-Giladi kibutsunda bir neçə ev yanıb. Bundan başqa, Livanla həmsərhəd Qalileya bölgəsində də alovlanma ocaqları qeydə alınıb. Ümumilikdə yanğının söndürülməsinə 30-dan çox yanğınsöndürmə briqadası cəlb olunub.

“Biz yanğınları nəzarət altına ala bildik və indiki mərhələdə insanların həyatı üçün təhlükə yoxdur”, - deyə İsrail ordusunun mətbuat xidməti açıqlayıb.

İsrailin Müdafiə Qüvvələrinin məlumatına görə, ehtiyatda olan altı hərbçi yanğınları söndürərkən zərər çəkib. Onlara dəm qazından zəhərlənmə diaqnozu qoyulub və yaralılar tibbi yardım göstərilmək üçün xəstəxanaya yerləşdirilib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.