Türk dövlətlərini “Made in Turan
Siyasət

Türk dövlətlərini “Made in Turan" brendi də birləşdirəcək

Türk dünyasının birliyi ideyası nəhayət ki, zəmanəmizdə - XXI əsrin əvvəllərində reallaşdı. Arzularda, ümidlərdə cücərən bu məqsəd öz nəticəsini verərək ilk işartılarını göstərdi. Cənubi Azərbaycanda olan 35 milyondan artıq soydaşımız, digər böyük coğrafiyaları əhatə edən Türk xalqları nəhayət ki, vahid ad altında birləşib, birgə addımlayacaqlar. Turançılıq türk xalqlarının öz müstəqilliyi, milli müqəddəratlarının təyini və təsdiqi uğrunda mütərəqqi ideologiyadır. Artıq bu istiqamətdə  müəyyən addımlar atılıb. TÜRKSOY-un yaradılması da bu ideyanın gerçəkləşməsi üçün olduqca böyük əhəmiyyətə malikdir. Hələ 30 il öncə - 1993-cü il iyulun 12-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın mədəniyyət nazirlərinin iştirakı ilə Almatı şəhərində keçirilən toplantıda "Türk Kültür və Sənətləri Ortaq Yönətimi"nin (TÜRKSOY) yaradılması haqqında saziş imzalanıb. Qurum 2009-cu ildən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı adlanır. Təşkilatın katibliyi Ankara (Türkiyə) şəhərində yerləşir.

Təşkilat türkdilli xalqların sosial-mədəni oxşarlığının bir araya gətirilməsi, ortaq türk mədəniyyətinin, dilinin, tarixinin, incəsənətinin, adət-ənənələrinin, mədəni irsinin qorunması, araşdırılması, inkişaf etdirilməsi, dünyada tanıdılması və gələcək nəsillərə ötürülməsi məqsədilə yaradılıb. TÜRKSOY qardaş xalqların ortaq mədəniyyətini, söz və sənət dəyərlərini vahid çətir altında bir araya gətirərək təbliğ edir. Bu işdə Azərbaycan da yaxından iştirak edir. TÜRKSOY ölkəmizlə bağlı çoxsaylı birgə layihələr həyata keçirib. Təşkilatın "Türk dünyasının mədəniyyət paytaxtı" layihəsi iki dəfə Azərbaycanda reallaşıb. 2016-cı ildə Şəki şəhəri, 2023-cü ildə isə "Türk dünyasının mədəniyyət paytaxtı" missiyasını Şuşa şəhəri həyata keçirib. Ümumiyyətlə, iyirmi ildə prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın səyləri sayəsində Türk Dövlətləri Təşkilatı, TÜRKSOY böyük inkişaf yolu keçmişdir.

Vahid ideologiya uğrunda gerçəkləşdirilən layihələr sadəcə ədəbi-mədəni mühiti deyil, bütün sahələri əhatə edir. İndi Türk dövlətlərini beynəlxalq əhəmiyyətli dəhlizlər də birləşdirir. Çindən başlayan və Avropaya qədər uzanan dəhlizlərin ikisi Qazaxıstandan keçir. Birincisi Çin-Qazaxıstan-Azərbaycan-Türkiyə-Avropa Birliyi, ikincisi isə Çin-Monqolustan-Qazaxıstan-Rusiya-Belarus-Avropa Birliyi marşrutlarını əhatə edir.

"Bir kəmər, bir yol" layihəsi, daha dəqiq desək, onun Çin-Orta Asiya- Qərbi Asiya (CCWAEC) marşrutu üzərində Qazaxıstandan sonra ikinci ölkə Azərbaycandır. Layihə bu iki ölkənin dəmir yollarının daha sıx inteqrasiyasını təmin edir. Hələ 2017-ci ilin aprelində Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfəri çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC ilə Qazaxıstan Dəmir Yolları Milli Şirkəti arasında logistika və dəmir yolu nəqliyyat maşınqayırması sahəsində strateji əməkdaşlıq haqqında Saziş" imzalanıb. Bu baxımdan, həm Azərbaycan, həm də Qazaxıstanda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, tranzit potensialının artırılması üçün böyük işlər həyata keçirilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, eləcə də Vətən müharibəsindən sonra tikintisinə start verilən Mincivan-Naxçıvan-Qars dəmir yolu, o cümlədən Qazaxıstanda dəmir yolları və limanların genişləndirilməsi bu istiqamətdə əməkdaşlığın inkişafı və birgə layihələrin icrası üçün geniş imkanlar yaradır. Bu gün Çindən Avropaya qədər uzanan və Turanın iki can damarından birini təşkil edən Çin-Orta Asiya-Qərbi Asiya (CCWAEC) marşrutunun başqa bir önəmi də onun həm də hazırda Çinin tərkibində olan Şərqi Türküstandan keçməsidir.

Əgər tarixə nəzər salsaq görərik ki, Orxon-Yenisey abidələri Turanın həm də təməl daşıdır. Türk dövlətləri bu gün Turan ideyasını gerçəkləşdirməklə qədim kökləri şaxələndirir. Bir ideya və məfkurə uğrunda birləşən Turan elləri öz vahidliyini Azərbaycanın erməni işğalına qarşı apardığı 44 günlük Vətən müharibəsində və ondan sonrakı dönəmlərdə də göstərdi. "Ortaq türk keçmişindən - Ortaq türk gələcəyinə!". Bu, təkcə dövrümüzün şüarı deyil, həm də Turana gedən yolun istiqamətidir. Bizi siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlıq birləşdirir. Türk dünyası ölkələrinin tarixi İpək Yolunun üzərində yerləşməsi Şərq və Qərb arasında artmaqda olan ticarət dövriyyəsində də önəmli rola malikdir.

Türk Dövlətləri Təşkilatına üzv ölkələr bu gün qlobal və regional miqyasda strateji hesab olunan Orta Dəhlizin üzərində yerləşir. Bu ölkələrin vahid markalaşmaya keçid etməsi isə onların istehsal etdikləri məhsula, göstərdikləri xidmətə qarşı marağı daha da artıracaq. Bu istiqamətdə yaxın günlərdə atılan daha bir uğurlu addım Turanın dünyada tanınmasına böyük töhfədir. "Made in Turan" brendinin yaradılmasında məqsəd türkdilli ölkələr arasında mövcud investisiya imkanlarının öyrənilməsi, brendlərin beynəlxalq mühitə inteqrasiyasının təşkili, şirkətlər arasında kommersiya əlaqələrinin inkişaf etdirilməsi və möhkəmləndirilməsidir. Türkdilli dövlətlər arasında yaradılan bu vahid brend məsuliyyətin istehsal olunan məhsulların keyfiyyətinin artırılmasına gətirib çıxaracaq. Mayın 2-3-də Bakıda keçirilən "2024-cü il Türkdilli Dövlətlərin İqtisadi Forumu"nda qoyulan əsas məsələ türkdilli ölkələrin brendlərini dünyada tanıtmaq məqsədi daşıyırdı. Mayın 17-də isə Qazaxıstanda Azərbaycanın təşəbbüsü ilə türk dünyası markalarını birləşdirən "Made in Turan" brendi yaradılıb. "Made in Turan" markası Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin istehsal etdiyi məhsulların vahid markalanmaya keçidi deməkdir. Artıq Cənubi Koreya, Kanada və Türkiyədən bu markanın tətbiqi ilə bağlı müraciətlər var. Türk dövlətlərinin "Turan" markası adı altında məhsul ixrac etməsi istehsal edilən malların dünya bazarlarında tanınması və faydalanmasına böyük təkan verəcək.

Ramidə YAQUBQIZI,

"Respublika".