Müstəqil Azərbaycanın qurucusu
Siyasət

Müstəqil Azərbaycanın qurucusu

Heydər Əliyev və Azərbaycanı bir-birindən ayırmaq qeyri-mümkündür. Çünki Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır. Bu baxımdan, Heydər Əliyev əbədi olaraq yaşayacaqdır.

Ümummilli Lider Heydər Əliyev xalqımız və dövlətimiz üçün yeni bir tarix yaratdı. Bu, tarix Azərbaycanı dünyada nüfuzlu ölkəyə çevirdi və onu qələbəyə apardı. Bu baxımdan, Heydər Əliyevin müxtəlif ictimai-siyasi formasiyalarda Azərbaycana rəhbərlik etdiyi hər bir dövr dövlətimizin və xalqımızın taleyində həlledici mərhələ olmuşdur. Ona görə də biz inamla deyə bilirik ki, Heydər Əliyev Azərbaycanın taleyində mühüm əhəmiyyət daşıyan iki tarixi dövrün Ümummilli Lideridir.  Əslində dövlətçilik və xalqa bağlılıq Heydər Əliyevin ruhunda olmuşdur. Hətta Azərbaycana rəhbərlik etməzdən əvvəl də Vətənə bağlılıq və xalqın mənafeyinin qorunub saxlanılması, milli maraqları önə çəkməsi Heydər Əliyevin fəaliyyətinin hər bir dövrünü əhatə edir.

Keçmiş SSRİ hakimiyyəti üçün Azərbaycanın inkişaf etməsi o qədər də maraqlı deyildi. Çünki onlar üçün maraqlısı Azərbaycanın təbii resurslarından maksimum istifadə olunması və xalqımızı özlərinin əlaltısına çevirmək idi. Amma 1969-cu ildə Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbər təyin olunmasından sonra vəziyyət kökündən dəyişməyə başladı. Azərbaycanda şaxələndirilmiş inkişafa başlanıldı, aqrar sahə ilə sənaye dirçəldildi. Ölkədə yeni sənaye müəssisələri açıldı. Heydər Əliyevin rəhbərlik etdiyi qısa bir dövrdə Azərbaycan ittifaq miqyasında dotasiya alan respublika səviyyəsindən çıxaraq özünü təmin edən və ümumittifaq büdcəsinə vəsaitlər ödəyən ikinci respublikaya çevrildi.

Heydər Əliyev iqtisadi inkişafı ölkə həyatının digər sahələri ilə paralel aparırdı. Belə ki, Ulu Öndəri çox narahat edən məsələlərdən biri də Azərbaycan dilinin dövlət dili olmaması idi. Sovetlər dövründə belə bir ideya ilə çıxış etmək çox təhlükəli sayılırdı. Amma Heydər Əliyev heç nədən çəkinməyərək israrla 1978-ci ildə Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir"  bəndini əlavə etdi. Beləliklə, Azərbaycan dili respublikada rəsmi dil statusunu aldı. Halbuki o dövrdə Azərbaycandan daha böyük və əhalisi çox olan respublikalar belə bir məsələni heç gündəmə də gətirə bilmirdi. Bu, Heydər Əliyevin xalq qarşısında böyük xidməti idi.

Heydər Əliyev həm də dövlət idarəetmə sisteminin idarəçiliyində milli kadrları önə çəkir və Azərbaycanın gələcəyini də düşünərək milli kadr potensialı yaradırdı. Belə ki, 1970-1980-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə gənclərimiz ittifaqın aparıcı universitetlərinə təhsil almağa göndərilmiş və 15 mindən çox yüksəkixtisaslı mütəxəssis yetişdirilmişdi. O cümlədən milli hərbi kadrların yetişdirilməsini vacib hesab edən dahi Lider Bakıda Naxçıvanski hərbi məktəbinin də açılmasına nail oldu. Ulu Öndər uzaqgörənliklə hiss edirdi ki, Azərbaycan müstəqilliyə qovuşacaq və hərbi kadrlara ehtiyac yaranacaqdır. Məhz Ulu Öndərin uzaqgörənliyi sayəsində yaradılmış bu hərbi təhsil ocağı müstəqilliyimizə qovuşandan sonra milli ordumuzun hərbi kadrlarla təmin edilməsində və idarə olunmasında həlledici rol oynadı.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ermənilər heç zaman baş qaldıra bilmirdilər. Halbuki onların içində Azərbaycana qarşı düşmənçilik və torpaqlarımızı ələ keçirmək niyyəti hər zaman olmuşdur. Heydər Əliyevin hakimiyyətdən uzaqlaşdırılması düşmənlərimizin əlinə fürsət verdi  və xalqımıza qarşı öz çirkin niyyətlərini həyata keçirdilər. Beləliklə, 1980-ci illərin sonundan başlayaraq  Ermənistandan 300 minə yaxın azərbaycanlının deportasiyası, 20 Yanvar qətliamı, Sumqayıt hadisələri, ölkədə separatçılığın baş qaldırması, Qarabağdan başlayaraq torpaqlarımızın işğal olunması  düşmənlərimizin çirkin planlarının tərkib hissəsi idi.

Müstəqilliyə təzə qovuşmuş respublikanın rəhbərliyində səriştəsiz adamların olması ölkəmizi yeni təhlükələrlə üz-üzə qoydu. Hətta  əraziləri işğal olunduğu halda Azərbaycan işğalçı kimi qələmə verildi. Belə ağır durumda təbii ki, qətiyyətli qərarlar qəbul edə bilən, təcrübəli, uzaqgörən və ölkəni düşdüyü bu təhlükəli vəziyyətdən qurtara biləcək və dövlət idarəetməsində bütün məsuliyyəti öz üzərinə götürə biləcək  bir liderə ehtiyac duyulurdu. Bu lider isə ancaq Heydər Əliyev ola bilərdi. Ona görə də xalq öz liderinə çağırış edərək dövlətə rəhbərlik etməsini xahiş etdi. 1993-cü ildə hakimiyyətə qayıdan Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının yeni tarixini yaratmağa başladı. Bu torpaqlarımızın işğalının dayandırılması ilə başlandı və müstəqil dövlət quruculuğu ilə davam etdirildi. Müstəqil dövlətin uğurlu olması üçün birinci növbədə ictimai-siyasi sabitlik təmin olunmalı idi. Baxmayaraq ki, ölkə daxilində yenidən dövləti ələ keçirmək və ölkəni parçalamaq istəyən qüvvələr  öz fəaliyyətlərini davam etdirməyə çalışırdı, Heydər Əliyevin təcrübəsi və vaxtında  qətiyyətli qərarlar qəbul etməsi bütün təhlükələri sovuşdurdu.

Beləliklə, müstəqil Azərbaycan Respublikası yeni bir dövrə qədəm qoydu. Bu yeni dövrü xarakterizə edən zaman  əsas 5 istiqaməti təhlil etmək mütləqdir:

Birinci istiqamət ordunun vahid mərkəzdən idarə edilməsidir. Ötən əsrin 90-cı illərinin əvvəlində orduda pərakəndəlik hökm sürürdü. Ermənistan torpaqlarımızı işğal etdiyi və xalqımıza qarşı soyqırımlarını törətdiyi dövrdə hakimiyyətdə oturanlar öz kreslolarını düşünərək müharibə meydanındakı hərbi texnikaları Bakıya çağırır. Hətta Şuşanın işğalı baş verərsə, başına güllə çaxacağanı deyənlər utanmayaraq xalqa və dövlətə ağıl verməyə davam edirdi. Heydər Əliyevin hakimiyyətə qayıdışı orduda bir nizam yaratdı. Dahi Liderin rəhbərliyi ilə  1993-cü il dekabrın sonunda başlanan Horadiz əməliyyatı sayəsində Füzuli rayonunun Horadiz qəsəbəsi və 22 yaşayış məntəqəsi qısa bir zaman kəsiyində işğaldan azad edilərək yanvarın əvvəlində düşmənin atəşkəsə məcbur edilməsi ilə nəticələndi. Bu da ordu quruculuğumuza imkan yaratdı.

İkinci istiqamət isə dövlət idarəetmə sisteminin formalaşdırılması idi. Hakimiyyətə gələnlər dövlət idarəetmə sisteminə təsadüfi şəxsləri gətirmişdi. Məhz Heydər Əliyevin rəhbərliyi ilə dövlət sistemi belə ünsürlərdən təmizləndi və sədaqətli, təcrübəli kadrlarla əvəz olunmağa başlanıldı. 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin müəllifliyi ilə Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu. Qəbul olunmuş əsas qanunda dövlətin inkişafının hüquqi əsasları yaradıldı. Həm də konstitusiya Azərbaycanda yaşayan bütün vətəndaşların hüquqlarının  bərabərliyinə təminat verdi.

Üçüncü istiqamət isə iqtisadiyyatın formalaşdırılması idi. Həmin dövrdə ölkənin bütün iqtisadiyyatı məhv edilmiş,  hətta  Ləl Cavahirat Fondu talanmışdı. Azərbaycanı müstəqil ölkə kimi inkişaf etdirmək və təhlükəsizliyini möhkəmləndirmək üçün mütləq şəkildə yeni bir iqtisadi model qurularaq  maliyyə gəlirləri təmin olunmalı idi. Təbii ki, neft-qaz sektorumuz köhnəldiyindən bu sahədə də gəlir götürmək mümkünsüz olmuşdu.  Ümummilli Lider Heydər Əliyev yaxşı bilirdi ki,  bu sektor xarici investisiyalarla dirçəlməli və ölkəmizin inkişafı üçün iqtisadi əsaslar yaradılmalıdır. Ona görə də 20 sentyabr 1994-cü ildə Bakıda Xəzərin Azərbaycan sektorundakı Azəri-Çıraq-Günəşli yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında dəyəri 7,4 mlrd. dollar olan "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı və bu "Əsrin müqaviləsi" adlandırıldı. Həm də enerji resurslarımızın müstəqil ixracını təmin edəcək və  dənizləri birləşdirən beynəlxalq ixrac magistral xətlərin əsası qoyuldu. Beləliklə, Azərbaycanın dövlət büdcəsinə neft gəlirləri gəlməyə başladı. Gəlirlərin ədalətli bölünməsi üçün Neft Fondu yaradıldı. Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft  sahəsinin inkişafının sürətləndirilməsi üçün islahatlar həyata keçirildi.  Bu islahatlar dövlət mülkiyyətinin özəlləşdirilməsi, torpaq islahatının həyata keçirilməsi ilə genişləndi. Beləliklə, Azərbaycan iqtisadiyyatı yeni bir dövrə addımlamış oldu. Dövlət büdcəsinə gəlirlərin daxil olması təhsilin və mədəniyyətin müasir əsaslarla inkişaf etdirilməsinə imkan verdi.

Dördüncü istiqamətin isə gənclər siyasəti olduğunu qeyd edə bilərik. Ümummilli Lider ölkənin gələcəyini  düşünən və milli-mənəvi dəyərlər üzərində vətənpərvərlik ruhunda inkişaf edən  gənc nəslin yetişdirilməsinin vacibliyini qeyd etdi. Beləliklə, gənclərə diqqət artırıldı. Gənclərin vahid amal ətrafında birləşdirilməsi və vətənpərvərlik ruhunda tərbiyə olunması vacib məsələ idi. Məhz Ulu Öndərin sərəncamı ilə Gənclər və İdman Nazirliyinin yaradılması, gənclərlə bağlı Dövlət Proqramının qəbul olunması, Gənclər forumlarının keçirilməsinə başlanması Azərbaycan gənclərinin həyatında yeni bir dövr açdı.

Beşinci istiqamət isə uğurlu beynəlxalq siyasət aparmaq və haqq səsimizi dünyaya çatdırmaqla bağlı idi. Ümummilli Lider BMT tribunasından çıxış edərək bütün dünyaya səslənir və ölkəmizin əsas problemini dünya ictimaiyyətinin diqqətinə çatdırırdı. Heydər Əliyev dünya ölkələrinin  liderləri ilə görüşlər keçirir və Azərbaycanla bağlı düzgün məlumatları birbaşa onların diqqətinə çatdırırdı. Bu, Heydər Əliyevin dünya səviyyəli Böyük Lider olmağından irəli gəlirdi. Heydər Əliyev səfərlər zamanı xaricdə yaşayan azərbaycanlılarla görüşür və onlara fəaliyyət göstərməsi üçün istiqamətlər verirdi.  Xaricdə yaşayan soydaşlarımızla koordinasiyalı  iş aparılması üçün Diasporla iş üzrə Dövlət Komitəsi yaradıldı və Dünya Azərbaycanlılarının  Qurultayları keçirilməyə başlandı.

Ümummilli Lider Heydər Əliyevin xalqımızın qarşısında ən böyük xidməti özündən sonra Azərbaycan Respublikasının taleyini etibar edə biləcək siyasi varisin yetişdirilməsidir. Çünki müəyyənləşdirilmiş ictimai-siyasi kurs uğurla davam etdirilməsəydi, ölkənin gələcəyinin necə olacağı məlum olmazdı. Amma Prezident İlham Əliyev son 21 ildə Azərbaycan dövlətinə rəhbərlik etməklə Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək ölkəmizi  dünya dövlətləri sırasında daha da uca etdi. Ölkə başçısı İlham Əliyevin uğurla  rəhbərlik etməsi sayəsində Azərbaycan siyasi və iqtisadi müstəqilliyinə qovuşdu, müstəqil siyasətini davam etdirdi və beynəlxalq səviyyədə etibarlı tərəfdaş imicini formalaşdırdı. Ordumuz gücləndirilərək müasir səviyyəyə gətirildi, vətənpərvər gənc nəsil yetişdirildi. 27 sentyabr 2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsində 30 il işğal altında qalmış torpaqlar azad olundu.  Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunu həyata keçirmiş oldu. Bu gün ölkə başçımızın qətiyyətli mövqeyi nəticəsində ərazilərimizin suverenliyi təmin olunub, sərhədlərin delimitasiyası uğurla davam etdirilir və Ermənistanla təkliflərimiz əsasında sülh müqaviləsinin imzalanması ilə bağlı  danışıqlar aparılır. O cümlədən işğaldan azad olunmuş ərazilər yenidən qurularaq bərpa olunur və uzun illər məcburi köçkün həyatı yaşamağa məcbur olmuş insanlar öz ata yurdlarına başı dik qayıdırlar. Bu gün Azərbaycan xalqı qalibdir və dünyada qalib xalqın nümayəndələri kimi qürurla yaşayır. Bizə bu xoşbəxtliyi bəxş edən Ulu Öndərin siyasi kursunun davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Bu gün Ümummilli Lider Heydər Əliyevin ruhu şaddır və Azərbaycan var olduqca Ümummilli Lider Heydər Əliyev də yaşayacaqdır.

Azər BADAMOV,

Milli Məclisin deputatı.