DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

NETANYAHU EKZİSTENSİAL TƏHLÜKƏ FONUNDA İSRAİL XALQINA ÇAĞIRIŞ EDİB

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında münaqişə və İrandan gələn təhlükə fonunda ölkəsinin vətəndaşlarını birliyə çağırıb. Bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

“Daxili parçalanma aradan qalxmalıdır, çünki ekzistensial təhlükə ilə üz-üzəyik. Ona görə də qüvvələri birləşdirməliyik”, - deyə baş nazir vurğulayıb.

Bununla yanaşı, Netanyahu qeyd edib ki, İsrail Qəzza zolağında terrorçuları məhv etməkdə və İrandan gələn təhlükəni dəf etməkdə qərarlıdır.

Baş nazir həmçinin “Mossad”ın rəhbəri David Barnea ilə regiondakı vəziyyətlə bağlı bir sıra məsələləri, xüsusilə də Qəzza zolağındakı 100-dən çox israilli girovun azad olunması problemini müzakirə edib.

Xatırladaq ki, aprelin 18-də İsrailin Müdafiə Ordusu Qəzzanın mərkəzi hissəsində böyük əməliyyatın başa çatdığını elan edib. Əməliyyatlar zamanı İsrail hərbçiləri müxtəlif fələstinli qruplara məxsus 100-dən çox obyekti məhv edib, 40-a yaxın silahlını zərərsizləşdirib.

İRANLI GENERAL: İSFAHANDA HEÇ BİR DAĞINTI MÜŞAHİDƏ OLUNMAYIB

İran ordusunun generalı Siyavuş Mihandust aprelin 19-da pilotsuz uçuş aparatlarının zərbələri nəticəsində İsfahanda heç bir dağıntı və bədbəxt hadisənin olmadığını bildirib. Bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.

Generalın sözlərinə görə, İsfahan vilayətində eşidilən güclü səslər hava hücumundan müdafiə sistemlərinin işə salınması ilə bağlı olub. Açıqlamaya əsasən, İranın hava hücumundan müdafiə qüvvələri İsfahan səmasında olan üç pilotsuz uçuş aparatını vurub.

Verilən xəbərə görə, pilotsuz uçuş aparatları cümə günü yerli vaxtla təxminən 03:00-da İsfahan üzərində müşahidə edilib. Bundan sonra hava hücumundan müdafiə sistemi işə salınıb və “onları göydə məhv edib”.

Məlumat üçün qeyd edək ki, İsfahan müxtəlif nüvə, eləcə də qeyri-nüvə və hərbi məsələlər üçün mühüm hədəfdir. Tehran vaxtilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə 2021-ci ilin iyun ayınadək Kərəc nüvə obyektində həyata keçirilən nüvə fəaliyyətlərinin bir hissəsinin İsfahana köçürüldüyünü bildirmişdi.

ABŞ ÇİNƏ TƏSİR ÜÇÜN KOALİSİYA YARATMAQ NİYYƏTİNDƏDİR

ABŞ rəsmi Pekinin iqtisadi siyasətinin bir neçə aspektində dəyişikliklərə can ataraq, Çinə təsir etmək üçün geniş koalisiya yaratmağa çalışır. “Report” agentliyinin məlumatına görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisinin keçmiş müavini Dalip Sinqh qeyd edib.

“Bizim mümkün qədər geniş koalisiyaya ehtiyacımız olacaq. Geniş koalisiyaya ehtiyac heç bir yerdə Çində olduğu qədər aydın deyil”, - deyə o, Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzində çıxışı zamanı vurğulayıb.

Eyni zamanda, Dalip Sinqh Çinin həddindən artıq istehsal gücünə malik olduğunu və istismarının qlobal bazarı təhdid etdiyini bildirib.

“Çinin istehsal trayektoriyası bazarları qlobal tələbin real şəkildə mənimsəyə biləcəyindən daha çox dərəcədə təhdid edir, çoxşaxəli tədarük zəncirlərinə öz investisiyalarımızın canlılığını pozur, dünyanın tək təchizatçıdan asılılığını və iqtisadi məcburiyyətin tətbiqi potensialını artırır”, - deyə Dalip Sinqh əlavə edib.

İRANIN NEFT İXRACI SON ALTI İLİN ƏN YÜKSƏK HƏDDİNƏ ÇATIB

İran neftinin ixracı birinci rübdə son altı ilin ən yüksək səviyyəsinə çatıb. “Financial Times” qəzetinin məlumatına görə, ilin ilk üç ayında İrandan neft ixracının orta həcmi gündə təxminən 1,56 milyon barrel olub ki, bu da 2018-ci ilin üçüncü rübündən bəri ən yüksək göstəricidir.

Eyni zamanda, ekspertlər he

sab edirlər ki, İran mövcud sanksiyaların təsirindən yayınaraq, Qərb ölkələrinin İsrailə raket hücumlarından sonra tətbiq edəcəyi yeni sanksiyalar ərəfəsində neft satışlarını artırıb.

“İranlılar sanksiyalardan yayınmaqda həqiqətən də irəliləyişə nail olublar. Əgər Bayden administrasiyası sanksiyaların real təsir göstərməsini istəyirsə, Çinə diqqət yetirməlidir”, - deyə nəşr “Rapidan Energy Group” şirkətinin rəhbəri Fernando Ferreirodan sitat gətirib.

Bununla yanaşı, bir çox analitiklər hesab edirlər ki, İran Çin sayəsində neft satışlarını artırır. Lakin İranın sanksiyalardan yayınmasının qarşısını almaq üçün Çinə təsir etmək kifayət qədər çətindir.

Aİ RUSİYAYA QARŞI YENİ SANKSİYALAR PAKETİ ÜZƏRİNDƏ İŞLƏYİR

Avropa İttifaqı Rusiyaya qarşı mövcud məhdudlaşdırıcı tədbirlərdən yan keçənlərə yönələn yeni sanksiyalar paketi hazırlayır. “Trend” agentliyinin xəbərinə görə, bu barədə Avropa İttifaqının adı açıqlanmayan yüksək vəzifəli rəsmisi jurnalistlərə bildirib.

“Hazırda Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyirik. Yeni paket məhdudiyyətlərdən yan keçənlərlə mübarizəyə yönələcək və onlara qarşı sanksiyalar tətbiq olunacaq”, - deyə Aİ nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, Avropa Komissiyası Rusiyaya qarşı fevralın 23-də təsdiqlənən 13-cü paketin ardından 14-cü sanksiyalar paketini hazırlamağa başlayıb.

Əvvəlki paketdəki məhdudlaşdırıcı tədbirlər Rusiyadan və bir sıra digər ölkələrdən, o cümlədən Hindistan, Qazaxıstan, Çin, Serbiya, Tailand, Türkiyə və Şri-Lankadan olan 106 fiziki və 88 hüquqi şəxsə şamil edilmişdi.

AĞ EV BAYDENİN ƏMİSİNİ hannibalların YEMƏDİYİNİ TƏSDİQLƏYİB

Ağ Ev ABŞ prezidenti Cozef Baydenin əmisinin hanniballar tərəfindən yeyilmədiyini, Sakit Okeanda baş verən qəzada öldüyünü açıqlayıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “New York Post” qəzeti yazıb. Söhbət Amerika liderinin əmisi Embrouz Finneqandan gedir.

Baydenin sözlərinə görə, ABŞ hərbçiləri 1944-cü ildə Yeni Qvineya yaxınlığında təyyarə qəzasında həlak olan Finneqanın meyitini həmin yerlərdə yaşayan hanniballara görə tapa bilməyib.

Buna reaksiya verən Ağ Evin mətbuat katibi Karin Jan-Pyer etiraf edib ki, Baydenin qohumu əslində onun təyyarəsi Sakit Okeana düşərkən həlak olub. Bu məlumatları Hərbi Əsirlərin Hesablama Agentliyi və Pentaqon da təsdiqləyib.

“Təyyarə naməlum səbəblərdən Yeni Qvineyanın şimal sahillərində okeana enməyə məcbur olub. Hər iki mühərrik aşağı hündürlükdə sıradan çıxıb və təyyarə suya çırpılıb. Qəza nəticəsində 3 nəfər həlak olub. Bir ekipaj üzvü sağ qalıb və o, yaxınlıqdan keçən gəmi tərəfindən xilas edilib. Ertəsi gün havada aparılan axtarışlar nə təyyarənin, nə də itkin düşmüş ekipaj üzvlərinin izi tapılıb”, - deyə nəşr qeyd edib.

DUBAY AEROPORTU TƏYYARƏLƏRİN QƏBULUNU MƏHDUDLAŞDIRIB

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb. “TASS” agentliyinin xəbərinə görə, bu barədə aeroportun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, bu addım nasazlığın davam etməsi ilə bağlıdır və bərpa işlərinin effektivliyini təmin etmək üçün atılıb.

“Biz son vaxtlar görünməmiş hava şəraitinin səbəb olduğu gecikmələrdən əziyyət çəkən qonaqlara dəstək olmaq üçün əlimizdən gələni etməyə sadiqik. Bununla belə, davam edən fasilələrlə əlaqədar və bərpa prosesini sürətləndirmək üçün aprelin 19-u günorta saatlarından etibarən daxil olan uçuşların sayını 48 saat müddətinə müvəqqəti məhdudlaşdırırıq”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, aprelin 16-na keçən gecə regionda güclü yağış səbəbindən Birləşmiş Ərəb Əmirliklərindən uçuşlar dayandırılıb. Kəskin hava şəraitinin ən çox zərər vurduğu Dubayda əsas avtomobil magistralları və şəhər aeroportunun uçuş-eniş zolağı su altında qalıb. Nəticədə onlarla aviareys ləğv olunub, minlərlə sərnişin isə ölkəni tərk edə bilməyib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.