Etibarlı qardaşlığın mühüm səhifəsi
Siyasət

Etibarlı qardaşlığın mühüm səhifəsi

Azərbaycanla Qırğızıstan əlaqələrinin səmərəliliyi türk dünyasının birliyinə töhfələr verir

Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı maraqlara söykənən tarixi əlaqələrin daha da möhkəmlənərək strateji tərəfdaşlığa çevrilməsi xüsusi önəm kəsb edir. Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistanla münasibətlərimiz çoxşaxəli olmaqla bərabər, eyni zamanda milli-mənəvi maraqlara bağlılığı ilə seçilir. Bu baxımdan Azərbaycan Mərkəzi Asiya ölkələri arasında Qırğız Respublikası ilə münasibətlərə də böyük dəyər verir. İkitərəfli əməkdaşlığın inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir.

Hazırda iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də Azərbaycana dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlər imzalanıb. Dövlətimizin başçısı ilə hörmətli qonaq Ağdamın Xıdırlı kəndində Qırğızıstanın maliyyəsi ilə inşa ediləcək orta məktəbin təməlqoyma mərasimində iştirak edib. Prezidentlərin birgə bəyanatları, səfər müddətində imzalanmış sənədlər ölkələrimiz arasında əməkdaşlığın dünəni, bu ğünü və perspektivinin əsas mahiyyətini ifadə edir. Dövlət başçıları mətbuata birgə bəyanatlarında bir daha bildirdilər ki, səfər münasibətlərdə yeni istiqamətlərin müəyyənləşdirilməsinə töhfələr verəcək. Ulu öndər Heydər Əliyevin Prezident kimi qırğız həmkarı ilə görüşləri, iki ölkə arasında qəbul olunan qərarlar münasibətlərin sürətli inkişafına mühüm töhfələr verib. Prezident İlham Əliyevin respublikamıza rəhbərliyi illərində bu strategiyaya sadiqliyi nəticəsində Azərbaycan türk dünyasının aparıcı ölkələrindən birinə çevrilib.

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana səfəri iki ölkə arasında geniş əməkdaşlıq potensialını üzə çıxarmaq istiqamətində də mühüm addımdır. Ölkəmizin türk dövlətləri arasındakı münasibətləri yüksələn xətlə inkişaf edir. Azərbaycan-Qırğızıstan arasında imzalanan sənədlər strateji münasibətlərin və müttəfiqlik əlaqələrinin daha da möhkəmlənməsini, əməkdaşlığın ildən-ilə güclənməsini təmin edir. Bütün bu amillər, eləcə də dövlət başçılarının uzun illər ərzində uğurlu xarici siyasi kursunun əhəmiyyətli nəticələri hər iki dövlətin və xalqların daha da yaxınlaşmasına səbəb olub. Əlaqələrimiz dinamik və səmərəli inkişaf etməklə gələcək perspektivdə daha da məqsədəuyğun nəticələrə zəmin yaradır. Prezident İlham Əliyevin son illər ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir.

Qırğızıstan və Azərbaycan prezidentlərinin qarşılıqlı səfərləri, xüsusilə 2022-ci ilin aprel ayında Qırğızıstan Prezidentinin Azərbaycana, həmin ilin oktyabrında isə cənab İlham Əliyevin Qırğızıstana səfəri ölkələrimiz arasında münasibətləri strateji əməkdaşlıq və qardaşlıq səviyyəsinə qaldırdı. Azərbaycanla Qırğızıstan arasında strateji əməkdaşlıq haqqında saziş və dövlətlərarası şura yaradılması haqqında memorandum imzalandı. İki ölkə arasında iqtisadi münasibətlərin tənzimlənməsinə xidmət edən hökumətlərarası komissiya yaradıldı. Komissiyanın həm Bişkek, həm də Bakıda bir neçə iclası keçirilib. Prezident İlham Əliyevin 2022-ci ilin oktyabrında Qırğızıstana səfəri zamanı isə bir sıra mühüm yeniliklərə imza atıldı. Qırğızıstan-Azərbaycan iqtisadi inkişaf fondu yaradıldı və Azərbaycan fonda 25 milyon ABŞ dolları məbləğində ianə etdi. Dövlətimizin başçısı qardaş ölkədə Heydər Əliyev adına 20 saylı "Məktəb-Gimnaziya Təhsil-Tərbiyə Kompleksi" ümumtəhsil müəssisəsinin, Nizami Gəncəvi adına 103 saylı orta təhsil məktəbinin açılış mərasimlərində iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana səfəri çərçivəsində imzalanmış sənədlər arasında mühüm əhəmiyyətə malik olanlarından biri də "Azərbaycan Respublikasının Bakı şəhəri və Qırğız Respublikasının Bişkek şəhəri arasında qardaşlıq əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu"nun imzalanmasıdır. Bununla yanaşı, Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkı da yaradılıb. İqtisadi istiqamət isə ölkələrimizin gündəmində əsas prioritet olub. Hər iki ölkənin qurucusu olduğu Türk Şurasının 2021-ci ilin payızında Türk Dövlətləri Təşkilatına (TDT) çevrilməsi, Qırğız Prezidentinin də imzası ilə TDT-nin ən yüksək ordeninin Azərbaycanın Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevə təqdim olunması, digər ortaq türk qurumları ilə işbirliyi, ikitərəfli əlaqələrin inkişafı yüksək səviyyəni ifadə edir.

Bütün platformalar üzrə əlaqələr, əməkdaşlıq real nəticələr verməklə yanaşı, yeni imkanları, yeni çağırışları da ehtiva edir. Misal üçün, nəqliyyat infrastrukturunun, Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün ölkələrimizin səyləri birləşdirilməlidir. Bu fonda yüklərin Azərbaycan ərazisindən bütün vacib istiqamətlərə (Şimal, Cənub və Qərbə) göndərilməsinə imkan verən nəqliyyat, o cümlədən liman infrastrukturu mövcuddur. Belə ki, Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub. Azərbaycanın liman infrastrukturunun nəqliyyat imkanları Qırğızıstanın, o cümlədən bütün qardaş, dost, tərəfdaş ölkələrin üzünə açıqdır.

Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti dünyada baş verən son hadisələr kontekstində daha da önə çıxıb. Torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, gələcəkdə Zəngəzur dəhlizinin reallaşması ölkəmizi mühüm nəqliyyat qovşağına çevirir. Prezident İlham Əliyevin apardığı davamlı və uzun müddətə hesablanmış siyasət nəticəsində ölkəmizdə müasir nəqliyyat-logistika imkanları yaradılıb və beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bu gün Çindən, Mərkəzi Asiyadan Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımaları ölkəmizin ərazisindən keçir ki, bu da Azərbaycana olan marağı daha da artırır. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır. Bundan başqa, Azərbaycan və Qırğızıstan Beynəlxalq Trans-Xəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq edir. Hazırda ölkəmizdə 165 Qırğızıstan şirkəti fəaliyyət göstərir. İndiyədək qeyri-neft sektoru üzrə Azərbaycandan Qırğızıstana 204,3 milyon, Qırğızıstandan Azərbaycana isə 98,8 milyon ABŞ dolları həcmində investisiya qoyulub. Hər iki ölkənin kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı üçün də geniş potensial var. Ərzaq təhlükəsizliyinin qlobal miqyasda ən önəmli məsələlərdən birinə çevrildiyi indiki dövrdə bu əməkdaşlığın inkişaf etdirilməsi xüsusilə vacibdir.

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana budəfəki səfəri də iki ölkə arasında mövcud münasibətlərdə yeni səhifə açacaq, xalqlarımızın tarixi və mənəvi əlaqələrini daha da möhkəmləndirəcək, mövcud potensialdan tam istifadə üçün böyük addımların atılmasına yeni imkanlar yaradacaq. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri, o cümlədən Qırğızıstan arasında qurulan əlaqələr böyük perspektivlər vəd edir.

Mustafa KAMAL,

"Respublika".