Ağacəkmə aksiyası
Region

Ağacəkmə aksiyası

Qazax

"Yaşıllıq olmayan yerdə həyat yoxdur. Hər kəs iki ağac əkib böyütməlidir". Bu müdrik kəlamlar ulu öndər Heydər Əliyevə məxsusdur. Müasir, müstəqil Azərbaycan dövlətinin, Yeni Azərbaycan Partiyasının yaradıcısı, qurucusu və memarı ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, ekoloji vəziyyətin qorunmasına, yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirilmişdir.

Bu gün bütün sahələrdə olduğu kimi, bu sahədə də ulu öndərin siyasəti möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

2024-cü il "Yaşıl dünya naminə həmrəylik İli" çərçivəsində Qazax rayonunda da silsilə tədbirlər davam etdirilir. Belə tədbirlərdən biri aprel ayının 22-də Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 120-dən artıq partiya fəallarının və könüllülərin iştirakı ilə Qazax rayonunun səfalı guşəsində, ilk azərbaycanlı hərbi təyyarəçi Fərrux Ağa Qayıbovun xatirəsinə ucaldılmış "Təyyarə Abidə Kompleksi"nin ətrafında keçirildi. Aksiya iştirakçıları tərəfindən 500 ədəd şam ağacı əkilib və aqrotexniki qulluq göstərilib.

Bununla da aksiya iştirakçıları ölkəmizdə həyata keçirilən ağacəkmə, yaşıllaşdırma işlərinə öz töhfələrini verərək, ulu öndər Heydər Əliyev ənənələrinə sadiq qaldıqlarını və ümummilli liderə olan hörmət və ehtiramlarını bir daha nümayiş etdirdilər.

Ağstafa

Ölkəmizdə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Azərbaycan Prezidentinin 25 dekabr 2023-cü il tarixli sərəncamı çərçivəsində ölkəmizin hər yerində ekoloji vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.

Ağstafa rayonunda, ölkəmizin Gürcüstanla dövlət sərhədinə yaxın ərazidə yerləşən və tarixi, mədəni əhəmiyyətə malik "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində ağacəkmə aksiyası keçirilib.

Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq keçirilən tədbirdə icra başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, qoruğun əməkdaşları və ərazidə elmi-tədqiqat işləri aparmış alimlər, məsul şəxslər, ictimaiyyət nümayəndələri, gənc könüllülər iştirak ediblər.

Qoruq ərazisində "İlham Əliyev adına zirvə" ətrafında salınmış "Badam bağı"nda 100 ədəd ağac tingi əkilib. Tədbir iştirakçıları Keşikçidağ kurqanlar vadisindən arxeoloji qazıntılar zamanı aşkarlanmış maddi-mədəniyyət nümunələri və çap məhsullarından ibarət sərgi ilə, ərazidə yerləşən mağaralar, onların divar və tavanlarında əks olunmuş freskalarla tanış olublar. Həmçinin asudə vaxtlarının səmərəli təşkili məqsədilə qurulan kamplarda istedadlı yeniyetmə və gənclərin mağaralar kompleksinin əsrarəngiz təbiətini və tarixi abidələrini əks etdirən rəsmləri, eləcə də Ağstafa şəhər Hüseyn Arif adına uşaq musiqi məktəbinin təqdim etdiyi konsert proqramı böyük rəğbətlə qarşılanıb.

Vəli VƏLİYEV,

"Respublika".