Layiqli tibbi xidmət əsas vəzifədir
Səhiyyə

Layiqli tibbi xidmət əsas vəzifədir

Şəfalı əlləri ilə ağrılarımızı yüngülləşdirən, dərdlərimizə məlhəm olan tibb işçiləri ümummilli liderimiz Heydər Əliyevin Sərəncamı ilə təsis olunmuş 17 iyun tarixini  hər il peşə bayramı günü kimi qeyd edirlər. Bu günün qeyd olunması ölkəmizdə səhiyyə sahəsinə, o cümlədən tibb işçilərinə göstərilən qayğının parlaq təzahürüdür. Milli dövlət quruculuğu strategiyasında səhiyyənin inkişafına həssaslıqla yanaşan, bu sahəyə diqqət və qayğısını heç zaman əsirgəməyən ümummilli lider Heydər Əliyev tibb işçilərinə müraciətlə deyirdi: "...Siz bütün fəaliyyətinizi bu sahə ilə bağlayaraq həyatınızı olduqca qədim, nəcib və xeyirxah bir işə - insanların sağlamlığının qorunması işinə həsr etmisiniz. Əhalinin sağlamlığının mühafizəsi və tibbi xidmətin yaxşılaşdırılması istiqamətində irəliyə doğru atdığınız addımlar bizi sevindirir. Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir".

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hələ ötən əsrin 70-ci illərində ölkəmizin bütün regionlarında səhiyyə ocaqları tikilərək istifadəyə verilmiş, əhalinin sağlamlığının qorunmasına xüsusi diqqət yetirilmişdir. Müstəqillik illərində də səhiyyənin inkişafına hesablanmış məqsədyönlü və ardıcıl tədbirlər görülmüş, bu sahədə fəaliyyəti tənzimləyən zəngin qanunvericilik bazası yaradılmış, həkimlərin və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, ixtisaslı və peşəkar həkim kadrlarının hazırlanması diqqət mərkəzində saxlanılmışdır.

Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndərin müəyyənləşdirdiyi siyasi kursu bütün istiqamətlərdə, eləcə də səhiyyə sahəsində uğurla davam etdirir. Son illər tibbi xidmətin müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı məsələləri dövlətin üzərinə götürdüyü sosial öhdəliklər sırasında mühüm yer tutur. Qəbul olunmuş dövlət proqramlarının icrası göstərilən tibbi xidmətin səviyyəsinin xeyli yüksəlməsinə, xəstəliklər üzrə müayinələrin həcminin artmasına, dərmanla təchizatın əhəmiyyətli dərəcədə yaxşılaşmasına şərait yaradır.

Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər onu dünyanın qabaqcıl ölkələri səviyyəsinə çıxarmağa imkan yaradıb. Tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir.

Heydər Əliyev Fondunun rəhbəri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkə vətəndaşlarına göstərilən qayğısı bu sahədəki yorulmaz fəaliyyəti xüsusi vurğulanmalıdır. Xəstə uşaqlarla bağlı Heydər Əliyev Fondu tərəfindən təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində həyata keçirilən tədbirlər əsl mərhəmət və humanistlik nümunəsidir.

Fondun diabetli, talassemiyalı xəstələrə göstərdiyi qayğı və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında gördüyü işlər də böyük razılıq və rəğbət doğurur.

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidentinin 2018-ci il Fərmanına əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılmışdır. TƏBİB-in əsas vəzifəsi icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarəedilməsini və bu sahədə nəzarəti həyata keçirməkdir. TƏBİB əhalinin sağlamlığının qorunması sahəsində əlverişli şərait yaradır, tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırır, həmçinin tibb müəssisələrində tibbi xidmətlərin keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılmasına nəzarət edir.

İnsanların sosial rifahını daha da yaxşılaşdırmaq məqsədilə yaradılmış  icbari tibbi sığorta əhalinin sosial müdafiəsi forması olaraq, icbari tibbi sığortanın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın, habelə sığorta olunanlara xidmətlər zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verir. İcbari tibbi sığorta sisteminin məqsədi səhiyyə sahəsində mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirərək əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltmək və əlçatanlığını təmin etməkdir.

Artıq 2020-ci ildən icbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqinə başlanılmış, 1 aprel 2021-ci il tarixindən isə icbari tibbi sığorta sistemi bütün ölkə ərazisini əhatə etmişdir.

Ömürlərə ömür calamaq, ümid yeri olmaq, xəstələrə şəfa vermək xeyirxah olduğu qədər də gərəkli və müqəddəs işdir. Elə bu nəcib peşələrinə görə tibb işçiləri hər cür hörmət və ehtirama layiqdirlər.

Əfqan XUDAVERDİYEV,

"ALFAMED" MMC-nin rəhbəri.