İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Taekvondoçularımız iki medal qazanıblar

Azərbaycan taekvondoçuları Belqradda keçirilən Serbiya açıq çempionatında iki medal qazanıblar.

G2 kateqoriyalı yarışda Taleh Süleymanov (+87 kiloqram) gümüş mükafata layiq görülüb. Səyyad Dadaşov (54 kiloqram) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları bəlli olub

Bu gün Qətərin Doha şəhərində kişi və qadın gimnastikası üzrə Dünya Kuboku yarışları start götürür. Yarışlarda iştirak edəcək Azərbaycan idmançıları bəlli olub.

Kişilərin mübarizəsində Rəsul Əhmədzadə (dəstəli at və paralel qollar), Mənsum Səfərov (sərbəst hərəkətlər və turnik), İvan Tixonov (dəstəli at, dayaqlı tullanma və paralel qollar), Nikita Simonov (halqalar), Murad Ağarzayev (sərbəst hərəkətlər və dayaqlı tullanma) bacarıqlarını göstərəcəklər. Qadınlardan isə Nazənin Teymurova (dayaqlı tullanma, gimnastika tiri və sərbəst hərəkətlər) qüvvəsini sınayacaq. Yarışda Zəkəriyyə Muradlı və Əhməd Ağayev hakim kimi ölkəmizi təmsil edəcəklər.

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı təşkil olunacaq

Aprelin 24-də üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürəcək. Yarış Gənclər və İdman Nazirliyinin, Azərbaycan Üzgüçülük Federasiyasının və Bakı Su İdmanı Sarayının birgə təşkilatçılığı ilə keçiriləcək və aprelin 27-dək davam edəcək.

Yarışlarda 3-cü idman dərəcəsi olan idmançılar iştirak edəcəklər. Onlar 50, 100, 200, 400, 800 və 1500 metr məsafədə sərbəst üsullarda, 50, 100, 200 metr məsafələrdə arxası üstə, brass və baterflay üsullarda üzəcəklər. Birincilikdə Bakı və Sumqayıtdan 20-yə yaxın müxtəlif klubun və idman cəmiyyətlərinin idmançıları mübarizə aparacaqlar. Qaliblər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası tərəfindən müvafiq diplomlarla təltif olunacaqlar.

Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib

Gənclər və İdman Nazirliyi, Bakı Abadlıq Xidməti və Azərbaycan Cüdo Federasiyasının (ACF) birgə təşkilatçılığı ilə cüdo üzrə U-13 kiçik yaşlı yeniyetmələr arasında Bakı kəndləri birinciliyi keçirilib.

Yarışlar Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində baş tutub. Yarışa Bakı kəndlərinin müxtəlif klub, cəmiyyət və idman təşkilatından 400-ə yaxın cüdoçu qatılıb. Turnirdə qalib gələn idmançılara Bakı Abadlıq Xidməti tərəfindən velosipedlər təqdim olunub və bütün medalçılara pul mükafatı verilib.

Nərgiz İSMAYILOVA,

"Respublika".