İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Ölkə kubokuna yekun vurulub

"Şüa" İdman Kompleksində keçirilən yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kubokuna yekun vurulub.

Nəticələrə əsasən, 2004-2007-ci il təvəllüdlü qızların şəxsi mübarizəsindən Ləman Abdulhəmidova, oğlanların yarışından isə Kənan Pənahov, 2008-ci il və kiçik yaşlılar arasında keçirilən yarışda Arzu Aslanova, oğlanlardan Adil Əhmədzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

2004-2007-ci il təvəllüdlü idmançıların qoşa yarışında Zemfira Mikayılova - Ləman Abdulhəmidova dueti ilə Hacımurad Məmmədbəyov - Tahir Qubadov tandemi qələbə qazanıb. 2008-ci il və kiçik təvəllüdlü tennisçilərin qoşa turnirində qızlardan Arzu Aslanova ilə Mərziyyə Nurmətova, oğlanlardan Adil Əhmədzadə ilə Rüstəm Hacılı ölkə kubokuna sahib çıxıblar. Qarışıq-qoşa turnirdə 2004-2007-ci il təvəllüdlü idmançıların mübarizəsində Kənan Pənahovla Ləman Abdulhəmidova, 2008-ci il və kiçik təvəllüdlülərdən isə Adil Əhmədzadə ilə Mərziyyə Nurmətova qələbə qazanıblar.

 

"Shuttle Time Azerbaijan 2022" layihəsi

Şamaxıda "Shuttle Time Azerbaijan 2022" layihəsi icra olunub.

Layihədə Şamaxıda təhsil alan 80 məktəbli iştirak edib. Onlar əvvəlcə badminton haqqında nəzəri biliklər əldə ediblər. Daha sonra əyləncəli badminton məşğələləri ilə yeni bacarıqlar qazanıblar.

Layihə Dünya Badminton Federasiyası, Avropa Badminton Konfederasiyası, Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman, Elm və Təhsil nazirliklərinin dəstəyi ilə icra olunur.

Bu günədək Bakı, Sumqayıt, Qusar, Lənkəran, Gəncə, Naxçıvan, Şamaxıda həyata keçirilən layihə Tovuz və Sabirabad rayonlarında davam edəcək.

 

Qaliblər  müəyyənləşib

Blits üzrə Azərbaycan çempionatında qalib sonuncu turda müəyyənləşib.

3 şahmatçı 9 turdan 7 xal toplayıb. Əlavə göstəricilərə görə, Aydın Süleymanlı yarışın qalibi adını qazanıb. Vüqar Əsədli və Rauf Məmmədov müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Qadınların yarışında Gülnar Məmmədova 7 oyundan 6 xal toplayaraq çempionatı birinci, Xanım Balacayeva 5,5 xalla ikinci, Türkan Məmmədyarova isə 4,5 xalla üçüncü yerdə başa vurublar.

İki yarışın cəmində ən çox xal toplayan Rauf Məmmədov, Vüqar Əsədli, Aydın Süleymanlı, Ləman Hacıyeva, Gülnar Məmmədova və Xanım Balacayeva Qazaxıstanda təşkil olunacaq rapid və blits üzrə dünya çempionatına vəsiqə qazanıblar.

 

Cüdo üzrə Azərbaycan çempionatı

Dekabrın 5-də qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının qarışıq komanda yarışları keçirilib.

Bürünc medal uğrunda görüşlərdə "Kanokan TT" idman klubu 4:0 hesabı ilə "Təhsil" RİM 1 nömrəli RİOEUGİM-ə, "Neftçi İdman Klubu 2" isə 4:1 hesabı ilə "Atilla İdman Klubu İdman Birliyi 2"yə qalib gəlib.

Final görüşü "Neftçi İdman Klubu 1" ilə "Atilla İdman Klubu İdman Birliyi 1" arasında keçirilib. "Neftçi İdman Klubu 1" 4:3 hesabı ilə qalib gələrək komanda yarışlarının kubokunu və qızıl medallarını qazanıb.

Nərgiz İSMAYILOVA,

"Respublika".