Yerli özünüidarəetmə orqanlarına seçkilər başa çatıb
Türk dünyası

Yerli özünüidarəetmə orqanlarına seçkilər başa çatıb

Türkiyədə qarşıdan gələn beş il ərzində yerli özünüidarəetmə orqanlarına seçkilər keçirildi. Ölkədə eyni gün və sadəcə bir turda keçirilən seçkilərdə yerli idarəetmə orqanlarına təmsilçilər seçildilər. Bu seçkilərdə ölkənin otuzu böyük şəhər olmaqla 81 vilayət, 973 rayon və 390 qəsəbəsində bələdiyyə şuralarının başçıları və tərkibi, həmçinin 50 min 336 kənd və məhəllə muxtarı müəyyən edildi. Seçkilərdə siyasi partiyalar yarışsalar da, son sözü xalq dedi.

Ümumilikdə 61 milyon 441 min 882 səsvermə hüququna malik Türkiyə vətəndaşından 1 milyon 32 min 610 nəfəri seçkilərdə ilk dəfə səs verdi.

Seçkidə ölkənin 81 vilayəti, 922 rayonu üzrə yerli hakimiyyət orqanlarında təmsilçilik uğrunda 34 siyasi partiya və müstəqil namizədlər mübarizə apardı.

Ən çox namizədin qeydə alındığı şəhər isə İstanbul oldu. Bu meqapolisin bələdiyyə sədri postu üçün 49 şəxsin namizədliyi irəli sürülmüşdü. Burada seçki bülleteninin uzunluğu ötən seçkilərdən fərqli olaraq bu dəfə 1 metrə yaxın idi. İstanbuldan sonra ən çox namizədin qeydə alındığı iki şəhər Qaziantep və Malatya idi. Bu şəhərlərdə müvafiq olaraq 29 və 28 namizəd qeydə alınmışdı. Ölkənin paytaxtı Ankaranın Böyük Şəhər Bələdiyyəsinə 5 il müddətinə başçılıq etmək üçün isə 24 namizəd iddialı idi.

Türkiyənin ən böyük müxalif Cümhuriyyət Xalq Partiyasının İstanbul və Ankara şəhərlərində bələdiyyə sədrləri Əkrəm İmamoğlu və Manasur Yavaş yenidən seçildi.

AK Parti və Milliyyətçi Hərəkat (MHP) partiyalarının İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədi ölkənin sabiq ətraf mühit və şəhərsalma naziri Murat Kurum, Ankara üzrə namizədi isə türk siyasətçi və paytaxtın Keçiören Rayon Bələdiyyəsinin sədri Turgut Altınokuydu.

2023-cü il seçkilərində "Cümhur İttifaqı"nda yer alan Yenidən Rifah Partiyası yerli seçkilər üçün AK Parti ilə apardığı danışıqlarda uzlaşa bilməyəndən sonra seçki yarışına öz namizədləri ilə qatıldı.

Bütün bələdiyyə və muxtar seçkilərində ən çox səs toplayan namizəd seçkinin qalibi elan olundu. Beləliklə, Bələdiyyə məclisi üzvləri partiyaların aldıqları səslərə görə müəyyən ediləcək. Muxtarların namizədliyi isə müstəqil şəkildə irəli sürülür, onlar hər hansı bir partiyanı birbaşa təmsil etmirlər.

İqtidar və müxalifət partiyaları bu dəfə keçirilən yerli seçkilərə daha çox parçalanmış şəkildə girdilər. Belə ki, əsas rəqiblərindən fərqli olaraq Ədalət və İnkişaf Partiyası (AK Partiya) Milliyyətçi Hərəkat Partiyası (MHP) ilə birgə qurduğu "Cümhur İttifaqı" seçkilərə birgə qatıldı.

Müxalifət partiyaları isə ötən il "Millət İttifaqı"nın dağılmasından sonra öz qüvvələri ilə seçkidə iştirak etdilər.

Ümumilikdə 34 partiyanın iddialı olduğu bələdiyyə seçkilərində mübarizənin episentri müxalifətin nəzarətində olan paytaxt Ankara, İzmir və İstanbulda oldu.

Seçkilərin nəticələrinə görə AK Partinin namizədlərindən 24-ü, CHP-nin namizədlərindən isə 35-i ölkənin müxtəlif şəhərlərinin bələdiyyə başçısı vəzifəsinə seçildi. Bunlardan AK Parti üzrə 12-si, CHP üzrə 14-ü böyük şəhərlərdir.

Ölkə üzrə lider Cümhuriyyət Xalq Partiyası (CHP) 37,71% səs toplayıb. Hakim Ədalət və İnkişaf Partiyası isə 35,53% səslə ikinci sıradadır. Səslərin 6,38%-ni Yeniden Rifah, 5,65%-ni DEM Partiyası, 4,98%-ni isə MHP toplayıb.

Yekun nəticələr açıqlandıqdan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində keçirilən yerli özünüidarəetmə orqanlarına seçkilərin nəticələri ilə bağlı açıqlama verib. Prezident deyib: "Seçkini demokratiyamıza yaraşan yetkinliklə başa vurduq. Seçkilər demokratiyanın ən kritik nöqtəsidir. Bəzi təcrid olunmuş hadisələri nəzərə almasaq, seçki ab-havasına kölgə salacaq, təəssüf doğuran hadisələr baş vermədi. Millət sözünü, siyasətçiyə mesajını, təqdir və etirazını sandıqda ifadə edər. Bütün bunların ölkəmizdə yaşanması özü-özlüyündə böyük bir qazancdır. 31 mart bizim üçün bir dönüm nöqtəsidir. Seçkinin əsas qalibi milli iradəmiz, demokratiyamızdır. Seçkiləri qazanan, hər kəsdən əvvəl millətimiz oldu".

Xalqına inamını ifadə edərək bundan sonra da yola birgə davam edəcəklərini deyən Türkiyə Prezidenti millətin iradəsindən üstün heç bir gücü tanımadığını və indiyə qədər onun qərarı əsasında hərəkət etdiklərini bildirib.

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.