DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

RUSİYA PREZİDENTİ ABŞ-IN TƏKLİFİNİ İKİÜZLÜLÜK ADLANDIRIB

Rusiya qlobal çağırışlara, həmçinin dünya iqtisadiyyatı, ticarət, maliyyə və texnologiya bazarlarının sürətli transformasiyasına cavab vermək üçün səyləri birləşdirməyə çalışır. “Sputnik” informasiya agentliyinin xəbərinə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bəyan edib.

Dövlət başçısı bildirib ki, ABŞ-ın Rusiyanı məğlub etmək cəhdləri ilə yanaşı strateji sabitlik üzrə dialoq təklifi ikiüzlülükdür: “Onlar bizimlə ciddi şəkildə strateji sabitlik məsələlərini müzakirə etmək niyyətindədirlər, eyni zamanda, döyüş meydanında Rusiyanı strateji məğlubiyyətə uğratmağa çalışırlar. Bu, ikiüzlülüyün bariz nümunəsidir”.

Qeyd edək ki, Vladimir Putin fevralın 29-da Federal Məclisə illik müraciəti ilə çıxış edib. Konstitusiyaya uyğun olaraq, Rusiya prezidenti hər il Federal Məclisə ölkədəki vəziyyət, daxili və xarici siyasətin əsas istiqamətləri haqqında mesajla müraciət edir.

Prezidentin müraciəti Rusiya Federasiyasının inkişaf vektorunu müəyyənləşdirir və bir qayda olaraq qanunların və fərmanların əsasına çevrilir.

ABŞ-DAN TÜRKİYƏYƏ “F-16”LARLA BAĞLI MƏKTUB

ABŞ-ın 40 ədəd yeni “F-16 Blok-70”lərin Türkiyəyə tədarükü və mövcud 79 ədəd “F-16”nın modernləşdirilməsi üçün göndərdiyi “Təklif və qəbul məktublarının layihəsi” Türkiyə Milli Müdafiə Nazirliyinə və müvafiq bölmələrə çatdırılıb. “Trend” agentliyinin məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlayıb.

Verilən xəbərə görə, araşdırmalar bitdikdən sonra iki tərəfin görüşəcəyi və bu görüşdə birgə araşdırma və qiymətləndirmələrin aparılacağı bildirilib.

“Siyahı və məhsullar əsasında qiymət təyin olunacaq. Son razılaşma mərhələsinə gəlincə, bu razılaşmanın ümumi dəyəri açıqlanacaq. Təklifimiz Türkiyədə həyata keçiriləcək istehsal və modernləşdirmə fəaliyyətləri üçün ABŞ səlahiyyətlilərinə göndərildi”, - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsindən sonra ABŞ prezidenti Cozef Bayden Konqresə müraciət edərək Ankaraya “F-16” satışını təsdiqləməyə çağırıb.

FƏLƏSTİNDƏ TEXNOKRATİK HÖKUMƏT MÜHARİBƏYƏ NECƏ TƏSİR EDƏ BİLƏR?

Fələstində texnokratik hökumətin yaradılması nəzəri cəhətdən mümkündür, lakin bu, Qəzzada müharibəyə son qoymayacaq. “Report” agentliyinin xəbərinə görə, bunu Beynəlxalq Böhran Qrupunun baş analitiki Tahani Mustafa Fələstin hökumətinin istefasına münasibət bildirərkən bəyan edib.

Baş nazir Məhəmməd əş-Aştaye və hökuməti bununla bağlı ərizəsini Fələstin dövlətinin başçısı Mahmud Abbasa təqdim edib. Bu, bir çox müşahidəçilər tərəfindən Fələstin ərazilərinin idarəsi və İsraillə münaqişənin sona çatmasından sonra Qəzzanın yenidən qurulmasına nəzarət etmək üçün yeni texnokratik hökumətin formalaşması yolunda ilk addım hesab olunur.

Qeyd edilir ki, prezident Mahmud Abbas hökumətin istefasının Qəzza zolağında müharibəyə son qoymaq, İsrail qüvvələrinin buradan çıxarılması üçün beynəlxalq təminatların verilməsi və anklavın blokadasının aradan qaldırılması üçün vasitəçilik səyləri ilə bağlı olduğunu bildirib. Lakin analitikin fikrincə, texnokratik hökumətin yaradılması əsas problemləri həll etməyəcək.

AVROPADA SIĞINACAQ ALMAQ İSTƏYƏNLƏRİN SAYI PİK HƏDDƏ ÇATIB

Avropa İttifaqına üzv 27 dövlətin, həmçinin Norveç və İsveçrənin təqdim etdiyi hesabata görə, 2023-cü ildə bu ölkələrə beynəlxalq müdafiə üçün 1,14 milyon insan müraciət edib ki, bu da son yeddi ilin ən yüksək göstəricisidir. “Trend” agentliyinin xəbərinə əsasən, Avropa İttifaqının sığınacaq agentliyinin məlumatına görə, müraciətlərin sayı 2022-ci illə müqayisədə 18 faiz artıb və 2015-2016-cı illərdəki böhrana yaxın səviyyəyə çatıb.

Bununla yanaşı, hesabatda müraciətlərin ən çox suriyalılar tərəfindən edildiyi bildirilir. Onların sayı 2022-ci illə müqayisədə 38 faiz artıb. Siyahıda ikinci yerdə əfqanıstanlılar qərarlaşıb.

Məlumatda, həmçinin 2023-cü ildə Avropa İttifaqına sığınmaq istəyən fələstinlilərin sayının öncəki illə müqayisədə təxminən 65 faiz artaraq 11 min 600 nəfərə çatdığı qeyd olunur. 334 min müvafiq müraciətin qeydə alındığı Almaniya Avropa İttifaqı üzvləri arasında sığınacaq axtaranların ən çox müraciət etdiyi ölkə olub.

COZEF BAYDENİN TİBBİ MÜAYİNƏSİNİN NƏTİCƏLƏRİ MƏLUM OLUB

ABŞ prezidenti Cozef Baydenin tibbi müayinəsinin nəticələri normaldır. “Report” agentliyinin xəbərinə görə, bu barədə dövlət başçısının özü bəyan edib. Prezident Ağ Evdə jurnalistlərlə görüşü zamanı vurğulayıb ki, müayinənin nəticələri ötən ildəkindən fərqlənmir.

ABŞ Prezident Administrasiyası bəyan edib ki, dövlət başçısının onun əqli qabiliyyətlərini qiymətləndirməyə ehtiyacı yoxdur.

2023-cü ildə Baydenin terapevti onun vəziyyəti haqqında hesabat təqdim edib. Sənəddə qeyd edilib ki, Amerika lideri sağlamdır və heç bir problem olmadan öz vəzifələrini yerinə yetirə bilir.

Xatırladaq ki, fevralın 28-də ABŞ prezidenti hakimiyyətdə olduğu müddətdə üçüncü dəfə tibbi müayinədən keçib. Məlumata görə, 81 yaşlı siyasətçi Valter Rid adına Milli Hərbi Tibb Mərkəzinin əməkdaşları tərəfindən müayinə olunub.

Eyni zamanda, Ağ Evin indiki sahibi qarşıdan gələn seçkilərdə iştirak etmək niyyətində olduğundan, tibbi müayinə onun yaşı ilə bağlı narahatlıqlar səbəbindən təşkil edilib.

İRAN PEYKİ RUSİYADAN KOSMOSA GÖNDƏRİLİB

Rusiya orbitdən Yerin səthinə 500 kilometr məsafədən İranın topoqrafiyasını skan edəcək tədqiqat peykini kosmosa göndərib. “Röyters” agentliyinin xəbərinə görə, Rusiyanın “Soyuz” raketi ilə “Vostochnıy” kosmodromundan fəzaya göndərilən 134 kiloqram ağırlığında olan “Pars 1” tədqiqat zondlama peyki üç kamera ilə təchiz edilib.

Qeyd edilir ki, 2016-cı ildə istifadəyə verilən kosmodrom Rusiyanın Uzaq Şərqindəki Amur bölgəsində yerləşir. Həmin ərazi Rusiyanın Çinlə sərhədindən çox da uzaqda deyil və Vladivostok limanından təxminən 1500 kilometrlik məsafədədir.

İranın informasiya və rabitə naziri İsa Zarepur dövlət televiziyasına müsahibəsində deyib: “Hazırkı yerli buraxılış bazalarımız hələ günəşlə sinxron orbit üçün peyk buraxmaq qabiliyyətinə malik deyil, ona görə də biz Rusiyanın buraxılış bazasından istifadə edirik”.

Qeyd edək ki, Rusiya 2022-ci ildə Qazaxıstanın “Baykonur” kosmodromundan İranın uzaqməsafəli “Xəyyam” peykini orbitə göndərib. Bu kosmik buraxılışlar ABŞ-ın sanksiyaları altında olan iki ölkə arasında imzalanmış elmi-texniki əməkdaşlıq protokolları çərçivəsində həyata keçirilir.

İLK ŞƏHƏRLƏRARASI HAVA TAKSİSİNİN SINA

Q UÇUŞU

Dünyanın ilk şəhərlərarası hava taksisi sınaq uçuşunu həyata keçirib. “TRT” telekanalının xəbərinə görə, Çinin təyyarə istehsalçısı “AutoFlight” şirkətin şəhərlər arasında qısa məsafəli sərnişin daşımaları üçün hazırlanmış elektrik Şaquli Uçuş və Eniş Vasitəsinin (eVTOL) sınaq uçuşunu gerçəkləşdirib.

Sınaq uçuşu ölkənin cənubundakı Quanqdon əyalətindəki İnci çayının iki ayrı sahilində Şençjen və Çjuhay şəhərləri arasında konseptual nəqliyyat vasitəsi ilə həyata keçirilib.

Şirkət 20 dəqiqəlik sınaq uçuşunun dünyada ilk şəhərlərarası hava taksi xidməti”olduğunu və onun pilotsuz, eləcə də sərnişinsiz reallaşdığını bildirib.

Məlumata əsasən, altıpərli planer tipli təyyarə pilot da daxil olmaqla 5 nəfəri maksimum 250 kilometr məsafəyə apara bilir. Qeyd edilir ki, uçan avtomobil saatda 200 kilometrə qədər sürətlə hərəkət etmək qabiliyyətinə malikdir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.