Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"Vestnik Kavkaza": "Qarabağ" ilk görüşdə "Braqa" üzərində inamlı qələbə qazanıb

Azərbaycan flaqmanı "Qarabağ" UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

"Vestnik Kavkaza" xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Portuqaliyada "Braqa"nın qonağı olub.

Qarşılaşma Azərbaycan təmsilçisinin inamlı qələbəsi ilə bitib - 4:2. "Köhlən atlar"ın qollarını 21-ci dəqiqədə Marko Yankoviç (pen), 54 və 69-cu dəqiqələrdə Abdullah Zubir, 65-ci dəqiqədə Olavio Juninyo vurublar.

Meydan sahiblərində 44-cü dəqiqədə Simon Banza, 90+1-ci dəqiqədə Joau Moutinyu (pen) fərqləniblər.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

"Anadolu Agentliyi": Ermənistanın baş naziri regionda qəsdən gərginlik yaradır

Ermənistan tərəfi həqiqətən də sülh prosesində maraqlıdırsa, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialarından əl çəkməlidir.

"Anadolu Agentliyi" bildirib ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın 15 fevral tarixində hökumət iclasında çıxışına dair şərhində yer alıb:

"Bildirilib ki, 1991-ci ilin sərhədləri və Alma-Ata bəyannaməsi əsasında ərazi bütövlüyü və delimitasiyanın həyata keçirilməsinə istinad edən Ermənistan tərəfinin son 35 ilə yaxın müddətdə nəyə görə bu xəritələrə və razılıqlara əməl etmədiyinə, sovet xəritələrində əksini tapmış sərhədləri qəbul etməkdən imtina etdiyinə, Azərbaycan ərazilərini işğal etdiyinə izahat verməsi yaxşı olardı.

Ermənistanın bütün qonşularının ərazi bütövlüyünü dəstəklədiyini iddia edən baş nazirə Ermənistan Konstitusiyasında, qüvvədə olan qanunvericilik aktlarında, rəsmi məktublarında, rəsmi bəyanatlarında, beynəlxalq təşkilatlar və məhkəmələrdə yaydığı sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən iddialarını xatırlatmaq istərdik".

"Hraparak": Nazirlər Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Gürcüstan və Türkiyənin xarici işlər nazirləri İlya Darçiaşvili və Hakan Fidan Cənubi Qafqazdakı vəziyyəti və regional təhlükəsizlik problemlərini müzakirə ediblər. Bu barədə "Hraparak" nəşri məlumat yayıb.

Xəbər verilir ki, nazirlər regionda davamlı və sabit inkişaf üçün sülhün bərqərar olmasının vacibliyini bir daha vurğulayıblar. Bununla bağlı Gürcüstan və Türkiyənin rolu qeyd olunub.

Görüşdə tərəflər tranzit və enerji layihələrinin həyata keçirilməsinə, Gürcüstan, Azərbaycan və Türkiyənin tranzit potensialına toxunublar. Bu kontekstdə Bakı-Tbilisi-Qars avtomobil yolunun, eləcə də Orta Dəhlizin həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib.

Məlumatda bildirilib ki, bu ilin mart ayında Gürcüstan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

"Tolo News": Azərbaycan ilk dəfə Kabildə səfirlik açacaq

Əfqanıstanın Xarici İşlər Nazirliyi bildirib ki, Azərbaycanın səfiri xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Müttəqiyə Azərbaycanın Kabildə səfirlik açmaq niyyətini ifadə edən sənəd verib.

Bu barədə "Tolo News" xəbər saytı məlumat yayıb. Nazirlik açıqlamasında bildirib ki, Əmir Xan Müttəqi bu qərarı alqışlayıb və bildirib ki, səfirliyin açılması və Azərbaycanın səfir göndərməsi Kabil və Bakı arasında əlaqələrin qurulmasında əsas hadisədir. İslam Əmirliyinin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Diplomat İlham Məhəmmədov Əmir Xan Müttəqi ilə görüşündə iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsində Azərbaycanın maraqlı olduğunu bildirib.

"Turkic World": Azərbaycan gəmiləri Beynəlxalq Dəniz Təşkilatının meyarlarına cavab verir

"Turkic World" yazır ki, Azərbaycan Dövlət Dəniz və Liman Agentliyi ASC Azərbaycanın Dövlət Gəmi Reyestri və Berboat-Çarter Reyestrində qeydiyyatdan keçmiş qayıqlar haqqında məlumat yayıb. "2024-cü ilin əvvəlinə Dövlət Gəmi Reyestrində və Berbot-Çarter Reyestrində qeydiyyata alınan gəmilərin sayı 500 ədəd təşkil edir ki, bu da 2003-cü illə müqayisədə 39 faiz artım deməkdir", - deyə hesabatda qeyd olunub. Bu göstərici bütün dövrlər üzrə Dövlət Dəniz və Liman Agentliyi tərəfindən Beynəlxalq Dəniz Təşkilatına təqdim edilən ümumi tutum hesabatına görə ən yüksək nəticədir. Azərbaycan Respublikasının 2006-cı ildə qoşulduğu "Beynəlxalq gəmiçiliyin asanlaşdırılması haqqında" Konvensiyanın tələblərindən irəli gələrək 2024-cü il yanvarın 1-dən tətbiq edilməsi məcburi olan "Vahid dənizçilik pəncərəsi" sisteminin 2023-cü ildə demo versiyası hazırlanıb. 1995-ci ildən etibarən Beynəlxalq Dəniz Təşkilatına üzv olan Azərbaycan Respublikası dəniz nəqliyyatı sahəsində 20-dən çox beynəlxalq konvensiya və protokola qoşulub.

"Respublika".