İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Həvəskar xizəkçilər arasında "Heydər Əliyev Kuboku"na start verilib

Qış İdman Növləri Federasiyasının və "Şahdağ" Turizm Mərkəzinin təşkilatçılığı ilə həvəskar xizəkçilər arasında "Heydər Əliyev Kuboku" turnirinə start verilib. Yarışlar fevralın 17-də böyüklər və uşaqlar arasında "snoubord" üzrə, 24 fevralda isə uşaqlar arasında xizək üzrə davam etdiriləcək. Yarışın keçirilməsinin əsas məqsədi ölkədə qış idman növlərini təşviq etmək, insanlar arasında xizək idman növlərinə marağı artırmaq, həmçinin mərkəzin beynəlxalq yarışların keçirilməsi istiqamətində təcrübəsini genişləndirməkdir. Mübarizədə 46 yaşdan yuxarı kişilər və qadınlar iştirak edir. Qaliblər "Şahdağ" Turizm Mərkəzi və Qış İdman Növləri Federasiyası tərəfindən medallar və diplomlarla təltif olunacaqlar.

Xankəndi-Bakı ultra marafonu keçiriləcək

Ölkəmizdə ilk dəfə olaraq Xankəndi-Bakı ultra marafonu keçiriləcək. Fevralın 29-da Xankəndi şəhərindən start götürəcək marafon iştirakçıları 380 kilometr məsafə qət edərək finişə Bakıda çatacaqlar.

"Qürurla irəli" şüarı ilə keçiriləcək ultra marafon "İdman həftəsi" və "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində keçirilir. Ultra marafon iştirakçıları Xankəndi-Yevlax (83 kilometr), Yevlax-Ucar (84 kilometr), Ucar-Hacıqabul (88 kilometr), Hacıqabul-Qobustan (70 kilometr) və Qobustan-Bakı (55 kilometr) mərhələlərini keçməklə martın 4-də Bakıya çatacaqlar. Hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ümumi qaliblər isə baş mükafata layiq görüləcəklər.

Avropa çempionatı üçün heyət açıqlanıb

Fevralın 12-dən 18-dək Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatıında iştirak edəcək güləş üzrə Azərbaycan yığmalarının heyəti açıqlanıb. Yarışa ilk öncə yunan-Roma güləşçiləri başlayacaqlar. Heyətdə Rəşad Məmmədov (55 kiloqram), Nihat Məmmədli (60 kiloqram), Murad Məmmədov (63 kiloqram), Həsrət Cəfərov (67 kiloqram), Ülvü Qənizadə (72 kiloqram), Sənan Süleymanov (77 kiloqram), Rafiq Hüseynov (82 kiloqram), İslam Abbasov (87 kiloqram), Murad Əhmədiyev (97 kiloqram) və Beka Kandelaki (130 kiloqram) yer alıb.

Qadın güləşçilərindən Mariya Stadnik (50 kiloqram), Jalə Əliyeva (57 kiloqram), Ayona Kolesnik (59 kiloqram), Birgül Soltanova (62 kiloqram) və Elis Manolova (65 kiloqram) mübarizə aparacaq. Çempionatın son günlərində isə xalçaya sərbəst güləşçilər çıxacaqlar. Ölkəmizi İslam Bazarqanov (57 kiloqram), Nürəddin Novruzov (61 kiloqram), Əli Rəhimzadə (65 kiloqram), Kənan Heybətov (70 kiloqram), Turan Bayramov (74 kiloqram), Orxan Abasov (79 kiloqram), Arseni Cioyev (86 kiloqram), Osman Nurmaqomedov (92 kiloqram), Maqomedxan Maqomedov (97 kiloqram) və Georgi Meşvildişvili (125 kiloqram) təmsil edəcəklər.

Nərgiz İSMAYILOVA,

"Respublika".