Prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc hüquqşünasların andiçmə mərasimi keçirilib
Sosial həyat

Prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc hüquqşünasların andiçmə mərasimi keçirilib

Dünən Azərbaycan Respublikasının Baş Prokurorluğunda müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilmişdir.

Prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşlar əvvəlcə Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin, daha sonra Şəhidlər xiyabanında ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının unudulmaz xatirələrini yad etmişlər.

Tədbirdən öncə Baş Prokurorluğun rəhbərliyi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Baş Prokurorluğun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoymuş, unudulmaz xatirəsini ehtiramla yad etmişlər.

Mərasimdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, qazilərə şəfa dilənmişdir.

Baş Prokurorluqdan verilən məlumata görə, tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev yola saldığımız 2023-cü ilin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ilinə təsadüf etməsinin yüksək tarixi əhəmiyyətə malik olduğunu, bununla yanaşı, Ulu Öndərin irsini öyrənməyin, onu təbliğ etməyin, bu irsdən faydalanmağın, onu gələcək nəsillərə çatdırmağın dövlətimizin qarşısında duran vacib məsələlərdən biri olmaqla, təkcə "Heydər Əliyev İli"ndə deyil, bütün dövrlərdə mühüm əhəmiyyət kəsb etdiyini, bu il çərçivəsində digər dövlət qurumları kimi, prokurorluq orqanları tərəfindən də dahi liderin mənalı həyatı və Azərbaycanın parlaq gələcəyinə istiqamətlənmiş mükəmməl, çoxşaxəli fəaliyyətindən bəhs edən silsilə təbirlərin, o cümlədən müxtəlif konfransların, dəyirmi masaların, görüşlərin, açıq qapı tədbirlərinin və s. təşkil olunduğunu, film çəkildiyini və nəşrlər çap edildiyini bildirmişdir.   

Ölkəmizin hərtərəfli və dayanıqlı inkişafı istiqamətində atılan addımların böyük əzm və qətiyyətlə davam etdirilərək möhtəşəm uğurlara nail olunduğu, 2024-cü ilin 25 dekabr 2023-cü il tarixli Sərəncamla "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsinin ətraf mühitin qorunmasına verilmiş ən böyük töhfə olmaqla, növbəti ildə ölkəmizin evsahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransı (COP) xüsusi əhəmiyyətə malik olduğu diqqətə çatdırılmışdır.

Xüsusi vurğulanmışdır ki, 44 gün davam edən Vətən müharibəsi nəticəsində 30 il ərzində işğal altında olan əzəli torpaqlarımız işğaldan azad edilmiş, 23 aprel 2023-cü il tarixdə Laçın-Xankəndi yolunun başlanğıcında, Ermənistanla sərhəddə Nəzarət-Buraxılış Məntəqəsinin yaradılması, daha sonra 19 sentyabr 2023-cü il tarixdə 24 saatdan az müddətdə lokal xarakterli anti-terror tədbirləri ilə Azərbaycanın dövlət suverenliyi bütün ölkə ərazisində bərpa edilmişdir.

Baş prokuror bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq uçun namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnamənin tələblərinə müvafiq olaraq 2002-ci ildən başlayaraq, keçirilən müsabiqələr yolu ilə qulluğa qəbul olunmuş hüquqşünaslar Azərbaycan Prokurorluğunun kadr korpusunun əhəmiyyətli hissəsini təşkil edir. Həmin Əsasnaməyə uyğun olaraq növbəti dəfə 11 aprel 2023-cü il tarixdə Baş Prokurorluq tərəfindən elan edilmiş 25-ci müsabiqənin nəticələri üzrə 52 gənc hüquqşünas qulluğa qəbul edilmişdir. Gənclərdən 3-ü Vətən müharibəsinin iştirakçısı olmaqla, artıq prokurorluq orqanlarında şərəfli xidmətlərini davam etdirəcəklər. Eyni zamanda, qeyd edilmişdir ki, 2020-ci ildə Vətən müharibəsinin başa çatmasından sonra prokurorluq orqanlarında qulluğa qəbulla bağlı keçirilmiş 4 müsabiqənin nəticələri üzrə müvəffəqiyyət qazanmış 21 nəfər Vətən müharibəsi iştirakçısı qulluğa qəbul edilmişdir. Onlardan 2 nəfəri 2020-ci ildə, 10 nəfəri 2021-ci ildə, 6 nəfəri 2022-ci ildə, 3 nəfəri isə 2023-cü ildə elan edilmiş müsabiqə üzrə uğur qazanmışdır.

Daha sonra prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərin vəzifələrə təyin edilməsi barədə Baş Prokurorluq üzrə əmr elan edilmiş, işə qəbul olunanlar təntənəli surətdə and içmiş və onlara Baş prokuror Kamran Əliyev tərəfindən xidməti vəsiqələr təqdim olunmuşdur.

Çıxış edən ADA Universitetinin rektoru, professor Hafiz Paşayev işə qəbul olunan gənc əməkdaşları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, prokurorluq orqanlarının dövlət müstəqilliyimizin, xalqımızın və dövlətimizin cinayətkar qəsdlərdən qorunması, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində xüsusi yerə malik olduğunu bildirib.

Prokurorluq əməkdaşlarının daim ədalətin keşiyində dayandığını vurğulayan professor Hafiz Paşayev Ermənistanın Azərbaycan Respublikası ərazisində törətdiyi cinayətlərin istintaqı və beynəlxalq ictimaiyyət qarşısında ifşası naminə prokurorluq əməkdaşlarının fədakar fəaliyyətini xüsusi qeyd etmişdir.

Vurğulanmışdır ki, ADA Universiteti və Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi arasında imzalanmış birgə əməkdaşlıq haqqında memorandumun icrası uğurla davam etdirilir.

Prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərdən Aytac Əkbərova, Murad İsgəndərov və Vətən müharibəsinin iştirakçısı Orxan Məmmədov çıxış edərək gənc mütəxəssislərə göstərilən dövlət qayğısına görə öz minnətdarlıqlarını bildirərək, onlara göstərilən yüksək etimadı doğruldacaqlarına söz vermişlər.

Baş prokuror Kamran Əliyev mərasimə yekun vuraraq qulluğa qəbul olunan gənc prokurorluq əməkdaşlarını təbrik etmiş, prokurorluq işçisinin şərəfini həmişə uca tutacaqlarından əminliyini ifadə etmişdir.

"Respublika".