Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Fətəli Xan Xoyski

Uzun illər adının çəkilməsi belə qadağan edilən, görkəmli dövlət xadimi, müstəqil Azərbaycanın ilk Baş naziri və yaradıcılarından biri, küçədə güllələnərək erməni terroruna qurban gedən Fətəli xan Xoyski... Yaxın dostu və məsləkdaşı M.Ə.Rəsulzadə sonralar onun haqqında yazırdı: "Fətəli xan Azərbaycan tarixinin təşəkkülündə mühüm rol oynamış simalardandır, cümhuriyyətin bolşeviklər tərəfindən istilası zamanı Tiflisə iltica eyləmiş, burada Azərbaycan davasını idarə etməkdə ikən xain bir qurşun qiymətdar həyatına faciəli bir surətdə xitam vermişdir. Fətəli xanın bu surətlə həyat səhnəsindən çəkilməsi Azərbaycan istiqlalının həsrəti ilə dağüdar olan könüllərdə silinməz bir təsir buraxmışdır"...

"Taxta parçalarından yaranmış gəmini fırtınalı bir gündə elə idarə etmək lazım idi ki, dağa-daşa çarpmadan onu fırtına yatanadək salamat saxlaya biləsən... Bax, Fətəli xan Xoylu bu işi görə bildi". Bu sözləri isə Üzeyir bəy söyləmişdi...

Fətəli xan İskəndər xan oğlu Xoyski Nuxada - indiki Şəki şəhərində dünyaya gəlib. Atası İskəndər xan Xoyski Rusiya İmperiyasının Kazak leyb-qvardiyasının general-leytenantı, anası Şərəbanı xanım isə Şəki xanları nəslindən olan Hacı Molla Zeynalın qızı olub. "Xoyski" soyadı ulu babası ilə bağlıdır. Onların əsli Cənubi Azərbaycanın Xoy şəhərindəndir. Ulu babası Cəfərqulu Xoy xanı olub. Bu nəsildən görkəmli sərkərdələr, dövlət xadimləri və ziyalılar çıxıb. Uşaqlığını Gəncədə keçirən Fətəli xan elə orada klassik gimnaziyanı, daha sonra isə Moskva Universitetinin hüquq fakültəsini bitirib və hüquqşünas kimi çalışıb.

Qeyd edək ki, Azərbaycanın bayrağındakı ağ rəngli aypara və səkkizguşəli ulduzla mavi, qırmızı və yaşıl rənglərdən ibarət olan milli rəmzimizin qəbul olunmasının səbəbkarı məhz Xoyski olub. Bundan əlavə, Azərbaycan Dövlət Universitetinin yaranmasının təşəbbüsü də ona məxsusdur. O, Azərbaycan üçün ən ağır və mürəkkəb dövrdə, sözün əsl mənasında, ölüm və ya olum məsələsinin həll olunduğu illərdə fəaliyyət göstərib.

Xoyskinin rəhbərliyilə ilk dəfə 1918-ci ildə iki diviziyanın yaradılması ilə Azərbaycan ordusunun formalaşdırılmasına başlanıldı, iyunun 27-də türk dili Azərbaycanın dövlət dili elan olundu, iyulun 2-də ilk polis bölümünün yaradılması haqqında əmr verildi, iyulun 15-də isə Güney Qafqaz ərazisində türklərə və müsəlmanlara qarşı törədilən vəhşilikləri, qətliamları, soyqırımları öyrənmək və günahkarları məsuliyyətə cəlb etmək üçün Fövqəladə Təhqiqat Komissiyası yaradıldı. Məhz onun təşəbbüsü ilə 31 mart tarixinin "soyqırım"ı günü kimi qeyd olunmasına qərar verildi. Bakı vaxtının ölkə ərazisində saat vaxtı kimi götürülməsi, mətbuat üzərindən senzuranın qaldırılması məhz Xan Xoyskinin adı ilə bağlıdır...

Eyni zamanda Qaryagin qəzasının Cəbrayıl qəzası adı ilə əvəz edilməsi, çoxpartiyalı parlament sisteminin yaradılması, Azərbaycan Respublikasının pul və poçt markalarının buraxılması, ana dilində məktəb və seminariyaların açılması və digər mütərəqqi tədbirlərin həyata keçirilməsi də onun sayəsində mümkün olub.

Yüksək əxlaq sahibi və vicdanlı dövlət xadimi kimi tanınan Fətəli xan Xoyski hökumət kabinəsində çalışan bir şəxsin neftlə bağlı korrupsiyada iştirakını öyrənəndə Baş nazir vəzifəsindən istefa edib. Onun özünə qarşı heç bir şübhə olmasa da, vəzifədən getməyə üstünlük verib.

Dini etiqadına görə Fətəli xan şiə müsəlmanı idi. O, rus və Azərbaycan dillərini bilirdi. Lakin Azərbaycan dilində çətinlik çəkərək danışırdı. Xoyskinin həyat yoldaşı Yevgeniya adlı rus olub. Amma Yevgeniya Xoyskiyə ərə gələndən sonra İslamı qəbul edib və Ceyran adını götürüb. Cütlüyün bu izdivacdan üç övladı-bir qızı (Tamara) və iki oğlu (Murad və Ənvər) dünyaya gəlib.

Yəqin çox az adam bilir ki, Xoyskinin qızı Tamara xanım Azərbaycandakı ən fəal bolşevik liderlərindən biri, Azərbaycan SSR KP MK-nın sədri, Azərbaycan maliyyə xalq komissarı və Tacikistan SSR Kommunist Partiyası MK-nın birinci katibi postlarını tutan Mirzə Davud Hüseynovun həyat yoldaşı olub. Oğlu Murad Bakıda nəqliyyat idarəsində çalışıb. Kiçik oğlu Ənvər Moskvada əməliyyat zamanı diabet xəstəliyi səbəbindən narkozdan sonra ayılmayıb.

Sovet hakimiyyəti qurulduqdan sonra Xoyski Tiflisə köçüb. Burada ermənilər tərəfindən güllələnib. Tiflisdə İrəvan meydanından keçən 44 yaşlı dövlət xadimi "Daşnaksütyun" partiyasının üzvləri Aram Erkanyan və Misak Qriqoryan tərəfindən atəş açılaraq qətlə yetirilib. Tiflis botanika bağının ərazisində yerləşən köhnə müsəlman qəbiristanlığında torpağa tapşırılan Xoyski M.F.Axundovun yanında dəfn edilib.

Şervud Anderson

Hər kəs həyatla fərqli şəkildə vidalaşır. Kiminin əcəli gəlir, kimi həyatına intiharla son qoyur, kimi hər hansı bir xəstəliyin, kimlər isə təsadüfün qurbanı olur. Haqqında söhbət açacağımız amerikalı yazıçı Şervud Anderson isə təsadüf nəticəsində o dünyalıq olub... Qeyri-adi ölümü ilə diqqətçəkən yazıçının nə yaradıcılığında, nə də ki şəxsi həyatında bəxti gətirib...

Ohayo ştatının Kamden şəhərində dünyaya göz açan yazıçı 7 uşaqlı ailənin üçüncü övladı olub. Andersonun ailəsi kasıb olduğundan o, tam orta təhsil ala bilməyib. Kiçik yaşlarında atasını itirən balaca Anderson, uşaqlıq illərindən ağır fiziki əməklə məşğul olub və müxtəlif sahələrdə özünü təsdiq etməyə çalışıb.

Bitməz-tükənməz yaradıcılıq eşqi, ehtirası olan yazıçı özü haqqında belə deyirdi: "Mən əyyaş kimiyəm, mürəkkəb iyi üçün ölürəm"... İrihəcmli romanlar yazmasına baxmayaraq, o hekayə və novella ustası kimi tanınıb. Romanları ona şöhrətdən çox baş ağrısı gətirib. Yazdığı romanların demək olar ki, heç birini uğurlu adlandırmaq olmaz. Xüsusilə "Qara gülüş" Amerikada bestellerə çevrilsə də, tənqidçilər və müasirləri tərəfindən ciddi tənqid atəşinə tutulub. Sözügedən roman demək olar ki, onun ciddi imicini darmadağın edib.

Andersonun bir yazar kimi unikallığı ondadır ki, yaradıcı təxəyyülə malik olan hər bir adam onun hekayəsini oxuduqdan sonra nəyisə öyrənməməsi qeyri-mümkündür. Onun hekayələri hər bir yaradıcı insana yeni yazı texnikası və fərqli üslub öyrədir. Məhz buna görə də o, "İtirilmiş nəsil"in nümayəndələri qədər tanınmasa da, birmənalı olaraq "İtirilmiş nəsil"in atası hesab olunur.

Yazıçı nə az, nə çox düz 4 dəfə ailə qurub. Onun ilk evliliyi Cornelia Pratt Lane ilə olub və bu nikahdan onun 3 övladı dünyaya gəlib. 11 illik evlilik həyatından sonra əsəb pozğunluğu keçirən Anderson arvadından boşanaraq heykəltəraş Tennessi Claflin Mitchell ilə evlənib. Sonralar bu xanımla da boşanan Anderson yazıçı Folknerin qohumu olan Elizabeth Prall ilə ailə qurub. Folknerlə tanışlığı "Əsgər mükafatı" adlı ilk romanının dərc edilməsinə yardımçı olub. Yazıçı dördüncü dəfə Eleanor Copenhaverlə evlənib. Lakin yazıçının bu evlilikdə də bəxti gətirməyib. Belə ki, xanımı onunla birgə Cənubi Amerika səyahətinə çıxarkən Panamada, gəmidə xəstələnərək ölüb.

Həyat və yaradıcılığı kimi ölümü də hər kəsdən fərqli olan yazıçı 64 yaşında qonaqlıq zamanı bilmədən diş çöpü udub və elə oradaca dünyasını dəyişib.

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".