Pambıq yığımı davam edir
İqtisadiyyat

Pambıq yığımı davam edir

"Ağ qızıl" – 2023

Azərbaycan öz müstəqilliyini ikinci dəfə bərpa etdikdən sonra ərzaq təyinatlı məhsulların (taxıl, kartof, üzüm, heyvandarlıq və s.) istehsalına üstünlük verməyə başladı. Məqsəd gənc respublikada əhalini gündəlik ərzaq məhsulları ilə etibarlı təmin etmək idi. Lakin 2015-ci ildə neftdən gələn gəlirlərin nisbətən azalması, üstəlik də neftin əbədi olmayacağı reallığı hökuməti alternativ mənbələr axtarmağa sövq etdi. 2016-cı ildən etibarən hökumət pambıqçılığın inkişafına ciddi fikir verməyə başladı. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə keçirilən Sabirabad, Saatlı, Bərdə müşavirələri pambıqçılığın inkişafında mühüm rol oynadı. "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı"nın qəbulu (2017-ci il) ölkədə 500 min ton "ağ qızıl" istehsalını hədəfləyirdi. Ötən il pambığın əkin sahələri bir qədər də artırıldı, 104,3 min hektar sahədən 321,8 min ton məhsul istehsal olundu. Bu, ondan əvvəlki 2021-ci ildəkindən 12,1 faiz çoxdur.

Pambıq ixracyönümlü məhsuldur. Ötən il respublikamızdan xaricə 77,6 min ton pambıq lifi, 8,6 min ton iplik ixrac olunub. Müvafiq olaraq, ölkəyə 174,5 və 33,1 milyon dollar valyuta gəlib. Nəticədə pambıqçılar və bu sahədə çalışanlar ölkə üzrə 30 milyon manatdan artıq əlavə  gəlir əldə etdilər.

Bu il pambığın əkin sahələri əvvəlki ilə nisbətən bir qədər azaldılıb - 94,2 min hektar. Məqsəd sahələri artırmadan daha çox məhsul əldə etməkdir. Amma yayın ikinci yarısında pambıq bitkilərində baş verən xəstəliklər, sentyabr ayında isə aramsız yağışlar məhsula ciddi ziyan vurdu. Fermerlər təkcə məhsul itkisi ilə üzləşmədilər, həm də qalan məhsulların keyfiyyəti aşağı düşdü. Ağaclarda qalan qozalar isə içinə su dolduğuna görə çürüməyə başladı. Ona görə də mütəxəssislər bu il məhsul həcminin 250 min tonu keçməyəcəyini proqnoz edirlər.

Xatırladaq ki, hazırda fermerlər hər kiloqram "ağ qızıl"a görə 19 qəpik əlavə subsidiya alırlar. Pambıq bitkiləri xəstəliklərinin və yağışın vurduğu ziyanın da sığortalanmasını (və ya bu ziyanların aradan qaldırılmasını nəzərdə tutan hansısa başqa variant) nəzərə almaq yaxşı olardı. Belə olarsa, fermerlər dəymiş ziyanı kompensasiya etmiş olarlar.

Tarlalarda pambıq yığımı davam edir.

Nəriman CAVADOV,

"Respublika".