Baş nazirin müavini Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri ilə görüşüb
Siyasət

Baş nazirin müavini Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri ilə görüşüb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev noyabrın 23-də Çin Xalq Respublikasının ölkəmizdəki səfiri xanım Qo Min ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-Çin dostluq və əməkdaşlıq əlaqələrinin siyasi, iqtisadi, ticarət, qarşılıqlı investisiyalar, nəqliyyat-logistika, energetika, kənd təsərrüfatı, humanitar və bütün digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, dövlətlərarası münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı bildirilib.

Həmçinin nəqliyyat-tranzit sahəsində qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi, xüsusilə də "Bir kəmər, bir yol" təşəbbüsünün, eləcə də Orta Dəhlizin ən vacib hissəsi olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun birgə təşviqinin əhəmiyyəti vurğulanıb. Bu çərçivədə hüquq-müqavilə bazasının təkmilləşdirilməsi, eləcə də əməkdaşlıq mexanizmlərinin genişləndirilməsi məqsədilə yaxın zamanlarda imzalanması nəzərdə tutulan bir sıra sənəd layihələri müzakirə olunub.