Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatı
Digər xəbərlər

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatı

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Bakı şəhəri Suraxanı rayonunun Hövsan qəsəbəsindəki Quşçuluq massivində yeni mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılır.

Quşçuluq massivi son illər fərdi yaşayış evlərinin tikilməsi hesabına genişlənib. Ərazinin bir hissəsində içməli su təchizatı əhali tərəfindən fərdi qaydada yaradılmış və tikinti normalarına cavab verməyən xətlər hesabına aparılıb. Digər hissələrdə yaşayan sakinlər isə indiyədək içməli suyu maşınlarla alırdı. Bütün bunlar nəzərə alınaraq, həmin ərazilərdə içməli su təchizatı şəbəkəsinin yaradılmasına qərar verilib. Hövsan qəsəbəsinin Quşçuluq massivində 1200-dək sakin dayanıqlı içməli su ilə təmin olunacaq.

Qeyd edək ki, əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 2023-cü ildə daxili imkanlar hesabına paytaxtın Binəqədi, Novxanı, Badamdar qəsəbələrində, həmçinin regionlarda layihələr icra olunub.