Duzu əvəz edən elektron çubuq
Yaponiya bu gün dünyanın ən çox duz istehlak edən ölkələrindən biridir. Elə bu məqsədlə də yaponiyalı alimlər duz istifadəsinin qarşısını almaq üçün dünyada ilk dəfə ağlasığmaz bir kəşfə imza atıblar. Belə ki, elm adamları duzluluq hissi yaradan elektron çubuq hazırlayıblar.
İstər burger, istər bir kasa makaron, istərsə də salat olsun, fərq etməz duzsuz heç bir yeməyi təsəvvür etmək mümkün deyil. Hər kəsə məlumdur ki, duzun həddindən artıq istifadəsi də orqanizmə zərərli təsir edir. Təsəvvür edin ki, yemək yeyərkən istifadə etdiyiniz çubuq vasitəsilə duzun dadını hiss edirsiniz, ancaq onun sizə heç bir zərəri olmur. Yaponiyanın Meiji Universitetinin alimləri kulinariya tarixində ilk dəfə olaraq məhz belə bir üsula əl atıblar. Tədqiqatçılar qolbaqdan natrium ionlarını ağıza ötürən elektron çubuq hazırlayıblar.
"Hazırladığımız yemək çubuqları elektrik stimullaşdırması və bir bilək bandına bərkidilmiş mini kompüterin köməyi ilə yeməyin dadını dəyişə bilir. Qurğu zəif elektrik cərəyanından istifadə etməklə yeməklərdən natrium ionlarını çubuqlar vasitəsilə ağız boşluğuna çatdıraraq duzluluq hissi yaradır. Nəticədə duzlu dad 1,5 dəfə artır", - deyə Universitetinin professoru Homei Miyaşita bildirib.
Yetkin bir insanın gündə təxminən orta hesabla 10 qram duz istehlak etdiyi bildirilir ki, bu da Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi miqdardan iki dəfə çoxdur. Bu günə qədər aparılan araşdırmalar daha çox natrium qəbulunun yüksək təzyiq və insult kimi xəstəliklərin inkişaf riskini artırdığını ortaya qoyub. Mütəxəssislər bu texnologiyanın belə xəstəliklərin qarşısının alınmasında əla bir fürsət olduğunu söyləyirlər.
Professor Miyaşita çubuqların prototiplərinin artıq hazır olduğunu və 2023-cü ilə qədər isə bazara çıxarılacağını qeyd edib.
İnformasiya "The Guardian" qəzetində dərc edilib.
"Kosmik kərpic"lə Marsda ev tikiləcək
Yerdən kənar planetdə yaşamaq yüzlərlə, hətta minlərlə ildir ki, bəşəriyyətin ən böyük arzularından biridir. Başqa bir planetdə yaşamaq dedikdə isə ilk olaraq ağla gələn Marsdır. Yaxın 10 ildə insanların bu planetə göndərilməsi nəzərdə tutulur. Lakin uzun müddətdir ki , orada yaşayış mühitinin necə yaradılacağı sual altında idi və bu, ən başlıca problemlərdən biri hesab olunurdu. Ancaq yaxın günlərdə əldə edilən nailiyyət bu problemin potensial həllini təklif edir. Belə ki, elm adamları Qırmızı planetdə kərpic istehsalını hədəfləyir.
"PLOS One" jurnalında dərc olunan yeni araşdırma bu suala olduqca qeyri-adi bir həll yolu təklif edir. Belə ki, Hindistan Kosmik Tədqiqatlar Təşkilatının (ISRO) alimləri bakteriyalardan Marsda yaşayış yerləri yaratmaq üçün istifadə edilə biləcəyini iddia edirlər. Elm adamları Qırmızı planetdə evlərin inşasında istifadə ediləcək kərpicin heyvanların ifrazatından əldə etməyin mümkün olduğunu söyləyirlər. Tədqiqatçılar Marsın torpağının peynin tərkibindəki azot və bakteriyalarla qarışığının tikinti materialı hazırlamaq üçün daha əlverişli xammal olacağını bildiriblər. Mütəxəssislər müxtəlif bakteriya və karbamid adlı maddələrlə zəngin olan bu qarışıqdan əldə edilən xammalın beton qədər möhkəm ola biləcəyini vurğulayıblar. Lakin bu metodun Marsda tətbiqi üçün daha çox sınağa ehtiyac olduğu qeyd edilib.
"Mars torpağı canlı orqanizmlər üçün zəhərlənməyə səbəb olacaq qədər dəmirlə zəngindir. Başlanğıcda bakteriyalarımız ümumiyyətlə böyümədi. Daha sonra nikel, xlorid əlavə etməklə torpağı münbitləşdirə bildik. Bu bizim üçün ilkin olaraq böyük nailiyyətdir", - deyə araşdırma rəhbəri Aloke Kumas bildirib.
Komandanın yeni hədəfi istehsal etdikləri kərpicləri Marsda laboratoriya şəraitində atmosfer və cazibə xüsusiyyətlərinə görə sınaqdan keçirməkdir.
Bədən üzvlərini itirənlərə müjdə
Bristol Universitetinin alimləri 3D printerdən istifadə edərək insan dərisindən daha həssas süni dəri istehsal ediblər. Elm adamları ərsəyə gətirdikləri robotun bədən üzvləri amputasiya olunmuş insanlar üçün ümid yeri olacağını söyləyirlər.
Alimlər 3D printerdən istifadə edərək süni dərini həqiqi dəridən daha "gerçək" bir vəziyyətə gətirməyə nail olublar. Yeni texnologiyanın ən böyük üstünlüyü isə insanlarda olmayan barmaq ucu reseptorlarının olmasıdır.
Bristol Universitetinin robototexnika laboratoriyasının professoru Nathan Leporanın rəhbərliyi ilə tədqiqatçılar insan dərisində tapılan və toxunma hissindən məsul olan dermal papilla hüceyrələrini təqlid etməklə robot əlin daha həssaslığını təmin ediblər.
"The Royal Society Interface" jurnalında dərc olunan məqalədə insanlarda toxunma hissini yaradan sinir siqnallarının elektrik qeydləri ilə süni əlin barmaq ucu qeydlərinin təəccüblü dərəcədə oxşar olduğu ortaya çıxıb.
Məqsədlərinin insan dərisinə bənzər, hətta ondan daha yaxşı bir dəri istehsal etmək olduğunu söyləyən professor Lepora yeni texnologiyanın ən incə detallara qədər həssas olmadığını bildirib. Bunun səbəbinin isə printerlərin insan dərisindən daha qalın bir dəri çap etməsi ilə əlaqəli olduğu bildirilib. Tədqiqatçılar gələcəkdə mikroskopik üçölçülü printer texnologiyası ilə bu problemin aradan qaldırıla biləcəyini söyləyirlər.
Bilavasitə amputasiya edilmiş ətrafların yerinə istifadə edilən protez əllərin performansının da artırılması gözlənilir. Beləcə, əzalarını itirmiş insanların həyatı bir az da asanlaşacaq.
Professor Lepora bu yeniliyin yumşaq hüceyrəli robototexnika sahəsində daha cəlbedici olacağını vurğulayıb. Bütün bunlar sürətlə inkişaf edən robot texnologiyasında perspektivli bir başlanğıc kimi görünür.
İnformasiya "TechXplore" veb saytında yayımlanıb.
Günəş enerjisini 10 ildən çox saxlamağın yolu
Günəşdən əldə edilən enerji ilə bağlı hələ də böyük problemlər yaşanırdı. İndiyə qədər bu enerjini saxlaya biləcək ucuz və səmərəli sistem yox idi. İsveçrənin Chalmers Texnologiya Universitetinin alimləri günəş enerjisinin saxlanması yolunda mühüm addım atıblar. Elm adamları günəş enerjisini 10 ildən çox depolaya bilən xüsusi maye hazırlayıblar.
Universitetin mühəndisi Jeffrey Grossman verdiyi açıqlamada günəş panelinin təkrar doldurulan batareya kimi olduğunu izah edib: "Əgər elektrik əvəzinə günəş işığını işə salmaq istəyirsinizsə, o, avtomatik qoşulur. Bu molekul karbon, hidrogen və azotdan ibarətdir. Molekulun atomları arasındakı bağlar yenidən qurularaq, izomer adlanan enerjinin yeni bir versiyasına çevrilir. Bu izomerdəki enerji 18 ilə qədər saxlanıla bilər. Tələyə düşən bir yırtıcı kimi, günəşdən gələn enerji izomerin güclü kimyəvi bağları arasında tutulur. Hətta otaq temperaturuna qədər soyuduqdan sonra belə orada qala bilir. Enerjiyə ehtiyac olduqda molekul orijinal formasına geri dönən və istilik şəklində enerji verən katalizatordan çəkilir".
Universitet binasının damında quraşdırılmış sisteminin bir prototipi ilə yeni maye sınaqdan keçirib. Tədqiqatçılar bu layihənin bir çox investorun diqqətini çəkdiyini qeyd ediblər.
Yenilənə bilən, emissiyasız enerji cihazı, bir növ peyk antennası kimi Günəşi izləyən mərkəzdə boru olan kreflektordan ibarətdir. Sistem dairəvi şəkildə işləyir. Şəffaf borularla pompalandıqdan sonra maye günəş işığı ilə qızdırılır. Enerji lazım olduqda isə molekullar mayeni 63 dərəcə qızdıran xüsusi bir katalizatordan süzür.
Hər şey planlaşdırıldığı kimi gedərsə, texnologiyanın 10 il ərzində kommersiya məqsədləri üçün istifadə oluna biləcəyi düşünülür.
Hazırladı:
Elenora HƏSƏNOVA,
"Respublika".