Mərdlik, şücaət nümunəsi
Sosial həyat

Mərdlik, şücaət nümunəsi

Ağdam Muğam Mərkəzində "Azərbaycan-İraq" Mədəni Əlaqələr İctimai Birliyinin layihəsi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və "Vətən Media" yaradıcılıq qrupunun təşkilatçılığı ilə çəkilmiş, Vətən müharibəsi şəhidi İsrafil Zülfüqar oğlu İbrahimovun xatirəsinə həsr olunmuş "Şuşalı qəhrəman İsrafil İbrahimov: Yalnız İrəli-4" sənədli filminin təqdimat mərasimi keçirilib.

Rayon icra hakimiyyətinin dəstəyi ilə təşkil edilmiş tədbirdə şəhidin ailə üzvləri, qazilər, filmin yaradıcı heyəti, QHT-lərin və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasimdə Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının və ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə RİH-in başçısı Vaqif Həsənov şəhid İsrafil İbrahimovun keçdiyi şərəfli döyüş yolundan, şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısından, 23 saat davam edən lokal xarakterli antiterror tədbirlərindən ətraflı bəhs edib.

Şəhidin atası Zülfüqar İbrahimov çıxışında bildirib ki, düşməni diz çökdürən oğullar öz qanı bahasına xalqımıza Zəfər bayramı yaşatdılar. Sərkərdə, xalq və ordu birliyi çox qısa bir vaxtda Azərbaycanın ərazi bütövlüyünü təmin edib. Şəhidlər Vətənimizi, xalqımızı, onun qürurunu, haqqını, bayrağını ucaltdılar və ən ali məqama yüksəldilər. Qarabağı azad edən oğullarla fəxr edirik! Şəhid ailələrinə göstərilən dövlət qayğısına görə dövlətimizin başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, filmin ərsəyə gəlməsində əməyi olanlara və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Azərbaycan Ordusunun kiçik çavuşu olan İsrafil İbrahimov Vətən müharibəsində Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda aparılan döyüşlərdə iştirak edib, oktyabrın 26-da Laçın rayonunun Səfiyan kəndi istiqamətində gedən döyüş əməliyyatlarında qəhrəmancasına şəhid olub.

İsrafil Zülfüqar oğlu İbrahimov ölümündən sonra Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib. Adı və xatirəsi əbədilik qazanan şəhidlərin qəhrəmanlığı gələcək nəsillər üçün əsl örnəkdir, igidlik, cəsurluq dastanıdır.

Salman ALIOĞLU,

"Respublika".