Xatirələrdə yaşayanlar
Digər xəbərlər

Xatirələrdə yaşayanlar

İmişlidə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalanların doğum və anım günlərində onların ailələri, məzarları ziyarət olunur. İmişlinin Məzrəli kəndində Quliyev Elçin Etibar oğlunun şəhadətə yüksəlməsinin üçüncü ildönümündə xatirəsi anılıb.

Elçin Quliyev 24 avqust 2001-ci il tarixdə İmişli rayonunun Məzrəli kəndində anadan olub. Vətən müharibəsində Suqovuşanın azad olunması uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Elçin Etibar oğlu Quliyev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Rayon icra hakimiyyətinin başçısı Elçin Rzayev, aparatın məsul işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Mətləb Murğuzov, rayon prokuroru Valeh Səmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri şəhidin ailə üzvləri, yaxınları, kənd sakinləri şəhidin məzarını ziyarət edib, üzərinə tər gül-çiçək dəstələri düzdülər.

İcra başçısı Elçin Rzayev adları Vətən tarixinə qızıl hərflə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu söylədi. Elçin Quliyev kimi vətənpərvər, mərd övlad böyütdüklərinə görə şəhid ailəsinə təşəkkürünü bildirdi. Dövlətimiz və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını və şəhid ailələrinin hər zaman dövlətimiz tərəfindən diqqət və qayğı ilə əhatə olunacağını vurğuladı. Şəhidin ailə üzvləri ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.

Ə.ABDULOV,

"Respublika".