Müasirliklə ənənələr qovuşur
Digər xəbərlər

Müasirliklə ənənələr qovuşur

Çinin "China Media Group" media korporasiyasına müsahibəsində müxbir Bakı haqqında xoş hisslərini bildirərək qeyd edib ki, ölkənizin və şəhərin nə dərəcədə müasir olması bizdə dərin təəssürat yaratdı və getdiyimiz hər yerdə bir Azərbaycan elementi var. Müxbirin səmimi fikirlərinə minnətdarlıqla yanaşan Azərbaycan Prezidenti İlham Əliyev deyib: "Tamamilə haqlısınız ki, biz şəhərlərimizin əsl orijinallığını, nailiyyətlərini qoruyub saxlayırıq. Eyni zamanda, biz ölkəmizi müasirləşdiririk. Bakıda gördükləriniz müasirliklə ənənələrin qovuşmasıdır və hesab edirəm ki, onlar bir-birinə qarşı çıxmır, bir-birinə zidd deyil. Bu, məqsədyönlü şəkildə edilib, çünki Bakı kimi tarixi şəhərdə ilk məqsəd tariximizi və memarlıq abidələrini qorumaqdır. Eyni zamanda şəhərə inkişaf etmək imkanı verilməlidir. Bakıda hər iki məqamı duya bilərsiniz. Zənnimcə, bu, həqiqətən mühüm nailiyyətdir və bunu qeyd etdiyinizə görə sağ olun".

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra aparılan islahatlar respublikamızın sürətli inkişafına səbəb oldu. Bu yüksəlişi paytaxt Bakının simasında daha aydın görmək olar. İnamla demək olar ki, son illərdə Bakı nəinki Qafqazın, eləcə də dünyanın sürətlə böyüyən şəhərlərindən birinə çevrilib. Bakıda hər ay onlarla yeni, müasir ünvan formalaşdırılır. Bir vaxtlar boş olan ərazilərdə indi yeni yaşayış massivləri salınır. Şəhərdə yeni parklar, prospektlər, yol qovşaqları, metro stansiyaları, otellər, idman və sağlamlıq mərkəzləri, məktəb, uşaq bağçaları və sair istifadəyə verilir. Bu yüksəliş, böyümə XXI əsr Bakısını dünyanın gözəl meqapolisinə çevirir.

Prezident İlham Əliyevin ölkənin inkişafına göstərdiyi diqqət və qayğı, dövlətin iqtisadi gücünün durmadan artması sosial layihələrin uğurla həyata keçirilməsini stimullaşdırır. Dövlət başçısının son illərdə tapşırıq və göstərişlərinə uyğun olaraq Bakıda həyata keçirilən abadlıq-quruculuq işlərinin miqyasının daha da genişlənməsi paytaxt sakinlərinin və ölkəmizə gələn turistlərin istirahətinin hərtərəfli təşkili baxımından böyük rol oynayır. Bütün bunlar, eyni zamanda, Bakını dünyanın ən gözəl şəhərlərindən biri edib. Bunu istər paytaxt sakinləri, istərsə də şəhərimizin qonaqları vurğulayırlar.

Ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin sağlamlaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planı çərçivəsində sənaye obyektlərindən çoxu paytaxtın hüdudlarından kənara çıxarıldı, çirkli torpaqların təmizlənməsinə, dəniz sahilinin abadlaşdırılmasına başlanıldı. Bakı buxtasının lap mərkəzində yerləşən bu ərazidə indi "Ağşəhər" layihəsi reallaşdırılır. Yaxın illərdə burada müasir və gözəl şəhər Bakının böyük bir hissəsinə çevriləcək və bu, həm də paytaxtın ekologiyasının yaxşılaşdırılması yolunda bir addım olacaq.

Paytaxtımız özünün tarixi-memarlıq görünüşünə görə onu dünyanın digər iri şəhərlərindən fərqləndirən xüsusiyyətlərə malikdir. "İçərişəhər", xalq arasında həm də "Qala" və ya sadəcə "Qədim şəhər" kimi tanınan tarixi məhəllə Bakının ən qədim hissəsi, həmçinin tarixi-memarlıq qoruğudur. İçərişəhəri çox vaxt şəhər içərisində şəhər adlandırırlar. Doğrudan da qala darvazasından içəri ayaq qoyanda sanki başqa bir aləmə düşürsən-orta əsrlər şəhərinə. Müasirliklə keçmişi bir-birindən yalnız qala divarları ayırır. İçərişəhərdə yerləşən məşhur memarlıq abidələri Qız qalası və Şirvanşahlar sarayı Azərbaycan memarlığının inciləri hesab edilir.

Bunlardan başqa, qoruq ərazisində onlarla tarixi-memarlıq abidələri - məscidlər, karvansaralar, hamamlar, yaşayış evləri yerləşir, bir neçə muzey, səfirlik, otel, ticarət obyektləri, kafe və restoranlar fəaliyyət göstərir. 2000-ci ildə Qız qalası və Şirvanşahlar saray kompleksi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş ilk obyektdir. Şəhərsalma nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edəni ərazilərdən biri də Bakıya gələn xarici qonaqların böyük maraq göstərdikləri Dənizkənarı bulvardır. Bakı bulvarının ərazisi Bayraq Meydanından 20-ci sahəyə qədər 3 kilometr, Dəniz Vağzalından Nobel prospekti istiqamətində isə daha 2 kilometr uzadılıb.

Cari ilin 27 iyununda Ağdamda Ümumdünya Şəhər Forumunun "Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək" adlı 11-ci sessiyasında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı da bu baxımdan tarixi hadisəyə çevrildi. Tədbir strateji planlama və səmərəli əməkdaşlıq dövlətləri ümumi problemlərin həlli istiqamətində də həmrəy edir. Fəaliyyət 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyini, yeni Şəhər Gündəliyini, dayanıqlı urbanizasiyanı və şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə səylərin mahiyyətini istiqamətləndirir.

Şəhərlərin tarixi dövlətlərin, dövlətlərin tarixi xalqın tarixidir. Bu baxımdan Bakının tarixinə olduqca həssas yanaşılmalıdır. Şəhərin tarixi görkəmi, tarixi siması yeniləşdirilir, ancaq tarixilik saxlanılmaqla yeniləşdirilir. Prezident İlham Əliyev deyib: "Paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, onun infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi təmin olunub. Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə olunub. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir". Tarixiliklə müasirliyin vəhdətini özündə birləşdirən Bakı dünyanın ən füsunkar şəhərlərindən biridir desək, qətiyyən yanılmarıq. Tarix boyu əzəməti, ecazkarlığı ilə daim diqqəti cəlb edən paytaxtımız böyük elmi-mədəni və sənaye mərkəzi olmaqla yanaşı, ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biri hesab olunur. Bu gün ölkəmizin iqtisadi və sosial həyatında baş verən dəyişikliklər bütün sahələrdə yüksəlişlə müşayiət olunduğundan hər yerdə abadlıq, quruculuq işləri geniş vüsət alıb. Dinamik inkişaf, infrastrukturun yeniləşdirilməsi, bərpa və quruculuq işləri regionlarla yanaşı, paytaxt Bakıda da uğurla davam etdirilir. Müasir Bakı hər il ötdükcə daha da gözəlləşir.

Yeni salınan parklar, istirahət məkanları, əhaliyə xidmət göstərən müasir infrastrukturun qurulması insanların rahatlığına, gözəl istirahətinə yönəlmiş layihələrdir. Paytaxtın Səbail rayonunun Həsən Seyidbəyli küçəsində yerləşən, istifadəsiz ərazidə yeni salınan Çəmbərəkənd parkı da bu istiqamətdə görülən işlərin davamıdır. Parkın yerləşdiyi ərazidə park və xiyabanlar mövcud olsa da, xüsusi dizaynla layihələndirilən bu cür konsept olmayıb. Ərazinin relyefinə uyğun olaraq sürüşmənin qarşısını almaq üçün istinad divarları ilə əhatələnən parkda Bakı şəhərində ilk dəfə estakada üzərində piyadalar üçün 147 metr uzunluğunda körpü də salınıb. Şəhər mənzərəli iki terras düzəldilib, müasir standartlara cavab verən fəvvarə inşa edilib, ərazidə iaşə obyekti, sanitar qovşaq və inzibati bina tikilib.

Bakının inkişafına çox böyük diqqət göstərilir. Onun müasir meqapolisə, böyük şəhərə çevrilməsi səyləri öz nəticəsini verməkdədir. Şəhərimizdə həm abadlıq-quruculuq işləri uğurla aparılır, həm də infrastruktur layihələri icra edilir.

Mustafa KAMAL,

"Respublika".