Rəşadətli döyüş yolu
Sosial həyat

Rəşadətli döyüş yolu

Allahverdizadə Elnur Əli oğlu 1995-ci il 15 may tarixində Sumqayıt şəhərində anadan olmuşdu. Zəngilan rayon və 41 saylı Sumqayıt şəhər orta məktəbində oxuduqdan sonra Bakı Slavyan Universitetinin tərcümə fakültəsinin Çex-Azərbaycan dili ixtisası üzrə ali təhsil alaraq vətənə xidmətə getmişdi. 2016-2017-ci illərdə Daşkəsən rayonunda yerləşən hərbi hissədə artilleriya ixtisası üzrə xidmət keçmişdi.

Xidmətini başa vurduqdan sonra Elnur Allahverdizadə Səs rejissoru ixtisasına yiyələnmişdi. Belə ki, "İlk media" ilə, "Picmus Production" ilə əməkdaşlıq edib. "İlk media"nın layihəsi olan "Bozbash Pictures" ilə birgə çalışıb, "Bir xalanın sirri" filmində yaradıcı heyətdə səs rejissoru kimi yer alıb. "Barama", "Atılmışlar", "Zeynəb" seriallarında fəaliyyət göstərib. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan "Son iclas" filmində də ona həvalə edilən işin öhdəsindən layiqincə gəlib. Bundan əlavə, Allahverdizadə Elnur saysız-hesabsız reklamların çəkilişlərinin səs rejissorluğunu edib.

Vətən müharibəsi başlayarkən Elnur könüllü olaraq Azərbaycanın haqq savaşına qatılıb, topçu kimi ağır döyüşlərdə iştirak edib. Ağdam, Xocavənd, Tərtər istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edərək qəhrəmanlıq göstərib. 2020-ci il noyabrın 7-də Xocavənd rayonu ilə üzbəüz olan Ağcabədi rayonun Yuxarı Qiyaməddinli kəndində düşmənin top mərmisindən şəhid olub. Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Fotoqraflar Birliyinin təşkilatçılığı ilə həvəskar fotoqraflıqla da məşğul olan Elnurun çəkdiyi fotolardan ibarət Bakı şəhəri Xətai Sənət Mərkəzində və Sumqayıt Rəsm Qalereyasında fotosərgi, ali təhsil aldığı Bakı Slavyan Universitetində ona ithaf edilən bir neçə tədbir keçirilib. Döyüş yoldaşları Elnurun igidliyini, vətənpərvərliyini, dövlətə və xalqa bağlılığını, torpağa və vətənə olan sevgisini ailə tərbiyəsinin məntiqi nəticəsi hesab edir və belə igidləri olan vətənin heç vaxt düşmən tapdağında qala bilməməsini vurğulayırlar.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqlarımızla daim maraqlanan Elnur İkinci Qarabağ müharibəsində qazanılan qələbədən son dərəcə böyük qürur hissi keçirirdi. Doğma yurdu Zəngilanın azad olunduğu gün isə sevincinin həddi-hüdudu olmayıb. Müharibə qurtaran kimi azad etdikləri Zəngilanı ziyarət etdikdən sonra qalib əsgər kimi evə qayıdacağını deyirdi. Lakin onun səbirsizliklə gözlədiyi sevincli günlər ərəfəsində Elnurun şəhid olacağını yuxuda görən anası Süsən Həsənova deyir ki, gördüm mənə oğlumun şəhidlik vəsiqəsini təqdim edirlər. Dedilər ki, oğlun şəhid olub, bu da onun şəhidlik vəsiqəsidir. Bir neçə gün sonra Elnurun şəhid olduğunu eşitdik.

Şəhadətindən sonra Elnur Allahverdizadə döyüş rəşadətinə görə "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

M.NƏRİMANOĞLU,

"Respublika".