MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ
Maraqlı

MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

Sancaklar məscidi

Dünyanın ən məşhur dini abidələrindən olan Sancaklar məscidi 2011-ci ildə İstanbulda inşa olunub. Türkiyəli memar Əmrə Arolatın layihəsi əsasında tikiliən bu məscid 33 aya başa gəlib. Unikal tikili Barselonada keçirilən Ümumdünya Memarlıq Festivalında "Gələcəyin Layihəsi" mükafatına və 2013-cü ildə Sinqapur Beynəlxalq Memarlıq Festivalında "Dini strukturlar" kateqoriyasında birinci yerə layiq görülüb. Bu yaxınlarda Sancaklar məscidi Britaniya Memarlıq İnstitutunun Beynəlxalq Mükəmməllik Mükafatını alıb. Ümumi sahəsi 7400 kvadratmetr olan binanın tikintisində yalnız qara bazalt daşlarından istifadə edilib.

Ənənəvi Osmanlı və Səlcuq memarlığının elementlərini özündə birləşdirən Sancaklar məscidinin əsas hissəsi yerin altında - 7 metr dərinlikdə yerləşir. Tikilinin hamar və cilalanmış divarları mağaranı xatırladır. Xüsusi elementlərlə bəzədilmiş mehrab divarı isə ibadət evinin qiblə tərəfindədir. Zeytun ağacları ilə əhatə olunmuş bu abidə ərazinin memarlıq üslubu ilə ahəng təşkil edir. Məsciddə, həmçinin çoxsaylı dini kitablarla zəngin kitabxana  da fəaliyyət göstərir.

"Ağ zanbaq" binası

Sovet memarlığının ən qeyri-adi binalarından olan Robototexnika və Texniki Kibernetika Mərkəzi Elmi-Tədqiqat İnstitutu 1973-1987-ci illərdə Rusiyanın Sankt-Peterburq şəhərində inşa olunub. Memar S.B.Speranskinin rəhbərliyi altında tikilən binanın layihəsinin müəllifləri B.İ.Artyuşin,  S.V.Savin, G.M.Drabkin və A.V.Martyanov olub. "Ağ zanbaq" adlandırılan kompleks 1970-1980-ci illərdə üstünlük təşkil edən "sovet modernizmi" üslubunda dizayn edilib. Binanın tikinti işləri 16 il davam edib.

Kosmik texnologiyanın sınaqdan keçirilməsi üçün yaradılan ilk laboratoriya və istehsalat binasının hündürlüyü antenna ilə birlikdə 105, diametri 30, daxili hissəsi isə 24 metrdir. Konstruksiyanın "tac" hissəsi dəmir-betondan ibarətdir. İnstitut "Soyuz" və "Luna-16" kosmik gəmilərinin stansiyası üçün yumşaq eniş idarəetmə sistemlərinin hazırlanmasında, həmçinin Çernobılda baş verən qəzanın nəticələrinin aradan qaldırılması üçün mobil robotların yaradılması və istismarında da iştirak etmişdir. İnstitutun əsas fəaliyyət istiqamətini mexatronika və robototexnika mühəndisliyi, intellektual idarəetmə sistemləri, fotonik və optoelektron cihazların hazırlanması, kosmik cihazqayırma, lazer texnologiyaları, informasiya, idarəetmə sistemləri və simulyatorlar təşkil edir.

Səlahəddin qalası

Qahirənin vizit kartı hesab edilən qədim və əzəmətli Səlahəddin qalası XII əsrdə inşa olunub. Misirin əsas mərkəzi olan  bu qala ölkənin müdrik dövlət başçısı və böyük sərkərdə, Səlahəddin Əyyubi adı ilə tanınan Sultan Salah Əd-Dinin əmrilə tikilib. Məhz bu səbəbdən də abidə "Səlahəddin qalası" adlandırılıb. Qala ilə bağlı ən maraqlı fakt isə odur ki, Sultan Səlahəddin qalanın tikintisi üçün yer axtarışında olarkən qeyri-adi bir təcrübə aparıb. Belə ki, mühasirə zamanı xəstəlikdən qorunmaq üçün qalanın daxilində qida təhlükəsizliyi və gigiyenanın çox vacib olduğunu nəzərə alan sultan, Qahirənin hər yerində ət tikələri asmağı əmr edib.  Ertəsi gün həmin ətlər çürüməyə başlayıb, yalnız bir təpənin üzərində asılan ətə heç nə olmayıb. Beləliklə o, abidəni həmin ərazidə tikdirmək qərarına gəlib.

18 hektar ərazini əhatə edən qala saray, kazarma, həbsxana və bir neçə məsciddən ibarətdir. Zəngin oyma elementlərlə bəzədilən məscid, həmçinin ən dayanıqlı qala qapılarına sahibdir.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".