“İşə qəbul prosesində gender bərabərliyi
Sosial həyat

“İşə qəbul prosesində gender bərabərliyi" mövzusunda vətəndaş cəmiyyəti institutları ilə görüş

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vətəndaş cəmiyyəti institutları ilə "İşə qəbul prosesində gender bərabərliyi" mövzusunda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birgə təşkil olunan görüşdə nazirliyin və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin əmək və məşğulluq sahəsində gender bərabərliyinin təmin edilməsi barədə fikirləri dinlənilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, görüşdə milli qanunvericilikdə gender bərabərliyi ilə bağlı mütərəqqi beynəlxalq yanaşmalardan irəli gələn prinsiplərin əks olunduğu diqqətə çatdırılıb. Ölkəmizdə əmək və məşğulluq, eləcə də işə qəbul prosesində qadın və kişilər arasında ayrı-seçkiliyə yol verilməsinin qanunla qadağan olunduğu, habelə hamilə və ya 3 yaşına çatmamış uşağı, yaxud əlilliyi olan uşağı olan qadınlarla bağlı əmək qanunvericiliyindəki bir sıra güzəştlər və əlavə təminatlar qeyd olunub.

Görüşdə işə qəbul prosesində gender bərabərliyinin təmin edilməsi ilə bağlı müzakirə aparılıb, rəy və təkliflər bildirilib.

"Respublika".