ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN XİLASKARLIQ MİSSİYASI
Siyasət

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN XİLASKARLIQ MİSSİYASI

(əvvəli 15 iyun tarixli sayımızda)

Qeyd edim ki, 1995-ci ilin noyabrında mən ədliyyə naziri vəzifəsini icra edərkən, Avropa Şurasının dəvəti ilə Avropa Şurasında olub, onun bir neçə departamentində görüşlər keçirib, Avropa Şurasının Nazirlər Sovetinin o vaxtkı sədri Daniel Tarşislə də görüşmüşdüm. Bizim nümayəndə heyəti Avropa Şurasında olarkən, Konstitusiya artıq qəbul olunmuş, lakin hələ qüvvəyə minməmişdi. Biz gedərkən özümüzlə Konstitusiyanın mətninin rus dilində çap edilən qəzet variantını götürmüşdük. Avropa Şurasının iki rusdilli eksperti Fransadan olan professor Lessaj və Çexiyadan olan ekspert (soyadını unutmuşam) ilə Konstitusiyamızla bağlı müzakirələr aparmışdıq. Həmin qəzet üç gün bu ekspertlərdə qaldı, onu öyrəndilər və bizimlə növbəti görüşdə bildirdilər ki, bu Konstitusiya ilə Azərbaycan bir sıra Avropa ölkələrindən də çox irəli getmişdir. Ümumiyyətlə, Konstitusiya hər bir ölkənin ictimai və iqtisadi quruluşunun əsasını, idarəetmə və dövlət quruluşunun formalarını, şəxsiyyətin hüquqi vəziyyətini, mərkəzdə və yerlərdə hakimiyyət və idarəetmə orqanlarının təşkili qaydasını və səlahiyyətini, ədalət mühakiməsinin, seçki sisteminin təşkilinin əsas prinsiplərini və digər bu kimi məsələləri müəyyənləşdirən ən yüksək hüquqi qüvvəyə malik qanundur. Yeni Konstitusiyanın preambulasında dövlət müstəqilliyi və suverenliyinin qorunması ilə yanaşı, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq məqsədilə qarşılıqlı fəaliyyət göstərmək kimi ülvi niyyətlər bəyan edilmişdir. Bu Konstitusiyanın qəbulu ilə ulu öndər demək olar ki, Xalq Cümhuriyyətinin ideyalarını həqiqətə çevirdi. Bu da çağdaş tariximizin ən mötəbər hadisələrindən olmaqla, ulu öndərimizin Azərbaycan dövlətçiliyinin qarşısındakı xidmətlərindən biri sayılır. İlk dəfə olaraq sivil dövlət quruculuğuna xas olan, onun qanunverici icra və məhkəmə hakimiyyətindən ibarət bölgüsü aparılmış, hakimiyyətin yeganə mənbəyinin xalq olması prinsipi deklarativ şəkildə bəyan edilmişdir. Eləcə də Konstitusiyanın qanunvericilik sisteminin əsası olmaqla respublikada ən yüksək birbaşa hüquqi qüvvəyə malik olması təsbit edilmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, yeni Konstitusiyada haqlı olaraq "əsas qanun" terminindən imtina edilmişdir. Bu düzgün qəbul edilməlidir, çünki indi hər sahəni tənzimləyən özünün əsas qanunu vardır.

Bu gün isə Konstitusiya dövlətin ən yüksək hüquqi qüvvəyə malik qanunu hesab edilir. Ümumbəşəri, demokratik dəyərlərə əsaslanan müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulu ilə ulu öndərimizin bilavasitə rəhbərliyi altında yaradılmış hüquq islahat komissiyası milli qanunvericiliyimizi yaratmağa başladı. İlk növbədə hüquq-mühafizə orqanlarının və məhkəmələrin bilavasitə fəaliyyətini tənzimləyən qanunlar, maddi və prosessual məcəllələr, ölkəmizin iqtisadiyyatının inkişafına təminat verən iqtisadi, torpaq islahatı və özəlləşməni tənzimləyən qanunlar hazırlanıb qəbul edildi. Yalnız bundan sonra ölkəmizdə demokratik islahatların aparılmasına zəmin yarandı və ardıcıl olaraq demokratik təsisatların yaradılmasına başlandı. İlk dəfə olaraq bu Konstitusiyanın "məhkəmə hakimiyyəti" fəslində demokratik təsisat olan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz əksini tapdı, onun say tərkibi, formalaşdırılması qaydası, vəzifələri və səlahiyyətlərinin əsas prinsipləri qeyd olundu. Demokratiyanın atributlarından və müasir hüquqi dövlətin ən vacib institutlarından biri sayılan ali konstitusiya nəzarəti orqanı kimi 1998-ci ilin 14 iyun tarixində Konstitusiya Məhkəməsi yaradıldı və bu təsisat tez bir zamanda cəmiyyətdə öz layiqli yerini tuta bildi.

Elə həmin ildə qadınların dövlət quruculuğunda və siyasətdə iştirakını təmin etmək məqsədilə Qadın Problemləri üzrə Dövlət Komitəsi, eləcə də dünya azərbaycanlılarının birliyinin, həmrəyliyinin möhkəmləndirilməsinin, onların beynəlxalq konvensiyalarda təsbit olunmuş hüquq və azadlıqlarının dövlətimiz tərəfindən qorunması məqsədilə xarici ölkələrdə yaşayan azərbaycanlılarla iş komitəsi yaradıldı və bir sıra iqtisadi qurumların strukturları təkmilləşdirildi. Ölkədə uğurlu torpaq islahatı aparıldı, dövlət əmlakının özəlləşdirilməsi və bazar iqtisadiyyatına keçid başlandı.

1999-cu ildən başlayaraq ilk dəfə ölkəmizdə demokratiyanın atributlarından biri hesab edilən yerli özünüidarə orqanı olan bələdiyyələrə seçkilər keçirildi və sonralar ardıcıl olaraq bu iş davam etdirildi. Eləcə də Prezidentin yanında əfv komissiyası yaradıldı və əfv institutu mexanizmi işləməyə başladı. Ulu öndər humanizm prinsiplərini rəhbər tutaraq ardıcıl olaraq yüzlərlə məhkumu əfv etmiş, onun təşəbbüsü ilə Milli Məclis tərəfindən qəbul edilmiş amnistiya aktlarına əsasən on minlərlə şəxs cəzadan azad edilmişdir. Sevindirici haldır ki, ulu öndərin bu sahədə yeritdiyi siyasət möhtərəm dövlət başçımız İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu qəbildən olan tədbirlərin dairəsi daha da genişləndirilmişdir. "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin genişləndirilməsi barədə" dövlət başçısının 2017-ci il 10 fevral tarixli sərəncamına əsasən Cinayət Məcəlləsinə bir qrup cinayətlərin dekriminallaşdırılması ilə bağlı edilən dəyişikliklər və cəza siyasətinin humanistləşdirilməsi deyilənləri bir daha sübut edir. İnsan hüquqlarının müdafiəsinin daha səmərəli təmin edilməsi üçün İnsan Hüquqlarının Müdafiəsi üzrə Müvəkkil (Ombudsman) təsisatı və AMEA-nın tərkibində İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu yaradıldı və hər ikisi bu gün də uğurla fəaliyyət göstərir. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni üçpilləli məhkəmə sistemi, digər demokratik təsisatlar yaradıldı və ilk dəfə 2000-ci ildə test üsulu ilə hakimlərin seçim prosesinə başlanıldı. Qeyd olunmalıdır ki, hazırda bu iş daha da təkmilləşdirilmiş və şəffaf prosedurlar qaydasında həyata keçirilir. Konstitusiyada bəyan edilmiş məhkəmə hakimiyyətinin müstəqilliyinin təminat tapdığı və məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsinə zəmin yaradan "Məhkəmələr və hakimlər haqqında" Qanun qəbul olundu. Qanun yeni məhkəmə sistemini, onun təşkilati əsaslarını, məhkəmələrin və hakimlərin müstəqilliyinin təmin edilməsinə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminatın verilməsinə yönəlmişdir.

Demokratik, hüquqi dövlət quruculuğu və onun əsas tərkib hissəsi olan məhkəmə-hüquq islahatları Heydər Əliyev siyasi kursunun və dövlətçilik ənənələrinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, hüquq sisteminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə qanunvericilik və institusional islahatlar daha da dərinləşdirilir, praktik tədbirlərin dairəsi genişləndirilir, ədalət mühakiməsinin inkişafında keyfiyyətcə yeni dəyişikliklər edilir. Möhtərəm Prezidentimiz İlham Əliyevin "Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında 03 aprel 2019-cu il tarixli Fərmanını və 2020-ci ildən başlayaraq işin keyfiyyətini və səmərəliliyini artırmaq məqsədilə inzibati-iqtisadi məhkəmələrin bazasında iki ayrıca inzibati və kommersiya məhkəmələrinin yaradılmasını buna misal göstərmək olar. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə daim elmin, təhsilin, mədəniyyət və incəsənətin inkişafına böyük qayğı göstərmiş, bu sahənin nümayəndələrinə fəxri adlar vermiş, xüsusi təqaüdlər təyin etmiş, ittifaq dövləti tərəfindən onların təltif edilməsinə və yubiley tədbirlərinin nəinki Azərbaycanda, həm də bir neçə ölkədə təşkilinə nail olmuş, mədəniyyət müəssisələrinin bərpasını və yenidən qurulmasını prioritet vəzifə kimi qarşıya qoymuşdur.

İnamla demək olar ki, o, öz qayıdışı ilə nəinki Azərbaycanı, eləcə də elmimizi, təhsilimizi, mədəniyyət və incəsənətimizi tənəzzüldən xilas edən Heydər Əliyev azərbaycançılıq məfkurəsini formalaşdırmağa nail olmaqla, xalqda Azərbaycana və dilimizə məhəbbət oyatdı. O, həmişə vurğulayırdı ki, "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir, şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm". Dil hər bir millətin milliliyinin əsasıdır. Ulu öndərin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, Mən Azərbaycanlıyam" - kəlamı dillər əzbəri olub. Həqiqətən, belə bir deyim var ki, əgər bir milləti yox etmək istəyirsənsə, əvvəlcə onun dilini al.

Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində müqəddəs ailə dəyərlərimizin toxunulmazlığı keşiyində dayanan, gənc nəsli vətənpərvər, dövlətimizə və milli dəyərlərimizə bağlılıq ruhunda tərbiyələndirən qadınlara da ölkə həyatının bütün sahələrində xüsusi yer verərək qadın şəxsiyyətinə olan böyük hörmətini vurğulamış, gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirmişdir. O, daima Azərbaycan qadınının mərdliyini, iradəsini, sədaqətini ən ali dəyər kimi qiymətləndirmişdir.

Ulu öndər Heydər Əliyev tərəfindən 2000-ci ildə imzalanan "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" Fərmandan irəli gələn məsələlər öz aktuallığını itirməmişdir və ölkəmizdə uğurla davam etdirilir. 2017-ci il fevral ayının 21-də Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi bunun bariz nümunəsidir. Ümumiyyətlə, qadınlar hansı ali vəzifələrdə təmsil olunmaqlarından asılı olmayaraq, böyük məsuliyyət və əzmlə çalışırlar.

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva həm ölkədə, həm də xaricdə gördüyü işlərlə, müxtəlif sahələrdəki geniş fəaliyyəti ilə Azərbaycan qadınına örnək olaraq mərhəmətlilik, xeyriyyəçilik simvoluna çevrilmişdir. O, ailə, qadın və uşaqların problemlərini öz nəzarətində saxlayaraq uşaqların təhsili, sağlamlığı, tərbiyəsi sahəsində böyük layihələri uğurla həyata keçirir. Mehriban xanımın bu yüksək vəzifəyə təyin edilməsinin özü də məhz Heydər Əliyevin qadın siyasətindən qaynaqlanır. Heydər Əliyev tərəfindən 10 ildə bir əsrə bərabər iş görülmüşdür. Lakin qeyd olunmalıdır ki, O, ikinci dəfə hakimiyyətə gələndə dövlətin büdcəsi boş idi.

Yoxsa daha böyük və qlobal işlər görülə bilərdi. Məhz bu səbəbdən, ölkənin iqtisadi vəziyyətini dirçəltmək üçün O, bütün maneələrə baxmayaraq, 1994-cü ilin oktyabrında neft yataqlarının işlənməsi ilə bağlı xarici investorlarla "Əsrin müqaviləsi"ni imzaladı. 1995-ci ildən iqtisadiyyatda, mədəniyyətdə, mənəviyyatda dirçəliş dövrü başladı. Azərbaycanın dünya birliyinə fəal inteqrasiyası təmin edildi.

Ulu öndər Heydər Əliyevin xalqımıza ən böyük töhfəsi isə bu gün onun siyasi kursunu layiqincə davam etdirən, Azərbaycanı yüksəklərə qaldıran, respublikada qlobal beynəlxalq tədbirlərin keçirilməsinə rəvac verməklə ölkəmizi bütün dünyada tanıdan möhtərəm Prezidentimiz İlham Əliyev kimi bir siyasətçi oğul yetişdirib xalqa bəxş etməsidir. Həyat göstərdi ki, bütün məsələlərdə olduğu kimi, ulu öndərin 2003-cü ildə "Mən İlhama özüm qədər inanıram" deməsi ilə də yanılmamışdı.

Cənab İlham Əliyev bir Prezident kimi ona göstərilmiş etimadı doğruldaraq müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, dövlətin milli maraq və mənafeyini müdafiə edən bir siyasi lider kimi xalq qarşısında verdiyi vədə əməl edərək bu məsuliyyətli və şərəfli vəzifənin öhdəsindən inamla gəlmişdir.

Sevindirici haldır ki, Azərbaycan 2020-ci il sentyabrın 27-də başlamış əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu. Vətən müharibəsi bizim Böyük Zəfərimizlə bitdi. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun zəfər yürüşü Azərbaycanın tarixi Qələbəsini təmin etdi. Haqlı olaraq xalqımız 30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımızın azad olunmasını, tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsini qürurla, sevinclə qeyd etdi. Azərbaycan son iki yüz illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Qələbəmizin əldə olunmasında mühüm amillərdən biri də tarixi şəhərimiz olan Şuşanın işğaldan azad edilməsi oldu. Noyabrın 8-də Şuşanın erməni işğalından azad edilməsi çox mühüm hadisədir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu müjdəsi Azərbaycan xalqı tərəfindən böyük coşqu ilə qarşılandı. 28 il yarım artıq müddətdə işğal altında olan mədəniyyətimizin beşiyi Şuşanın azad edilməsi həm böyük siyasi, həm strateji, həm də çox böyük mənəvi məna daşıyır.

Zəfərimizə mənəvi məna verən isə 28 il yarım işğal altında olan torpaqlarımızı, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşanın döyüşlərlə azad edilməsi oldu. Noyabrın 10-u Azərbaycanın tarixinə Qələbə Günü kimi daxil oldu - bizə qürur və fəxarət yaşadan bir qələbə! Vətən müharibəsi zəfərimizlə başa çatdı və nəhayət, Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları işğalçı Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Hərbi əməliyyatların məqsədi ilk gündən sülhə məcburetmə əməliyyatı kimi göstərilirdi və biz məqsədimizə çatdıq.

Müzəffər Ali Baş Komandan başda olmaqla, qəhrəman Ordumuz Ermənistanı sülhə məcbur etdi. Döyüş meydanında qazanılmış zəfərlər siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Çox böyük qürurverici haldır ki, bu dəfə də silahlı qüvvələrin bütün şəxsi heyəti qisas və qələbə hissi ilə yaşadı, torpaqlarımızı işğaldan azad etmək uğrunda müqəddəs borcunu yerinə yetirməyə qadir olduqlarını sübut etdilər. Azərbaycan əsgəri yalnız öz gücü və qüvvəsinə güvənərək düşməni işğal olunmuş torpaqlardan qovmaqla ərazi bütövlüyümüzü bərpa etməyə qadir olduqlarını əzmkarlıqla nümayiş etdirdilər.

Xalqımız bu günü səbirsizliklə gözləyirdi. Hamımız üçün müqəddəs sayılan torpaqlarımızın azad olunması onu göstərdi ki, Vətənimizin hər qarışı uğrunda canımızdan keçməyə hazırıq. Qələbələrimizin əsas səbəblərindən biri də xalqımızın öz Prezidentinə olan inamı, etibarıdır. Öz torpağı uğrunda ayağa qalxan xalqımız məhz Prezidentimizin ətrafında səfərbər olaraq silaha sarıldı. Prezident İlham Əliyevin dediyi kimi, bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir: "Bu gün bizim əldə etdiyimiz qələbə və apardığımız hərbi əməliyyatlar həm texniki imkanlar baxımından, eyni zamanda, operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir".

Ordumuz gözəl Qarabağın tacı sayılan tarixi Şuşa şəhərini özünəlayiq misilsiz bir qəhrəmanlıqla - əlbəyaxa döyüşlə aldı. Şuşa hər bir azərbaycanlının gen yaddaşının silinməz səhifəsi, əsrarəngiz, ecazkar mədəniyyətimizin parlaq rəmzidir. Ümummilli lider Heydər Əliyev demişdir: "Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir".

Artıq Qarabağ münaqişəsi tarixə qovuşub, ölkəmizin həyatında yeni səhifə açılıb, işğaldan azad edilmiş torpaqlarımızda quruculuq və bərpa işləri həyata keçirilir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində azadlığına qovuşub, bu ərazilərdə yeni həyat başlayıb.

Azad Qarabağ, azad Zəngəzur cənnətməkana çevrilir. Bu ilin mart ayının 18-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Arzu Əliyevanın Novruz bayramı ərəfəsində Tərtər rayonunun Talış kəndinə səfərlərinin, Novruz tonqalını bu azad məkanda alovlandırmalarının öz rəmzi mənası vardır. Möhtərəm Prezidentimizin Talış kəndindən Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciətində bəyan etdiyi kimi, biz bu gün doğma Qarabağ, doğma Zəngəzur torpağında dayanmışıq və burada əbədi yaşayacağıq.

Heydər Əliyev siyasətinin uğurlarının miqyası o qədər genişdir ki, bir yazıda əhatə etmək qeyri-mümkündür. Bunların ümumiləşdirilmiş ifadəsi bu gün Azərbaycanın adının tarixə qalib ölkə, Prezident İlham Əliyevin qalib Sərkərdə, xalqımızın məğrur, yenilməz xalq, ordumuzun rəşadətli ordu kimi yazılmasıdır. Ata vəsiyyətini yerinə yetirdiyi üçün Özünü xoşbəxt hiss edən dövlətimizin başçısı İlham Əliyev hər birimizin qürur ünvanıdır. Cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşən xalqımızın öz Liderinə sevgisi sonsuzdur.

Azərbaycanın hazırda dünya dövlətləri arasında söz sahibinə çevrilməsi və yüksək səs çoxluğu ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvlüyünə qəbul edilməsi bir daha deyilənlərin sübutu, ölkəmizin beynəlxalq imicinin əyani göstəricisi, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi xəttin, dövlət başçımız İlham Əliyevin müdrik diplomatiyasının uğurlu nəticəsidir. Bu gün Azərbaycan qlobal beynəlxalq tədbirlərin keçirildiyi və dünya ictimaiyyətinin nəzər-diqqətinin yönəldiyi bir məkana çevrilmişdir.

Heydər Əliyev xalqımızın qürur və iftixar yeri, Azərbaycanın əbədi milli sərvəti, dünəni, bu günü və sabahıdır! Onun ideyaları və siyasəti əbədiyaşardır. Bu müstəsna fəaliyyətə ən yüksək dəyəri və qiyməti də, məncə, Heydər Əliyev özü hələ sağlığında, "Azərbaycan var olduqca, mən də var olacam, Azərbaycan yaşadıqca, mən də yaşayacağam", deməsi ilə vermişdir. Bəli, Azərbaycan həmişə var olacaq, ulu öndər də qəlblərdə qurduğu əbədilik taxt-tacı ilə həmişə yaşayacaqdır!

Südabə HƏSƏNOVA,

Konstitusiya Məhkəməsinin

"Şöhrət" ordenli sabiq hakimi,

II dərəcəli dövlət ədliyyə müşaviri,

Əməkdar hüquqşünas.