Nəsillərə örnək
Region

Nəsillərə örnək

Bu gün onun keçdiyi ömür yoluna təkcə bir şəhərdə deyil, ölkəmizdə nəsillərə örnək ömür yolu kimi dəyər verilir. O, Şirvan şəhərindəki 14 nömrəli orta məktəbi bitirib. İndi həmin məktəbin həyətində büstü ucalır. Məktəb kollektivi hər gün səhər-səhər büstün önünə gül dəstələri düzüb, Azərbaycanın Milli Qəhrəmanı Rafael Şərafət oğlu Həbibovun ömür yolu ilə fəxr edir, qürur hissi keçirirlər. Hər il Milli Qəhrəmanın adını daşıyan məktəbdə doğum günü münasibəti ilə xatirə tədbiri keçirilir.

Növbəti tədbirdə şəhər icra hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları Şəhid Ailələri ilə İşin təşkili şöbəsinin müdiri Elvin Balayev, 14 nömrəli tam orta məktəbin direktor əvəzi Arzu İbrahimova, məktəbin müəllim şagird kollektivi, şəhidin ailə üzvləri, dostları iştirak etdilər. Öncə Milli Qəhrəman Rafael Həbibovun büstü ziyarət olunub, önünə gül dəstələri düzüldü. 14 nömrəli məktəbin direktor əvəzi Arzu İbrahimova Rafael Həbibovun keçdiyi rəşadətli döyüş yolundan qürurla söz açıb, təhsil illərində özünü bacarıqlı şagird kimi göstərdiyini, yoldaşlarının müəllim kollektivinin dərin hörmətini qazandığını, igidliyi ilə gənclərə örnək olduğunu bildirdi. Şəhər icra hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları Şəhid Ailələri ilə İşin təşkili şöbəsinin müdiri Elvin Balayev çıxış edərək, 44 günlük Vətən müharibəsinin şərəfli məqamlarından, əsgər zabitlərimizin şücaətindən danışdı. Şanlı Zəfərin qazanılmasında Birinci Qarabağ müharibəsində igidlik göstərən Rafael Həbibov kimi qəhrəmanların ömür yolunun örnək olduğunu bildirdi. Dövlət səviyyəsində şəhidlərimizə, onların ailə üzvlərinə göstərilən diqqət qayğının Şirvan şəhər rəhbərliyi tərəfindən davam etdirildiyi vurğulandı.

Məktəbin hərbi rəhbəri Aslan Cəfərov, Milli Qəhrəmanın qardaşı Vaqif Həbibov çıxış edərək Rafael Həbibovun döyüş yolundan, göstərdiyi şücaətlərindən danışıb, şəhidlərin ailələrinə göstərilən diqqət qayğıya görə ölkə başçısı İlham Əliyevə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər. Sonda məktəbin şagirdlərinin ifasında qəhrəmana həsr olunan ədəbi-bədii kompozisiya nümayiş olundu. Rafael Həbibovun Şirvan Dəmiryolu stansiyası qarşısında qoyulmuş ikinci büstü, Milli Qəhrəmanın el qəbiristanlığında məzarı ziyarət edildi.

Tofiq HÜSEYN,

"Respublika".