Azərbaycan dünya mediasında
Digər xəbərlər

Azərbaycan dünya mediasında

"Reuters"

Dünyanın multimedia və xəbər provayderlərindən biri olan "Reuters" öz xəbər saytında mart ayının 5-də Qarabağ ərazisində atəşkəsin pozulması ilə bağlı məlumat yayıb.

Məlumatda Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin direktoru Mariya Zaxarovanın nitqinə yer verilib: "Son bir neçə gündə atəşkəsin dəfələrlə pozulması baş verdi. Biz tərəfləri təmkinli olmağa və vəziyyəti gərginləşdirməmək üçün addımlar atmağa çağırırıq". Xəbərdə həmçinin Azərbaycan Müdafiə Nazirliyinin Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş insidentdən sonra Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi təyinatlı daşımaları həyata keçirmək üçün bu yoldan istifadə etməsi ilə bağlı məlumata da yer verilib.

Bununla yanaşı, xəbərdə beynəlxalq səviyyədə Qarabağın Azərbaycanın bir hissəsi kimi tanındığı da vurğulanıb.

 

"Daily Sabah"

Türkiyənin "Daily Sabah" qəzeti bu il fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında baş tutan görüş barədə məlumat dərc edib.

Məlumatda ölkə başçımızın 2023-cü ildə Ermənistan ilə münasibətlərin normallaşması istiqamətində irəliləyiş olacağına ümid etdiyi qeyd olunub. Bundan başqa, Azərbaycan-Ermənistan arasındakı münasibətlər də məlumatda öz əksini tapıb: "İki ölkə arasındakı münasibətlər beynəlxalq səviyyədə Azərbaycanın tərkib hissəsi kimi tanınan Qarabağın və ona bitişik yeddi rayonun Ermənistan tərəfindən 1991-ci ildə qanunsuz olaraq işğal edilməsindən sonra gərginləşmişdir. 2020-ci il sentyabrın 27-də Ermənistan ordusu humanitar atəşkəs razılaşmasını pozaraq mülki əhaliyə və Azərbaycan qüvvələrinə hücum etmişdir. 44 gün davam edən müharibə nəticəsində Azərbaycanın Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı bir neçə şəhər və 300-ə yaxın qəsəbə, kənd azad edilib. 2020-ci il noyabrın 10-u Azərbaycanın qələbəsi, Ermənistanın məğlubiyyəti kimi qiymətləndirilsə də o vaxtdan bəri atəşkəs ermənilər tərəfindən bir neçə dəfə pozulmuşdur".

 

“Sputnik” Özbəkistan

Özbəkistanın “Sputnik” xəbər saytı iki ölkə başçısının görüşü haqqında məlumat dərc edib.

Xəbərdə deyilir: SOCAR ilə dəyəri 800 milyon dollarlıq böyük neft-qaz layihəsi hazırlanır. Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev öz nitqində qeyd edib. Həmçinin o, Azərbaycan tərəfi ilə pambıq klasterinin yaradılması ilə bağlı və maşın istehsalı haqqında da danışıb: "Tezliklə avtomobil istehsalı üzrə ciddi nəticələr olacaq. Bu, martda istehsalına başlanılacaq 3 min və sentyabrda buraxılacaq 7 min yeni marka avtomobillərdir. Bu, tamamilə başqa markadır, ayrı keyfiyyətdir. İkincisi, biz pambıq klasteri haqqında razılığa gəlmişik. Bizim hər iki komandamız artıq razılaşıb. Bunun üçün torpaq sahələri ayrılıb. Düşünürəm ki, biz burada danışdığımız nəticələri əldə edə bilərik. Bizdə ipəkçilikdə çoxlu problemlər var idi, lakin fikirləşirəm ki, onlar çox yaxşı həll olunur. Bizim ipəkçilik müəssisələrinin rəhbərləri mənə məruzə edirlər ki, onlar öz evlərində işləyirlər, deyirlər bizim üçün evdə bütün şərait yaradılıb. Biz məruzə etmişik ki, maşınqayırmada, həmçinin bütün məsələlər, preferensiyalar parlament səviyyəsində həll olunur. Bu, artıq onu göstərir ki, perspektivdə bizim bu sahələrdə də çoxlu birgə layihələrimiz olacaq".

Prezident İlham Əliyev ötən ilin hər iki dövlət arasındakı əlaqədə rekord il olduğunu vurğulayıb: "Zənnimcə, ötən il münasibətlərimizin inkişafında rekord il olub. Mən üç dəfə Özbəkistana səfər etmişəm. Bu il Sizin səfərinizlə başlayır. Əminəm ki, bu il bir neçə görüş keçirəcəyik. Çünki müzakirə olunası çox məsələ, çoxlu mövzular var".

Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qoşulmama Hərəkatının martın 2-də keçirilən Sammitində iştirak etmək üçün Bakıda səfərdə olub.

"Respublika".