İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Şahmatçılarımız Avropa çempionatında iştirak edəcəklər

Martın 3-də Serbiyanın Vrnyaçka Banya şəhərində kişi şahmatçılar arasında şəxsi Avropa çempionatına start veriləcək. Çempionatda 40 ölkədən 500-dən çox şahmatçı mübarizə aparacaq. Çempionat martın 13-də başa çatacaq.

Qitə çempionatında ölkəmizi  Nicat Abasov, Eltac Səfərli, Misrətdin İsgəndərov, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Namiq Quliyev, Vüqar Rəsulov, Abdulla Qədimbəyli, Əhməd Əhmədzadə, Ülvi Sadıqov, Xəzər Babazadə, Read Səmədov, Ülviyyə Fətəliyeva, Vüqar Manafov, Nail Bəşirli, Elmar Atakişiyev, Xaqan Əhməd və Şahin Vəliyev olmaqla 19 şahmatçı təmsil edəcək.

 

Boksçularımız 18 medal qazanıblar

Rumıniyanın Arad şəhərində yeniyetmə və gənc boksçular arasında beynəlxalq turnirə yekun vurulub. 25 ölkədən 361 idmançının mübarizə apardığı yarışda

yeniyetmə boksçularımızdan Əli Baxışov, Tərlan Əhmədov, Sübhan Babayev, Elbrus Kərimli, Orucəli Cavadzadə, Mirhəsən İbrahim bütün görüşlərdə rəqiblərindən üstün olaraq qızıl medala yiyələniblər. İlkin Məmmədli final görüşündə ikinci yeri tutub.

Komandanın bürünc medallarına Vaqif Hacıyev və Rüstəm Neymətov sahib olublar.

Gənclərdən ibarət yığmanın heyətində isə Ömər Aslanlı bütün rəqiblərinə qalib gələrək qızıl medala yiyələnib. Millinin aktivinə bürünc medalları Rauf Məmmədov, Ramal Yolçuyev, Məhəmmədəli Qasımzadə, Aslan Quliyev, İlfan Xəlilli və Səbuhi Əlizadə yazdırıblar.

Beləliklə, yeniyetmə boksçularımız 6 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar. Gənclərdən ibarət millinin üzvləri isə 1 qızıl və 6 bürünc mükafata sahib olublar.

 

Badmintonçularımız ikinci  yerə layiq görülüblər

Badmintonçularımız Uqandanın paytaxtı Kampala şəhərində keçirilən “Uganda International Challenge 2023” turnirində gümüş medal qazanıblar.

Təmsilçilərimiz Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni tandemi kişi badmintonçuların qoşa kateqoriya üzrə yarışında İsveçrə, Maldiv adaları, Norveç və Fransanı təmsil edən rəqiblərinə qalib gələrək finala yüksəliblər.

Təmsilçilərimiz həlledici görüşdə Tailand badmintonçularına uduzaraq turniri ikinci pillədə başa vurublar.

Nərgiz İSMAYILOVA,

“Respublika”.