Əhalinin sosial müdafiəsi gücləndirilir
Sosial həyat

Əhalinin sosial müdafiəsi gücləndirilir

Məlumdur ki, bu il fevral ayının 10-da Prezident İlham Əliyev "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncam imzalamışdır. Sərəncam bir daha ölkə başçısının əhalinin yüksək səviyyədə yaşayışının təminatı məsələsini prioritet hesab etdiyini təsdiqləyir. Qeyd edək ki, Azərbaycanda son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunmuş, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılmışdır.

Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı Sərəncam pensiyaçıların sosial təminatının yaxşılaşdırılması baxımından əhəmiyyətli addımdır. Bu ildən etibarən sosial paketin bütövlükdə daha da dərinləşməsi müşahidə olunacaq. Praktik olaraq indeksləşdirmə ilə bağlı Sərəncam 1 milyon 200 mindən artıq vətəndaşımızı əhatə edəcək.

Həmçinin bu addımın bütün növ əmək pensiyalarının indeksləşdirilməsi anlamına gəldiyini vurğulayan millət vəkili bildirib ki, vahid indeksasiya mexanizminin tətbiq edilməsi əvvəlki illərdə pensiya hüquqları indeksləşdirilməmiş təxminən 99 min vətəndaşımızın da bu ildən etibarən pensiya məbləğlərinin artmasına səbəb olacaq. Pensiyalar 2022-ci ildə mövcud olan orta əməkhaqqındakı artım faizinə, yəni 14,7 faizə uyğun olaraq indeksləşdirilir. Praktik olaraq bu bütün növ əmək pensiyalarında artımların müşahidə olunacağından xəbər verir.

Vüqar Bayramov fevral ayında təqaüdçülərin yanvar ayının artımını yeni ayın artımı ilə birlikdə almaq imkanına malik olacaqlarını bildirərək qeyd edib ki, Sərəncamın fevral ayında imzalanmasına baxmayaraq, təqaüdlər yanvarın 1-dən hesablanır.

Xatırladaq ki, Prezident İlham Əliyev bu il yanvar ayının 5- əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında da Sərəncam imzalamışdır. Həmin Sərəncamda da bir sıra artımlar müşahidə olunmuşdur.

Nəzrin ELDARQIZI,

"Respublika".