GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

Urmu-Türkün ilk beşiyi - sevgi ocağı

Urmiyanın və Urmu gölü hadisələrinin Güney Azərbaycan ədəbiyyatında bədii təcəssümü...

(əvvəli 2 fevral tarixli sayımızda)

Urmu gölünün sürətlə quruması problemini rəsmi qurumların diqqətinə çatdırmaq və problemin çözüm yolunun tapılması üçün son illərdə dərdi yerə-göyə sığmayan Güney Azərbaycanın milli fəalları meydanlara axışaraq öz etiraz səsini ucaldır, aksiyalar keçirir, İran hökumətini təbii fəlakətin qarşısını almağa çağırır, tələblər irəli sürür, dünyanın, beynəlxalq qurumların diqqətini Urmu gölünün başının üstünü almış faciəvi duruma yönəltmək istəyirlər. Güney ziyalıları-yazarlar da bu mübarizəyə qoşularaq xalqla çiyin-çiyinə hərəkət edir, öz sözlərini daha çox qələmin gücü ilə deyirlər...

Bu yazarlardan biri, 1998-ci ildə I Şimal-Qərb Jurnallar Festivalında "Ana" adlı şeiri ilə birincilik qazanan və qadın hüquqlarının müdafiəsinə həsr edilmiş dövlətlərarası qurultay və seminarlarda iştirak edərək cəsarətli, demokratik ruhlu düşüncə və fikirlərini yüksək kürsülərdən hayqıran şair Fəranək Fərid-İpəkdir. Fəranək xanım da digər qələmdaşları kimi, Urmu hadisələrində öz sözünü deyib. Min təəssüflər ki, 2011-ci ilin sentyabrında Urmu gölünün üzləşdiyi faciəyə qarşı təşkil olunan nümayişdə bu mübariz xanım tutulub və 42 gün zindan həyatı yaşayıb. Lakin dövlət büdcəsinə ödədiyi 100 mln. tümən müqabilində azadlığa buraxılıb. Urmiyə gölünün qurudulmasına etiraz etdiyinə görə, məhkəmə Fəranək Fərid-İpəyə 3 ay 1 gün həbs cəzası və 1 mln. tümən nağd pul cəriməsi kəsib. Həqiqətən anlaşılmaz durumdur: Əgər insan öz milli mənsubiyyətini, milli kimliyini dərk edib: "Ana dilinə, milli mədəniyyətinə yiyə durursa, üzləşdiyi ekoloji fəlakətə qarşı birləşib tədbir tökməyə, vəziyyətdən çıxış yolu bulmağa çağırırsa, bu, niyə günah sayılır, cinayət hesab edilirə!".

Bəli, nə yazıq ki, türk olmaq, milli kimliyini anlamaq, Ana dilinə sahib çıxmaq istəyində olmaq İran İslam Respublikasında suçdur, cəzası isə tutulmaq, zindanlarda can çürütməkdir. Urmu gölünün qurudulmasına etiraz etmək, aksiya keçirmək də həmçinin... Maraqlı, həm də çox acınacaqlı bir vəziyyətdir. Və bu ağır vəziyyətdən bəhs edərkən istər-istəməz Yaşar Sulduzlunun "Urmuda kürdlər niyə və kimə qarşı silahlanırlar?" adlı məqaləsindən bir məqamı xatırladım: "Urmu vilayətinin Urmu, Xoy, Səlmas, Maku və digər şəhərlərində, eləcə də kəndlərdə İran Kürdüstanından köçüb gələn kürdlərin yerləşdirilməsi ildən-ilə daha da artıbdır. Kürdlər ermənilərdə olduğu kimi, xüsusi məhəllələr yaradaraq kompakt şəkildə yaşamaqla yanaşı, həm də məskunlaşdıqları ərazilərdə özünümüdafiə silahlı qrupları yaradırlar. İran dövləti isə müəmmalı şəkildə bütün bunları susqunluqla seyr edir".

Silahlı özünümüdafiə dəstələrinin yaradılmasına seyrçi qalan bir dövlət təbii fəlakət qaynağına çevrilən bir gölün qurudulmasına qarşı sadəcə etiraz səsini çıxaranları isə zindanlara atır və min bir işgəncə və əzablara məruz qoyur... İnsan donub qalır: - Türk kimliyi, varlığı bu qədərmi qorxulu, Türk xofu bu dərəcədəmi vahiməlidir? Yəqin bu xofun gücü o dərəcədədir ki, 21 Fevral - Beynəlxalq Ana Dili Günündə "İranda Azərbaycan türkcəsinə qarşı mövcud qadağalara son qoyulsun!" - şüarı ilə toplantıya qatılan və bu zaman Bəzz qalasına da yürüş edən 200 nəfərdən çox siyasi fəal həbs edilərək zindanlara atılıb?! Axı, tarixi torpaqlarında, dədə-baba yurdunda yaşamaq əzəl haqqı olan bu türk xalqı Ana dilində təhsil almaq, milli hüquqlarını bərpa etmək, milli kimliyini qəbul etdirməkdən başqa nə istəyir ki?! Sadəcə, İranda xəyanətkar və cəllad ermənilərə, kürdlərə tanınan adi hüquqları tələb edir... İstər-istəməz bu vəziyyətin səbəbkarlarını böyük cəsarətlə tənqid edən və:

Qarğış zəmanənin qanunlarına,

Qarğış ürəkləri ayıranlara,

Qarğış insanları qəfəsə salıb

Bəşər hüququndan

                   dəm vuranlara...

- deyərək lənətlər yağdıran mərhum Bulud Qaraçurlu Səhəndin misraları yada düşür:

Ancaq bir sözüm var:

                                  mən də insanam,

Dilim var, xalqım var,

                                  yurdum-yuvam var.

Yerdən çıxmamışam

                                 göbələk kimi,

Adamam haqqım var,

                                 elim-obam var.

Yenə də Yaşar Sulduzlunun fikirlərinə haqq verməyə bilmirsən: "İranda demokratik hərəkatın uğur qazanacağına inamım azdır. Avropa Birliyi, ABŞ, BMT və digər beynəlxalq qurumlar İran məsələsində farslara və kürdlərə məxsus hərəkatları, insan hüquqları təşkilatlarını tanımaqla yanaşı, onlara hərtərəfli dəstək verdikləri halda, Güney Azərbaycanda insan hüquqları, demokratik hərəkat məsələsində susmaqla bundan yan keçirlər.

(davamı növbəti saylarımızda)

 

Esmira FUAD,

filologiya elmləri doktoru.