İdman: Daim  zirvələrdə
İdman

İdman: Daim  zirvələrdə

Paytaxtımız dünya kuboku yarışlarına evsahibliyi edəcək

Martın 9-dan 12-dək Milli Gimnastika Arenasında idman gimnastikası üzrə dünya kuboku yarışları keçiriləcək. Yarışlarda rekord sayda - 56 ölkədən idmançıların iştirakı gözlənilir. Dörd gün davam edəcək yarışların yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" kuboku təqdim olunacaq.

 

Beynəlxalq turnirə yekun vurulub

Karate üzrə 7-ci "Arpachay Open-2023" beynəlxalq turnirinə yekun vurulub. Bakı İdman Sarayında keçirilən yarışlar 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunub. Üç gün davam edən yarışlarda yerli idmançılarla yanaşı, Çexiya, Gürcüstan, Küveyt, Özbəkistan, Rusiya və Ukraynadan 700-dən çox karateçi mübarizə aparıb. 14-15 yaşlı azyaşlılar, 16-17 yaşlı yeniyetmələr, gənclər və veteran idmançılar kata, kumite və komanda-kumite yarışlarında güclərini sınayıblar. Ümumilikdə, turnirdə 40-dan çox federasiya və idman klubu təmsil olunub. Yekunda "Arpaçay" karate klubu birinci, "Qara qaplan" klubu ikinci, "Yaquar" idman klubu isə üçüncü yerdə qərarlaşıb. Sonda qalib idmançılar mükafatlandırılıblar.

 

Karateçilərimiz mövsümün ilk Premyer Liqasında

Yanvarın 27-29-da Misirin paytaxtı Qahirədə Karate1 seriyasından yeni mövsümün ilk Premyer Liqa turniri keçiriləcək. Kişilərdən ibarət kumite üzrə milli komandanın baş məşqçisi Qurban Tağıyev, böyük məşqçilər Şahin Xudaverdiyev və Rəşad Hüseynov müxtəlif çəki dərəcələrində bir neçə idmançının çıxış etməsinə üstünlük veriblər. Turnirdə ölkəmizi Əminağa Quliyev, Sultan Hüseynov (hər ikisi 60 kq), Tural Ağalarzadə, Firdovsi Fərzəliyev, Nuran Rzazadə (hər üçü 67 kq), Fərid Ağayev (75 kq), Ayxan Mamayev, Pənah Abdullayev, Turqut Həsənov (hər üçü 84 kq), Asiman Qurbanlı və Osman Osmanlı (hər ikisi 84 kq-dan yuxarı) təmsil edəcəklər. Roman Heydərov kata yarışlarında iştirak edəcək.

Qadınların kumite yığmasının baş məşqçisi Denis Morozov Fidan Teymurova (50 kq), Mədinə Sadiqova (55 kq), Renata Ərəbli (61 kq) və İrina Zaretskaya (68 kq) şans verəcək.

 

İdmançımız Qış Olimpiya Festivalında çıxış edib

Fiqurlu konkisürmə üzrə beynəlxalq yarışlarda ölkəmizi təmsil edən gənc idmançımız Səbinə Əliyeva 2023-cü il Avropa Gəncləri Qış Olimpiya Festivalında qısa proqram üzrə çıxış edib. Atletimiz 30 iştirakçı ölkə arasında 45,27 xal toplayaraq 10-cu yeri tutub. İdmançımızın növbəti çıxışı sərbəst proqram üzrə olacaq. 

Nərgiz İSMAYILOVA,

"Respublika".