Rəşadətli döyüş yolu
Region

Rəşadətli döyüş yolu

Masallı rayonundakı Köhnə Alvadı kəndində 1974-cü ildə doğulub boya-başa çatan Zöhrab Məmmədxan oğlu Həsənov Birinci Qarabağ müharibəsində canını Vətənə fəda etməklə əbədi bir həyat qazanıb. İndi müqəddəs ruhu ən uca zirvələrdə dolaşan elin igid övladının ölümündən illər keçsə də, adı həmişə ehtiramla çəkilir.

 Həyatı dərk edən gündən Vətəninə ürəkdən bağlanan Zöhrab Həsənov 1992-ci ildə hərbi xidmətə çağırılır. İlk dəfə Ağdam bölgəsində düşmənlə qarşı-qarşıya çıxır. Onlara yaxşı dərs verməklə, mərdliyi, igidliyi ilə əsgər yoldaşlarına nümunə olur. Xanabad-Fərrux istiqamətində gedən müharibədə də böyük şücaətlə vuruşur. Qəlbində erməni dığalardan intiqam almaq alovu get-gedə güclənir. Bir neçə dəfə döyüş dostları onun səyi nəticəsində mühasirədən çıxırlar. 1993-cü ilin dekabrında Vətən sevdalı qəhrəman Beyləqan rayonunun müdafiəsi zamanı minaya düşərək ağır yaralanır. Həkimlərin səyinə baxmayaraq, əbədi olaraq ürəyi dayanır.

 Şəhid Zöhrab Həsənovun torpağa baş qoyduğu doğma kənd qəbiristanlığında xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatın kollektivi, ictimaiyyət nümayəndələri, kənd sakinləri abidə önünə gül-çiçək qoydular, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Mərasim iştirakçıları şəhidin ailəsinə baş çəkdilər, qayğılarını öyrəndilər.

Bəli, Zöhrab Həsənov bu işıqlı dünyada az yaşasa da, layiqli bir övlad kimi Vətən qarşısında son borcunu şərəflə verib. Odur ki, xoş xatirələrdə yaşamaqla, gələn nəsillər də onun döyüş yolunu özlərinə nümunə biləcəklər.

 Z.ORUCOĞLU.