Milli Qəhrəmanın xatirəsinə ehtiram
Sosial həyat

Milli Qəhrəmanın xatirəsinə ehtiram

Cənub mirvarisi Lənkəranda dünyaya göz açmış, bu yurdun fəxri, qürur yeri, Milli Qəhrəman Əsgər Ələkbər oğlu Əliyev müstəqil Azərbaycan dövlətinin ərazi bütövlüyü, suveren hüquqlarımızın bərpası, torpaqlarımızın azadlığı, sərhədlərimizin toxunulmazlığı və konstitusiya quruluşunun dəyişdirilməsinə qarşı mübarizədə canını fəda etmişdir. Lənkəranlılar həmişə öz qəhrəman oğlunun xatirəsini əziz tutur, onun mənalı həyat yolunu örnək götürürlər.

Şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov rayon sakinləri ilə bərabər Milli Qəhrəman Əsgər Ələkbər oğlunun doğum günündə abidəsini ziyarət edib, önünə tər güllər düzüblər. Şəhid atası ilə söhbət zamanı Taleh Qaraşov dövlətimizin hər zaman onların yanında olduğunu bildirməklə, onu da əlavə edibdir ki, dövlət və dövlətçiliyimizin müdafiəsi uğrunda canından keçən hər kəsin xatirəsinə hörmət və ehtiram göstərilməsi mənəvi borcumuzdur.

Milli Qəhrəmanın atası Ələkbər Əliyev də ən ali səviyyədə şəhidlərimizə göstərilən diqqət və qayğıdan məmnunluğunu bildirib. Daha sonra qeyd edib ki, dövlət hər zaman onların yanında olub, bütün problem və qayğıları daim diqqətdə saxlanılıb. Bütün bunlara görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarıq.

 Zəfər ORUCOĞLU.