DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

İRANDA ETİRAZLAR ZAMANI ÖLƏNLƏRİN SAYI 300 NƏFƏRİ KEÇİB

İranın hərbi-polis qüvvələri 57 gün ərzində etiraz aksiyalarında 50-si uşaq olmaqla 330 nəfəri qətlə yetirib. “Report” agentliyinin xəbərinə görə, bu barədə İran İnsan Haqları Təşkilatı açıqlama yayıb.

Bildirilib ki, aksiyalarda 15092 nəfər həbs edilib. Onların 1954-nün kimliyi və saxlanıldığı yer məlum deyil. Həbs olunanlardan 440 nəfərinin tələbə olduğu vurğulanır.

Məlumata əsasən, İranın 138 şəhərində aksiyaçılar ölkədəki idarəetmə sisteminə qarşı nümayişlər keçirib, 137 universitetin tələbələri bu nümayişləri dəstəkləyib.

Eyni zamanda, qeyd edilir ki, Beynəlxalq Əfv Təşkilatı etnik bəluc etirazçıların öldürülməsi ilə bağlı bəyanat yayıb: “Dünya Sistan və Bəlucistanda daha çox etirazçının öldürülməsinin qarşısını almaq üçün təcili tədbirlər görməlidir”.

Xatırladaq ki, ötən bazar günü İran parlamentində 227 deputatın imzası ilə nümayişlərdə saxlanılan dinc insanlara edam cəzasının verilməsini təklif edən bəyanatı qəbul olunub.

 

RİŞİ SUNAK ŞİMALİ İRLANDİYA İLƏ APARILAN DANIŞIQLARA MÜNASIBƏT BILDIRIB

Böyük Britaniya hökumətinin yeni başçısı Rişi Sunak Şimali İrlandiya ilə bağlı mübahisəli protokol üzrə Dublinlə aparılan danışıqların ilkin nəticələrindən məmnundur. “Trend” agentliyinin verdiyi xəbərə görə, bunu Rişi Sunak ölkə mətbuatına Şimali İrlandiyanın baş naziri Mixol Martin ilə görüşündən sonra bəyan edib.

“Mən məsələyə danışıqlar yolu ilə həll  tapmağa üstünlük verərdim və vəzifədə olduğum ilk günlərdə əldə olunan irəliləyişdən məmnunam”, - deyə Rişi Sunak vurğulayıb.

Baş nazirin ofisindən verilən məlumata görə, Rişi Sunak Dublin və Brüssellə kompromis həll yolu tapmağa və danışıqlara daha çox üstünlük verir.

“Rişi Sunak hər hansı bir razılaşmanın protokolun yaratdığı problemlərin tam spektrini əhatə etməli olduğunu təkrarladı, lakin çevik və praqmatik yanaşmaya ümid etdiyini bildirdi”, - deyə baş nazirin ofisindən bildirilib.

Eyni zamanda, qeyd edilir ki, R.Sunak və M.Martin Ukraynadakı münaqişə və Avropadakı “enerji böhranı” fonunda Britaniya-İrlandiya əməkdaşlığının gücləndirilməsi mövzusuna toxunublar.

 

ÇİNDƏ KORONAVİRUSA GÜNLÜK YOLUXMA HALLARI 10 MİN NƏFƏRƏ ÇATIB

Çində aprel ayından bəri ilk dəfə bir gündə 10 mindən çox koronavirusa yoluxma halı aşkarlanıb. “Report” xəbər verir ki, bu, ölkənin Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsinin noyabrın 11-də dərc etdiyi statistik göstəricilərində öz əksini tapıb.

Məlumata əsasən, son sutka ərzində rəsmi orqanlar yüksək hərarət, öskürək və “COVID-19”un digər simptomlarına 1209, o cümlədən 9520 asimptomatik yoluxma faktını qeydə alıb.

Bildirilir ki, ümumilikdə, 70,1 minə yaxın koronavirusa yoluxmuş insan hazırda Çindəki xəstəxanalardadır ki, onların 85 faizi asimptomatik daşıyıcıdır. Son bir həftə ərzində ölkənin əyalət, mərkəzi şəhər və muxtar rayon səviyyəsində bütün bölgələrində yeni yoluxma halları aşkarlanıb.

Qeyd edilir ki, ixtisaslaşdırılmış tibb müəssisələrinə yerləşdirilən bütün yoluxmuş insanların təxminən dörddə biri Çinin cənubundakı Quandun əyalətinin payına düşür.

 

RUSİYANIN CƏNUBUNDA UÇUŞLARA MƏHDUDİYYƏT MÜDDƏTİ YENIDƏN UZADILIB

Rusiyanın cənubundakı hava məkanında mülki təyyarələrə qoyulan uçuş qadağasının müddəti noyabrın 21-dək uzadılıb. “Trend”in məlumatına görə, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi açıqlama yayıb.

Verilən xəbərə əsasən, uçuş məhdudiyyəti Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Elista şəhərlərində ümumilikdə 11 hava limanına şamil olunur.

Eyni zamanda, sərnişinləri Soçi, Stavropol, Volqoqrad, Mineralnıe Vodı şəhərlərinin hava limanlarına aparmaq tövsiyə edilir. Regionda uçuşlara mövcud qadağanın müddəti noyabrın 15-də bitməli idi.

Xatırladaq ki, Rusiya Ukraynadakı müharibə ilə əlaqədar fevralın 24-də ölkənin cənubunda hava məkanını bağladığını bildirmişdi.

 

VLADİMİR PUTİNİN “G20” SAMMİTİNDƏ İŞTİRAK ETMƏYƏCƏYİ TƏSDİQLƏNİB

Rusiya prezidenti Vladimir Putin “G20” ölkələrinin sammitində və Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq (APEC) təşkilatının sammitində iştirak etməyəcək. “Trend” agentliyinin məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bəyan edib.

Bununla yanaşı, mətbuat katibi qeyd edib ki, Vladimir Putinin həmin iclaslarda onlayn formatda da iştirakı nəzərdə tutulmur.

Xatırladaq ki, ötən həftə D.Peskov Rusiya prezidentinin “G20” və “APEC” sammitlərində iştirakı məsələsinin Kremldə müzakirə olunduğunu açıqlamışdı.

Eyni zamanda, ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Praysın açıqlamasına görə, “G20” sammitində ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında təmaslar planlaşdırılmır.

Qeyd edək ki, “G20” sammiti noyabrın 15-16-da İndoneziyanın Bali adasında, “APEC” sammiti isə noyabrın 18-19-da Tailandın paytaxtı Banqkokda keçiriləcək.

 

İSVEÇ FETÖ-ÇUNU TÜRKİYƏYƏ EKSTRADİSİYA EDƏ BİLƏR

İsveç məhkəməsi “Today's Zaman” qəzetinin keçmiş baş direktoru FETÖ-çu Bülent Keneşi Türkiyəyə təhvil verməyə hazırlaşır. “Report”un “TRT” telekanalına istinadən verdiyi xəbərə görə, onun ekstradisiyası ilə bağlı qərar yaxın zamanda İsveç Prokurorluğu tərəfindən qəbul ediləcək.

Məlumata əsasən, hökmün 2023-cü ilin əvvəlində çıxacağı gözlənilir.

Bununla yanaşı, bildirilir ki, Bülent Keneş hazırda İsveçdə yaşayır. Bir müddət öncə onun Türkiyəyə təhvil verilməsi ilə bağlı dörd oxşar cinayət işi qəbul edilməmişdi.

İsveç və Finlandiyanın NATO-ya üzv olmaq istəməsinin ardından Türkiyə hər iki ölkədəki terrorçu PPK və FETÖ üzvlərinin təhvil verilməsini tələb edib. Bununla bağlı üçtərəfli müqavilə imzalanıb.

Xatırladaq ki, bir neçə gün öncə İsveçin baş naziri Ulf Kristersson Türkiyədə səfərdə olub və prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.

 

ALZHEiMER VƏ PARKİNSON XƏSTƏLİKLƏRİNİN YENİ MÜALİCƏ ÜSULU TAPILIB

Sent-Luisdəki Vaşinqton Universitetinin Tibb Məktəbinin alimləri Alzheimer və Parkinson xəstəliklərinin müalicəsi üçün yeni üsul tapıblar. Bu barədə “Sputnik” informasiya agentliyi “Nature” jurnalına istinadən xəbər verib.

Məlumata əsasən, bir çox neyrodegenerativ xəstəliklər beyində amiloid lövhələri də adlandırılan zədələnmiş zülalların yığılması ilə xarakterizə olunur. Bu cür tullantıların çıxarılması üçün mövcud üsullar müxtəlif nüanslara malikdir. Yeni məqalədə müəlliflər qeyd olunan tullantıları aradan qaldırmaq üçün innovativ üsul təqdim ediblər.

Beyni əhatə edən immun hüceyrələrin lövhələrin təmizlənməsinin effektivliyinə təsir etdiyi, yaş və Alzheimer xəstəliyi ilə bu hüceyrələrin fəaliyyətinin azaldığı müşahidə edilib.

Siçovullar üzərində aparılan təcrübələrdə mütəxəssislər heyvanları immunostimulyasiya edən dərmanların təsirinə məruz qoyublar. Bu, mayenin və “cavanlaşmış” immun hüceyrələrin çıxışını yaxşılaşdırmağa kömək edib, beyindən tullantıların keyfiyyətli şəkildə çıxarılmasına səbəb olub.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.