DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

FRANSADA BEŞ NAZİRİN TELEFON DANIŞIQLARININ DİNLƏNİLDİYİ MƏLUM OLUB

Fransanın beş nazirinin mobil telefonunda “Pegasus” adlı casus proqramının izləri aşkar edilib. “Teleqraf.com”un xəbərinə görə, bu barədə Fransanın “Mediapart” nəşri məlumat yayıb.

Nəşr iddia edib ki, bunlar təhsil naziri Jan-Mişel Blanker, ərazilərin inkişaf naziri Jaklin Qur, kənd təsərrüfatı naziri Julien Denormandi, şəhər və mənzil təsərrüfatı naziri Emmanuel Varqon və uzaq ərazilər naziri Sebastian Lekornüdür. Onların mobil telefonlarının 2019 və 2020-ci illərdə “Pegasus” adlı casus proqramının hədəfində olduğu bildirilir.

Adı çəkilən nazirlərin və Yelisey Sarayından bir rəsmi şəxsin mobil telefonlarında aparılan araşdırma zamanı “Pegasus” casus proqramının izləri təspit olunub.

Xatırladaq ki, 2019-cu ildə Fransa prezidenti Emmanuel Makronun daha çox media ilə əlaqələrdə faydalandığı mobil telefonlarından birinin “Pegasus” proqramı ilə izləndiyi iddia edilib.

 

SAAKAŞVİLİ SEÇKİLƏRƏ QƏDƏR GÜRCÜSTANA QAYIDACAĞINI BİLDİRİB

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili oktyabrda keçiriləcək yerli özünüidarəetmə seçkilərinə qədər vətəninə qayıtmaq niyyətindədir. “APA”nın xəbərinə görə, bu barədə sabiq prezident özünün “Facebook” səhifəsindəki müraciətində bəyan edib.

Mixeil Saakaşvili tərəfdarlarını daha aktiv olmağa çağırıb: “Əlbəttə mən geri qayıdacağam, lakin əgər gürcü xalqı aktiv olmasa nəyisə dəyişdirə bilməyəcəyəm. Bütün bunların öz məntiqi var. Ona görə də bizim fəaliyyətə keçmək üçün bir neçə günümüz qalır”, - deyə Saakaşvili vurğulayıb.

M.Saakaşvili hakim “Gürcü arzusu” partiyasının oktyabrın 2-də keçiriləcək yerli özünüidarəetmə seçkilərində məğlub olacağına, bundan sonra ölkədə erkən parlament seçkiləri keçiriləcəyinə və hakimiyyətin dəyişəcəyinə inandığını vurğulayıb.

Xatırladaq ki, hazırda Ukrayna Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışan Mixeil Saakaşvilinin Gürcüstan vətəndaşlığı ləğv edilib və ona qarşı vəzifədən sui-istifadə maddəsi ilə başlanan cinayət işi üzrə həbs edilməsi barədə məhkəmə qərarı var.

 

TEXAS ŞTATINDA PREZİDENT SEÇKİLƏRİNİN NƏTİCƏLƏRİ TƏKRAR YOXLANILACAQ

ABŞ-ın Texas ştatında dörd seçki dairəsində 2020-ci il prezident seçkilərinin nəticələri təkrar yoxlanılacaq. “Trend” agentliyinin məlumatına görə, bu barədə Texas ştatının katibliyi bildirib.

Məlumata əsasən, nəticələr ştatın dörd ən iri dairəsində, Dallas, Harris, Terrent və Kollin bölgələrində nəzərdən keçiriləcək. Bu dairələrin üçündə Cozef Bayden, birində isə Donald Tramp qalib gəlmişdi.

Xatırladaq ki, ABŞ-da ötən ilin noyabrında keçirilmiş prezident seçkiləri Cozef Baydenin qələbəsi ilə başa çatsa da, sabiq prezident Donald Tramp nəticələri tanımadığını bəyan edib.

 

MACARISTANIN XİN BAŞÇISI: DÜNYADA YENİ SOYUQ MÜHARİBƏ TƏHLÜKƏSİ VAR

Beynəlxalq münasibətlərin hazırkı vəziyyəti dünyanı yeni “soyuq müharibə” vəziyyətinə qaytara bilər. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Macarıstanın xarici işlər və iqtisadi əlaqələr naziri Peter Siyarto bəyan edib.

Macarıstanın baş diplomatı pandemiyanın yaratdığı çoxsaylı problemlərlə yanaşı, həmçinin ölkələrin bir-birindən daha çox asılı vəziyyətə düşdüyünü qeyd edib.

“Bir-birimizdən asılı olan dünyada yaşayırıq, buna görə də Şərq və Qərb arasında əməkdaşlığın daha çox hörmətə əsaslanacağına ümid edirdik. Təəssüf ki, yeni “soyuq müharibə” təhlükəsini görürəm”, - deyə nazir vurğulayıb.

P.Siyarto qeyd edib ki, Çin və ABŞ kimi ölkələr arasında ticarət dövriyyəsinin artmasına baxmayaraq, qarşıdurma getdikcə böyüyür.

 

ZELENSKİ CONSONLA DONBASDAKI VƏZİYYƏTİ MÜZAKİRƏ EDİB

Ukrayna prezidenti Vladimir Zelenski Böyük Britaniyanın baş naziri Boris Consonla görüşüb. “Teleqraf.com”un verdiyi xəbərə görə, görüş BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sammiti çərçivəsində baş tutub.

Bildirilir ki, Donbas və Krım münaqişələrinin müzakirə olunduğu görüşdə Ukrayna lideri Rusiyada saxlanılan təxminən 450 ukraynalıdan ibarət siyahını Böyük Britaniyanın baş nazirinə təqdim edib.

Tərəflər Ukraynanın şərqində, Qara dəniz-Azov bölgəsindəki təhlükəsizliyin durumu ilə bağlı fikir mübadiləsi aparıblar. Həmçinin Zelenski və Conson Rusiya ilə münaqişədə Ukraynanın müdafiəsini və donanmasını gücləndirmək üçün İngiltərə ilə gələcək əməkdaşlığa diqqət yetiriblər.

Eyni zamanda, tərəflər “Şimal axını 2” layihəsinin energetika sahəsi və Avropa üçün yaradacağı problemləri müzakirə ediblər. Ukrayna prezidenti bu layihənin Rusiyanın geosiyasi silahı olduğunu vurğulayıb.

 

“TALİBAN” HƏRƏKATI RUSIYADAN YARDIM İSTƏYİB

“Rusiya Əfqanıstanla BMT arasında vasitəçi ola bilər”. “Report”un verdiyi xəbərə görə, bunu “Taliban” hökumətinin mədəniyyət və informasiya nazirinin müavini Zəbiullah Mücahid “RİA Novosti”yə müsahibəsində bildirib.

“Rusiya BMT ilə bizim aramızda, o cümlədən sanksiyalarla təzyiqlərin səviyyəsinin azaldılması məsələsində vasitəçi ola bilər”, - deyə nazir müavini qeyd edib.

Z.Mücahid vurğulayıb ki, “Taliban” Rusiyadan Əfqanıstanda sülhün yaranması, eləcə də başqa dövlətlərlə münasibətlərin bərpası üçün səy göstərməsini istəyib.

Həmçinin Zəbiullah Mücahidin sözlərinə görə, Əfqanıstanın yeni hökuməti Rusiya ilə münasibətləri yüksək səviyyədə inkişaf etdirmək və Moskvaya səfər təşkil etmək niyyətindədir.

 

KATALONİYA SEPARATÇILARININ LİDERİ HƏBS EDİLİB

İspaniya Ali Məhkəməsi tərəfindən haqqında axtarış və həbs qərarı verilmiş Avropa Parlamentinin  deputatı və Kataloniya muxtar hökumətinin sabiq başçısı Karles Puçdemon İtaliyanın Sardinaya adasında həbs olunub. “Teleqraf.com”un xəbərinə görə, Sardiniya adasına müstəqillik tərəfdarı olan siyasi partiyanın, bəzi bələdiyyə sədrləri və üzvləri ilə toplantı keçirməyə gedən K.Puçdemonu İtaliya hüquq-mühafizə orqanları saxlayıb.

Qeyd edək ki, Karles Puçdemon İspaniya məhkəməsindən qaçaraq Belçikada yaşayırdı. Onun deputat toxunulmazlığı mart ayında ləğv edilmişdi.

Karles Puçdemonun liderliyində 2017-ci il sentyabrın 1-də Kataloniyada müstəqillik referendumu keçirilmiş və 28 sentyabrda Kataloniya parlamentində müstəqillik elan olunmuşdu. Bunun ardınca Madrid separatizmə qarşı adekvat tədbirlər görmüş və nəticədə Puçdemon ölkədən qaçmalı olmuşdu.

 

ÇINDƏ KRIPTOVALYUTA ILƏ ƏMƏLIYYATLARA QADAĞA QOYULUB

Çinin Mərkəzi Bankı hökuməti ölkədə kriptovalyuta ilə əməliyyatlar aparmağa qadağa qoyub. Bu barədə “Report” agentliyi xəbər verib. Qurum bəyan edib ki, bu əməliyyatlar qeyri-qanuni maliyyə fəaliyyəti sayılacaq. Qadağa xüsusilə “Bitcoin” və “Tether”ə aiddir.

Məlumata əsasən, bu bəyanatdan dərhal sonra “Bitcoin” ucuzlaşıb və onun qiyməti 41 min ABŞ dollarından aşağı düşüb.

Verilən xəbərə görə, rəsmi Pekin kriptovalyutalarla bağlı siyasətin sərtləşdirilməsini fırıldaqçılıq, çirkli pulların yuyulması və həddindən artıq enerji istehlakının qarşısını almaq istəyi ilə izah edir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.