Qayğı  və  məmnunluq
Sosial həyat

Qayğı  və  məmnunluq

Dövlət Məşğulluq Agentliyi son 6 ayda 47 mindən çox şəxsi işlə təmin edib

6 ayın göstəriciləri

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin 6 ayında 47,4 min işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib.

Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, onlardan 21 487-si ödənişli ictimai işlərə cəlb olunub, 167-sinin əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramı üzrə işlə təminatı həyata keçirilib. 118 işsiz və işaxtaran peşə hazırlığı kurslarına, 147 şəxs peşəyönümü məsləhəti xidmətinə cəlb olunub.1570 şəxsə işsizlikdən sığorta ödənişi təyin edilib, 96 peşə və kvalifikasiya standartı hazırlanaraq istifadəyə verilib.

 

“Məşğulluq marafonu”na qoşulanların sayı  artır

Marafonun dəstəyi ilə artıq 90  şəhid ailəsi üzvü və qazi işlə təmin edilib

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan “Məşğulluq marafonu” davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan marafona qoşulan işəgötürənlərin sayı artıq 215-ə çatıb. Həmin işəgötürənlərin 122-i xidmət, 67-i emal, 17-i kənd təsərrüfatı, qalanları tikinti sahələri üzrədir.

Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, Marafona qoşulan işəgötürənlər tərəfindən e-sistemə daxil edilən vakansiyaların sayı isə 935-ə çatıb.Təqdim edilən vakansiyalar üzrə şəhid ailələrinin üzvlərinə, müharibədə yaralanmış qazilərimizə iş yerləri ilə təmin olunmaları üçün göndəriş verilir və marafonun dəstəyi ilə artıq 90 şəhid ailəsi üzvü və qazi işlə təmin edilib.

Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!

 

Əlilliyi olan şəxslərə 22 mindən çox reabilitasiya vasitəsi verilib

Bu da ötən ilin müvafiq dövrünə nisbətən 2 dəfə çoxdur

Bu ilin 6 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 6237 əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib. Onlardan 957-si müharibə ilə əlaqədar əlilliyi olan şəxslərdir. 

Qeyd olunan dövrdə Agentlik tərəfindən əlilliyi olan şəxslərə 477-si mühərrikli təkərli oturacaq olmaqla 669 təkərli oturacaq, 703 aşağı və yuxarı ətraf, habelə süd vəzi protezi, 599 aşağı və yuxarı ətraf ortezi, 6947 müxtəlif reabilitasiya vasitəsi, 75 bel və boyun nahiyəsi üçün korset, 1263 cüt protez ayaqqabı, 1643 cüt ortopedik ayaqqabı, 479 dördayaqlı dayaq vasitəsi verilib. Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, əlilliyi  olan şəxslər həmçinin 1305 qoltuqaltı və dirsəkaltı ağac, 1253 ədəd əsa və s. reabilitasiya vasitələri ilə təmin ediliblər. Həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 84 yüksək texnologiyalı protez verilib.

Ümumilikdə, son 6 ayda əlilliyi olan şəxslərə 22272 reabilitasiya vasitəsi təqdim edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2 dəfə çoxdur. Nazirliyin reabilitasiya müəssisələrində əlilliyi olan 1540 şəxsə stasionar, 143 şəxsə ambulator formada reabilitasiya xidmətləri göstərilib.

Mustafa KAMAL,

“Respublika”.