10 ən ölümcül zəlzələ
Təbiət

10 ən ölümcül zəlzələ

Bu yazıda sizə tarixdə qeydə alınmış ən ölümcül 10 zəlzələni təqdim edirk.

1. Şensi zəlzələsi (1556)

İnsan tələfatı: 830 mindən artıq

Bu zəlzələ 1556-cı il yanvarın 23-də Çinin Xua dağının ətrafında yerləşən Şensi şəhərinin yaxınlığında baş verib. Tarixin ən dağıdıcı zəlzələsi sayılan həmin yeraltı təkanın gücü 11 bala çatıb. Nəticədə Şensinin bir sıra rayonlarında 1 nəfər də olsun sağ insan qalmayıb. Ümumilikdə təbii fəlakət 830 mindən çox insanın həyatına son qoyub.

Bu zəlzələ həlak olanların sayına görə tarixdə ən dəhşətli zəlzələlə sayılır.

Zəlzələ Şansi, Xenani, Qansu, Xebeya, Şanduna, Xubeya, Xunani, Tszyansu və Anhoya əyalətlərinin 97 bölgəsinə ziyan vuraraq, bu ərazilərdəki tikililəri tamamilə məhv edib. O vaxtlar bu ərazilərdəki əhalinin böyük hissəsi meşəli təpələrin yamaclarında qurduqları qazmalarda yaşayırdırlar və zəlzələ baş verən zaman həmin qazmaların çökməsi həlak olanların sayının artmasına səbəb olub.

Geoloji məlumatlara əsaslanaraq alimlər bu zəlzələni 11 bal gücündə qiymətləndirirlər. Bu, həlak olanların sayına görə tarixdə məlum olan ən dəhşətli zəlzələ və ümumiyyətlə, ən iri miqyaslı təbii fəlakətlərdən biri hesab edilir.

 

2. Sumatra zəlzələsi (2004)

İnsan tələfatı: 300 mindən artıq

2004-cü ilin 26 dekabr tarixində Hind okeanında baş vermiş və gücü 9,1 - 9,3 bal təşkil etmiş zəlzələ müasir tarixin ən məhvedici təbii fəlakətlərindən biri kimi yadda qalan sunamiyə səbəb olub.

Zəlzələnin episentri Hind okeanında, Sumatra (İndoneziya) adasının şimal-şərq sahilləri yaxınlığında qeydə alınıb. Zəlzələdən sonra yaranmış sunami İndoneziya, Şri-Lanka, Hindistan və Tayland sahillərinə qədər çatıb. Dalğaların hündürlüyü 15 metrdən çox olub. Maraqlıdır ki, zəlzələ Yeni Zelandiyanın Oklend adalarının qərb sahillərinə yaxın və Avstraliyanın Makkuori adasının şimal sahili yaxınlığında 8,1 bal gücündə qeydə alınmış zəlzələdən 3 gün sonra baş verib. Bu hadisənin qeyri-adiliyi ondan ibarət idi ki, alimlərin müşahidələrinə əsasən, 8 bal və daha güclü zəlzələlər, orta hesabla, ildə bir dəfə baş verir.

Bu zəlzələ zəlzələ nəticəsində yerin təkindən ixrac olunmuş enerji, təxminən, 2 ekocoul olub. Bu enerji Yer planetinin hər bir sakini üçün 150 litr su qaynadılması üçün kifayətdir. Zəlzələ bütün planetə təsir edib və hətta Amerika Birləşmiş Ştatlarında belə 3 mm vertikal tərpənmələr qeydə alınıb.

Zəlzələ və sunami arasında bir neçə saat fərq olmasına baxmayaraq, fəlakət tam gözlənilməz baş verib. Hind okeanında sunaminin qeydə alınması sistemi və ən əsası, sahilboyu ərazilərdə yaşayan əhalinin ümumi xəbərdar edilməsi sistemi olmadığından, yüz minlərlə insan fəlakət qarşısında aciz qalıb. Zəlzələ və onun nəticəsində baş vermiş sunami cənub-şərqi Asiyaya və xüsusilə, İndoneziya, Maldiv adaları, Myanma, Malayziya, Tayland və digər ölkələrə ciddi zərər vurub. Sunami nəticəsində, təxminən, 300 mindən artıq insan həlak olub. Həlak olanların dəqiq sayı məlum deyil, çünki cəsədlərin bir hissəsi okean sularına qərq olub.

 

3. Qansu zəlzələsi (1920)

İnsan tələfatı: 270 mindən artıq

Qansu zəlzələsi 1920-ci il dekabrın 16-da o zaman Qansu əyalətinin tərkibində olan Çinin Haiyuan mahalında baş verib.

Bu zəlzələ təxminən 3,8 min kvadrat kilometr ərazini əhatə edən kütləvi dağıntılarla müşayiət olunub. Yerli vaxtla saat 20:06:53-də (GMT 12:06:53) ilk zərbə Rixter şkalası üzrə 7,8 bal gücündə baş verib, ardınca üç dəqiqə davam edən bir sıra afterşoklar baş verib. Episentrdə təkanların intensivliyi Merkalli şkalası üzrə maksimum XII bala çatıb. Episentr Şanxaydan 1600 kilometr qərbdə dağlıq ərazidə yerləşirdi. Şahidlər zəlzələdən əvvəl küt gurultu olduğunu bildiriblər. Seysmik titrəyişlər dörd milyon kvadrat kilometr ərazidə hiss olunub. Ən əhəmiyyətli dağıntılar Mərkəzi Çinin əyalətlərində - 67,5 min kvadrat kilometr ərazini əhatə edən Qansu və Şensi əyalətlərində baş verib. Ölənlərin ümumi sayı 270 min nəfərdən çox olub. Onlardan 20 minə yaxını evlərini itirdikdən sonra soyuqdan dünyasını dəyişib. Haiyuan qraflığında 73 mindən çox insan ölüb. Zəlzələ nəticəsində yaranan sürüşmə onun altında olan Sujiahe kəndini basdırıb. Quyuan qraflığında 30 minə yaxın insan həlak olub. Longde və Huining şəhərlərində demək olar ki, yerlə yeksan olub. Ümumilikdə, Lanzhou, Taiyuan, Xi'an, Xining və Yinchuan kimi böyük şəhərlər də daxil olmaqla, yeddi əyalət və rayon ciddi şəkildə dağıntılara məruz qalıb.

Qurbanların sayına görə, Qansudakı zəlzələ tarixdə ən ölümcül zəlzələlərdən biridir.

 

4. Antakya zəlzələsi (115)

İnsan tələfatı: 260 mindən artıq

13 dekabr 115-də Antakyada meydana gələn zəlzələ, bugünkü ölçmələrlə 7,5 bal və Merkalli şkalası üzrə XI bal idi. Bu, həddindən artıq intensivlikdə zəlzələ olub. Antakya və ətraflarında təxminən 260 mindən artıq insanın ölümünə səbəb olduğu və çox ciddi maddi ziyana səbəb olduğu düşünülən zəlzələ, bu gün Türkiyə coğrafiyası sərhədləri daxilində ən çox insan itkisinə səbəb olan zəlzələ olaraq qeyd edilir.

Onun törətdiyi sunami dalğaları Caesarea Maritima limanına ciddi ziyan vurub. Dövrün Roma imperatoru Trayan, varisi Hadrian və konsul Mark Pedo Vergilianus farslara qarşı yürüşlərində qışı keçirmək üçün bu şəhərdə qaldıqları zaman zəlzələyə yaxalanıblar. Markus Pedo Vergilianus zəlzələdə həyatını itirib, Trayan və Hadrian yüngül xəsarətlərlə sağ qalıblar. Zəlzələdən dərhal sonra şəhərin yenidən qurulması işlərinə başlanılıb. Dafne bulaqları ilə Antakya arasında uzanan 6 km uzunluğunda su kəməri ciddi zədələndiyi üçün Trayan yeni su kəməri çəkməyə və ya əvvəllər tikdirdiyi mövcud su kəmərini təmir etməyə başlayıb. Trayan layihəni başa çatdırmadan vəfat etdiyi üçün su kəməri üzərində işlər Hadrian tərəfindən tamamlanıb.

 

5. Antakya zəlzələsi (526)

İnsan tələfatı: 250 mindən artıq

Bu zəlzələ 526-cı ildə mayın son günlərində baş vermiş, Suriya və Türkiyədə, xüsusilə Antakyada təxminən 250000-dən artıq insanın ölümünə səbəb olan zəlzələdir. Zəlzələdən sonra güclü yanğınlar baş verib və zəlzələdən sağ çıxan binaların əksəriyyətini məhv edib. Zəlzələ təqribən 8 bal gücündə olmuşdur. Merkalli şkalası üzrə VIII bal idi intensivliyində olduğu hesablanır. Bu zəlzələ tarixdə altıncı ən ölümcül təbii fəlakət kimi qeyd olunur.

 

6. Tanşan zəlzələsi (1976)

İnsan tələfatı: 242419 (qeyri-rəsmi 800 mindən artıq)

Tanşan zəlzələsi 28 iyul 1976-cı ildə Çinin Tanşan şəhərində (Hebey əyaləti) baş vermiş təbii fəlakətdir. Rixter şkalası üzrə 8,2 və ya Kanamori şkalası üzrə 7,5 bal gücündə olub. 20-ci əsrin ən böyük təbii fəlakətlərindən biridir. Çin hakimiyyətinin rəsmi məlumatına görə, ölənlərin sayı 242419 nəfər olub. Ancaq dağıntı yerində xarici ölkə nümayəndələri azı 800 min nəfərin həlak oduğu qənaətinə gəldilər.

Yerli vaxtla saat 03:42-də şəhər hiposentri 22 km dərinlikdə olan güclü zəlzələ nəticəsində dağılıb. Dağıntılar zəlzələ mərkəzindən 140 km qərbdə yerləşən Tianjin və Pekində də baş verib. Zəlzələ nəticəsində 5,3 milyona yaxın ev dağılıb və ya o qədər dağılıb ki, onlarda yaşamaq mümkün olmayıb. Ən güclüsü 7,1 bal gücündə olan bir neçə afterşok daha çox insan tələfatına səbəb olub.

Bütün şəhər binalarının 90%-dən çoxu ilk zərbədən dağılıb. 15 saatdan sonra M=7,1 bal gücündə güclü afterşok baş verib, dağıntı təmizləyən işçiləri və ilk zərbədən sağ çıxanları dağıntılar altında basdırıb. Avqustun 1-dək güclü afterşoklar baş verib. Ümumilikdə onlardan 130-a yaxını Rixter şkalası üzrə 4,5 bal gücündə qeydə alınıb. Zəlzələ episentrdən 800 kilometrə qədər məsafədə hiss olunub. Dağıntıların miqyası və qurbanların sayı misilsiz idi. Şəhər demək olar ki, yerlə bir olub. Bəzi ərazilərdə nəhəng çatlar əmələ gəlib. Bu çatlardan biri xəstəxana binasını və sərnişinlərlə dolu qatarı “udub”.

İnsan tələfatının çox olması əsas zərbənin gecə saatlarında, demək olar ki, bütün sakinlərin yatdığı vaxt baş verməsi, yaşayış binalarının keyfiyyətsiz və izdihamlı olması ilə bağlı olub. Şanxay Şəhər Seysmoloji İdarəsinin rəhbəri Zhang Jun-un sözlərinə görə, nəhəng dağıntıların əsas səbəbi tikinti zamanı zəruri seysmik mühafizə tədbirlərinin görülməməsi olub.

Tanşan zəlzələsi 1556-cı ildəki Şensi zəlzələsindən sonra tarixdə ikinci ən ölümcül zəlzələdir.

 

7. Hələb zəlzələsi (1138)

İnsan tələfatı: 230 mindən artıq

Hələb zəlzələsi bəşəriyyətə məlum olan ən güclü zəlzələlərdən biri (maqnitudası 8.0), qurbanların sayına görə isə yeddincidir (təxmini hesablamalara görə, 230.000-dən çox ölü). Zəlzələ müasir Suriyanın şimalı və Türkiyənin cənub-qərbi, daha sonra İran və Azərbaycan ərazilərini əhatə edən bir neçə mərhələdə baş verib. Dağıntının zirvəsi Hələbin əziyyət çəkdiyi 1138-ci il oktyabrın 11-də baş verib.

Qədim dövrlərdən bəri böyük və əhalinin sıx məskunlaşdığı şəhər mərkəzi olan Hələb geoloji cəhətdən daim qarşılıqlı təsirdə olan Ərəb və Afrika tektonik plitələrini bir-birindən ayıran Ölü dəniz çökəkliyini də əhatə edən böyük geoloji çatlar sisteminin şimal hissəsi boyunca yerləşir.

Dəməşq salnaməçisi İbn əl-Kalanisi zəlzələnin tarixini - 11 oktyabr 1138-ci il, çərşənbə günü qeyd edir və qurbanların sayını 230000 nəfər göstərir. Bu sayda qurbanlar müasirlərini, xüsusən də qərb səlibçi cəngavərlərini şoka salır, çünki o zaman əksəriyyətinin doğulduğu Avropanın şimal-qərbində şəhərlərin 10000 ətrafında əhalisi var idi. Keçmiş Bizans İmperiyası və müxtəlif ərəb əmirliklərinin torpaqlarında belə əhalisi olan şəhərlərdə (Hələb, İsgəndəriyyə, Antakya, Konstantinopol) antik dövrdən bəri 200000 və daha çox əhali yaşayırdı.

Zəlzələdən sonra Hələb əhalisi yalnız 19-cu əsrin əvvəllərində bərpa oldu. Lakin 1822-ci il avqustun 24-də şəhərdə daha bir güclü zəlzələ baş verdi, 1827-ci ildə taun epidemiyası, 1832-ci ildə isə vəba epidemiyası ilə üzləşdi. Hələb zəlzələsi Yaxın Şərqdə 1 il davam edən zəlzələlər zəncirinin başlanğıcını qoydu. Gəncə zəlzələsi də bu zəlzələlər zəncirinin bir hissəsidir.

 

8. Haiti zəlzələsi (2010)

İnsan tələfatı: 230 mindən artıq

12 yanvar 2010-cu ildə Cənubi Amerika ölkəsi Haitidə 7 bal gücündə baş verən zəlzələ zamanı 222000-dən çox adam həlak olub, 300000-dən artıq adam yaralanıb. 1,3 milyon insan yaşadığı yurdundan olub. 100000-ə yaxın ev təmamilə dağılıb.

Haiti zəlzələsi 12 yanvar 2010-cu il yerli vaxtla saat 21:53:09-da episentri paytaxt Port-Au-Prinsdən 25 km aralıda olan 7.0 Rixter gücündə zəlzələ idi. Zəlzələ yerin 13 km dərinliyində baş verib. Amerika Birləşmiş Ştatlarının Geoloji Tədqiqatı 5.0 və 5.9 bal gücündə on dörd afterşok qeydə alıb. Zəlzələ nəticəsində Port-o-Prensdə böyük dağıntılar baş verib. Zədələnmiş ərazilərə Haiti Milli Sarayı (Prezident Sarayı), Haiti Milli Assambleyasının binası, Port-o-Prins Katedrali və mərkəzi həbsxana daxildir. Ölkə üzrə xəstəxanalar dağıdılıb və ya ciddi şəkildə zədələnib. Birləşmiş Millətlər Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının Sabitləşdirmə Missiyasının (Haiti) paytaxtdakı baş ofisinin dağıldığını bildirdi. Missiyanın rəhbəri Hedi Annabinin yanvarın 13-də öldüyü prezident René Preval tərəfindən təsdiqləndi. BMT-dən Elisabeth Byrs bu zəlzələni onlar üçün ən pis təcrübə adlandırdı, çünki Haitidə bir çox yerləri, eləcə də Birləşmiş Millətlər Təşkilatının Haitidəki təşkilati strukturları dağıdılıb. Yardım ləvazimatları təbii fəlakətdən qısa müddət sonra yerli hava limanına gəlsə də, yavaş paylanması və çoxlu sayda insanın zərər çəkməsi yardımın paylanmasında problemlər yaradıb.

 

9. Damqan zəlzələsi (856)

İnsan tələfatı: təxminən 200 min

İndiki İran ərazisində  Damqan şəhəri yaxınlığında baş verən zəlzələ təxminən 200000 insanın həyatına son qoyub ki, bu da bəşər tarixində doqquzuncu ən ölümcül zəlzələdir.

Damqan şəhəri İranın Semnan əyalətinin Damqan rayonunun mərkəzidir. 2006-cı il siyahıyaalınmasına əsasən, şəhərdə 15849 ailədə 57331 nəfər əhali yaşayırdı. O, Tehrandan 342 km (213 mil) şərqdə, Məşəd yolunda 1250 m yüksəklikdə yerləşir. Bu, İranın yüksək dağlıq ərazilərində 7000 il əvvələ aid ən qədim şəhərlərdən biridir və bir çox tarixi görməli yerləri ilə öyünür. Bunlardan ən qədimi şəhərin cənub-şərqində yerləşən Tappe Hessardır və burada Sasani imperiyasına aid qalanın xarabalıqları var.

856-cı il Damqan zəlzələsi dekabrın 22-də baş vermişdir. Zəlzələnin təxmini maqnitudası 7,9, maksimum intensivliyi isə Merkalli intensivlik şkalası üzrə X (Extreme) olub. Meysseysmik zona (maksimum zərər zonası) Təbəristan və Qorqanın hissələri də daxil olmaqla, indiki İranın şərqindəki Əlburz dağlarının cənub kənarı boyunca təxminən 350 kilometr (220 mil) uzanırdı. Zəlzələnin episentrinin o vaxt Fars əyalətinin Qumis əyalətinin paytaxtı olan Damqan şəhəri yaxınlığında olduğu təxmin edilir. Zəlzələ təxminən 200000 insanın həyatına son qoyub.

 

10. Ərdəbil zəlzələsi (893)

İnsan tələfatı: təxminən 150 min

Bir sıra zəlzələ kataloqları və tarixi mənbələr 893-cü il Ərdəbil zəlzələsini 23 mart 893-cü ildə İranın Ərdəbil şəhərində baş vermiş dağıdıcı zəlzələ kimi təsvir edir. Gücünün miqyası məlum deyil, lakin ölənlərin sayının çox böyük olduğu bildirilir. USGS "50.000 və ya daha çox ölümlə nəticələnən zəlzələlərin siyahısı"nda 150000 nəfərin öldüyünü təxmin edir ki, bu da onu tarixdə onuncu ən ölümcül zəlzələ edir.