Zəngənə kəndinin igid oğlu
Sosial həyat

Zəngənə kəndinin igid oğlu

Zəngənə kəndi Sabirabad rayonunun axar-baxarlı ərazisində yerləşən kəndlərindəndir. Vətən müharibəsində Zəngənədən döyüşlərə yollanan igid oğullar qazandıqları şücaətlə doğma diyara şan-şöhrət bəxş etdilər.  Fərid Poladxan oğlu Nağıyev də bu kənddə doğulub ərsəyə çatmışdı. Fərid müharibənin ilk günlərindən öz bacarığı ilə fərqləndi, komandirlərin əmr və tapşırıqlarını ləyaqətlə yerinə yetirdi,döyüşlərdə qəhrəmancasına şəhid oldu.

Bu günlərdə Zəngənən Vətən müharibəsinin ilk şəhid oğlu Fərid Nağıyevin doğma kənddə anım mərasimi keçirildi. Mərasimdə Sabirabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev Fəridin döyüş yolundan bəhs etməklə, Sabirabad rayonundan müharibəyə yollanıb qəhrəmanlıqla şəhidlik zirvəsinə yüksələn övladlarımızın ruhunun əziz tutulduğunu, bundan sonra da daima əziz tutulacağını bildirdi. Sabirabad Şəhər Ərazi Nümayəndəsinin müavini Nizami Ağayev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov, Qafqaz Ruhanilər İdarəsinin Sabirabad rayon nümayəndəsi Ağakərim Sadıqov, şəhidin əsgər yoldaşları çıxış edərək Fərid Nağıyevin nurlu xatirəsini hörmətlə yad etdilər. Sabirabad rayon Quruzma kənd orta məktəbin şagirdi, şəhid Həsən Həsənovun bacısı qızı Qıztamam Həsənova şəhidlərə həsr etdiyi şeiri səsləndirdi. Şəhidin babası İnqilab Nağıyev nəvəsi Fəridin xatirəsini dərin ehtiramla yad etdiklərinə görə mərasim iştirakçılarına minnətdarlığını bildirdi.

Mərasimdə rayon ictimaiyyətinin nümayəndələri,şəhid anaları iştirak edirdilər.

Tofiq HÜSEYN,

“Respublika”.