Azərbaycan ilə Türkiyə məktəbləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Sosial həyat

Azərbaycan ilə Türkiyə məktəbləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Türkiyənin təhsil işçilərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Bakı şəhəri 18 nömrəli tam orta məktəb ilə Türkiyənin İzmir Çiyli Yıldız Tınas İzmiroğlu Anadolu Liseyi arasında “Qardaş məktəblərin əməkdaşlığı müqaviləsi” imzalanıb.

Bu barədə "Respublika"ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində qonaqlar Fəxri xiyabanı, Şəhidlər xiyabanını, “Türk şəhidliyi” abidəsini ziyarət edib, Heydər Əliyev Mərkəzi və mədəni-tarixi məkanlarda olublar.

Tədbir Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.

Məktəbin direktoru Leyla Fətiyeva bildirib ki, ortaq tarixi köklərə və qardaşlığa söykənən Azərbaycan-Türkiyə əlaqələri təhsil sahəsində də inkişaf edir. L.Fətiyeva məktəbin qonağı olan liseyin direktoru, 6 müəllim və 11 şagirddən ibarət heyətin iştirakı ilə təşkil olunan tədbirlərin qardaşlıq münasibətlərinə nümunələrdən biri olduğunu diqqətə çatdırıb.