Zaur Nudirəliyev 
Sosial həyat

Zaur Nudirəliyev 

Torpaqlarımızın işğaldan azad edilməsində, 44 günlük tarixi qələbənin qazanılmasında  böyük  şücaət  göstərərək  canını Vətən yolunda qurban verən igidlərimizdən biri də Azərbaycan Hərbi Hava Qüvvələrinin  polkovniki,  USTA dərəcəli pilot, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Zaur İsmayıl oğlu Nudirəliyevdir.

 Zaur Nudirəliyev 1978-ci il sentyabrın 1-də Bakı şəhərində anadan olmuşdur.1985-ci ildə Sabunçu  rayonunun  Zabrat  qəsəbəsində 192 nömrəli tam orta məktəbə getmiş, 1992-ci ildə bitirmişdir. 1992-1995-ci illərdə təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirmişdir. 1995-ci ildə Türkiyə Ali Hərbi Hava Qüvvələri Məktəbinə daxil olan Zaur Nudirəliyev 2000-ci ildə həmin məktəbi təyyarəçi ixtisası üzrə bitirmişdir. Daha sonra 2011-2013-cü illərdə Almaniyada Hərbi Liseydə təhsil almışdır.

Zaur müxtəlif illərdə "N" saylı hərbi hissələrdə 1-ci və 3-cü aviasiya eskadrilyası aviasiya manqasının təyyarəçisi, baş təyyarəçisi, manqa komandiri,  komandirin müavini-şturman vəzifəsində xidmət edib. Həmçinin Zaur 2011-ci ilin may ayından 2013-cü ilin noyabr ayına qədər "N" saylı hərbi hissənin 1-ci aviasiya eskadrilyasının qərargah rəisi, 2013-cü ilin noyabr ayından 2015-ci ilin avqust ayına qədər isə "N" saylı hərbi hissənin 1-ci aviasiya eskadrilyasının komandiri olub. 2015-ci ilin avqust ayından "N" saylı hərbi hissə komandirinin uçuş hazırlığı üzrə müavini və uçuşların planlaşdırılma bölməsinin rəisi vəzifəsində xidmət edirdi.

Vətən müharibəsində  "Su-25" hücum təyyarələrində yeni üsullardan istifadə olunması tapşırığı verilir və  Azərbaycan Ordusunun Komandanlığı bu işi Zaur Nudirəliyevə tapşırır. O, nişangah istifadə etmədən, riyazi həllə bombaların  atılmasının yeni üsulunu icra etmişdir, həmçinin "Su-25" hücum təyyarəsindən lazer müşayiətli bombaların birinci atışını reallaşdırmışdır. Cəbrayıl-Füzuli və Ağdərə istiqamətlərində endirilən zərbələr nəticəsində  Ermənistan Ordusunun dayaq məntəqələri, canlı qüvvələri məhv edilmiş, həmçinin  Azərbaycan Ordusunun  qurudan  ciddi  üstünlüyə  sahib olması təmin olunmuşdur. 12 uçuşu uğurla başa vuran Zaur Nudirəliyev 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl rayonu istiqamətində hədəfə yaxınlaşan zaman idarə etdiyi "Su-25" hücum təyyarəsinin vurulması nəticəsində şəhid olmuşdur.  II Fəxri Xiyabanda dəfn edilmişdir. Ömər adında oğlu və Pəri adında qızı yadigar qalıb. Zaur Azərbaycan Hərbi Hava Qüvvələri  tarixində şəhid olan yeganə polkovnikdir. Həmçinin o, 1941-ci ildən sonra "Atəş ramı"nı reallaşdıran birinci pilotdur.

Azərbaycan Hərbi Hava Qüvvələrinin "Qarabağ" ordenli mayoru Cavid Fərəcovun sözlərinə görə, "Su-25" aşağı hündürlükdə istifadə üçün təyin olunub. "Su-25" hücum təyyarəsisi aşağı və orta hündürlükdə uçarsa hava hücumundan müdafiə vasitələri tərəfindən vurulması ehtimalı çoxdur. Amma Zaur Nudirəliyevin araşdırmaları  nəticəsində "Su-25" hücum təyyarəsinin sahib olduğu göstəricilərdən məharətlə istifadə olunmuşdur, nəticədə yeni bir döyüş üsulu ərsəyə gəlmişdir. Bu üsul təcrübədə uğurlu alındığı üçün sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı geniş istifadə olunmuşdur. Nəticədə Ermənistan Silahlı Qüvvələrinə məxsus  məntəqələrinə və canlı qüvvələrinə ağır zərbələr endirilmişdir.

Azərbaycan Hərbi Hava Qüvvələrinin "Qarabağ" ordenli zabiti Elçin Məmmədovun sözlərinə görə, Zaur Nudirəliyevin idarə etdiyi "Su-25" hücum təyyarəsi verilən döyüş tapşırığının yerinə yetirilməsi üçün Cəbrayıl istiqamətində uçuşa yollanmışdır. Kəşfiyyat məlumatına əsasən həmin ərazidə Ermənistan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının (HHMQ) vasitələri olmamalı idi. Amma Zaur Nudirəliyevin idarə etdiyi təyyarə həmin ərazidə təyin olunmuş hədəfə yaxınlaşan zaman idarəetmə məntəqəsinə Ermənistan Hava Hücumundan Müdafiə Qoşunlarının müdafiə vasitələrinin hazır vəziyyətə gətirilməsi barədə operativ məlumat daxil olmuşdur. Buna görə də dərhal onlara geri qayıtmaq tapşırığı verilmişdir. Həmin dəqiqədən sonra Zaur Nudirəliyevlə əlaqə dayandı və o, çağırışa cavab vermədi. Artıq onun təyyarəsi vurulmuşdu. Həmin zərbə "Su-25" hücum təyyarəsinin Katapult oturacağını zədələmədiyi üçün onun xilas olmaq ehtimalı yaranmışdır. Amma həmin günlərdə Cəbrayıl şəhəri və onun ətraf yaşayış məntəqələri istiqamətində şiddətli döyüşlər getdiyi üçün onun paraşütlə eniş edəcəyi halda Ermənistan Silahlı Qüvvələrinin nəzarəti altında olan ərazilərə düşüb, qarşı tərəfə əsir düşmə ehtimalı da var idi. Buna görə də Zaur Nudirəliyev "Atəş ramı" etməyi qərara alır və "Su-25" hücum təyyarəsini bütün sürəti ilə Ermənistan Ordusunun bir qrup canlı qüvvəsinin cəmləşdiyi yerdə, zirehli nəqliyyat vasitəsinə çırpır.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyinə, mərdliyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Zaur Nudirəliyevə ölümündən sonra  "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir. Həmçinin “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Zaur Nudirəliyev 20 il davam edən hərbi xidməti ərzində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müxtəlif medallara layiq görülmüşdür. Belə ki, II və III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə", II dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə", Azərbaycan Silahlı Qüvvələrinin 10, 90, 95, 100 illiyi yubiley, həmçinin I dərəcəli "Qüsursuz xidmətə görə" medalları ilə də təltif edilmişdir.

Vətən Müharibəsi Qəhrəmanının qızı Pəri Nudirəliyeva : “Mənim atam çox sevdiyi Vətəni uğrunda şəhid oldu. O, Qarabağın azad olunmasını bəlkə də hər şeydən çox arzulayırdı. Təəssüf ki, bu böyük zəfəri görə bilmədi. Ata, mən bilirəm ki, sənin ruhun şaddır. Sənin də iştirak etdiyin bu şərəfli yolda Ali Baş Komandanımızın rəhbərliyi ilə biz qalib gəldik. Artıq Qarabağ azaddır, Şuşa azaddır. Mən fəxr edirəm ki, bu böyük zəfərdə və şərəfli işdə sənin də öz payın var”.

Prezident  İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Bakı şəhəri 47 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Zaur İsmayıl oğlu Nudirəliyevin adı verilmişdir.

M.MİRZƏ,

“Respublika”.