Yurd yerlərinin bərpası qürur doğurur
Digər xəbərlər

Yurd yerlərinin bərpası qürur doğurur

İşğaldan azad olunmuş yurd yerlərinə səfərlərin təşkili artıq ənənə şəklini almışdır. Bu günlərdə Cəbrayıl rayon ağsaqqallarının bir qrupu Şərqi Zəngəzur iqtisadi zonası nümayəndəliyinin dəstəyi ilə doğma yurdlarına səfər etmişdir.

Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov deyir:

- Əvvəllər rayonumuza səfərlərimiz olmuşdu. Erməni vandalları tərəfindən dağıdılıb məhv edilmiş kəndləri, qəbiristanlıqları görəndə, qəlbimizdə düşmənə qarşı nifrət kükrəyirdi. Növbəti səfərimiz fərqli idi. Bilirdik ki, dövlət başçımız İlham Əliyevin sərəncamları, sonsuz qayğı diqqəti sayəsində azad olunmuş torpaqlarda böyük quruculuq işləri aparılır, yeni infrastruktur yaradılır, geniş, abad yollar çəkilir, elektrik, su təchizatı bərpa olunur. Yaşayış binalarında, məktəb xəstəxanalarda inşaat işləri həyata keçirilir. Dağıdılıb viranə qalmış yurd yerlərimizin bərpası insanda kövrək duyğular yaradır. Yurd yerlərimizə səfər etməkdə bizə dəstək olan Şərqi Zəngəzur iqtisadi zonasının nümayəndəliyinə Cəbrayıl Rayon İcra Hakimiyyəti rəhbərliyinə qrupumuzun üzvləri adından təşəkkürümüzü bildirirəm.

Uzun illər Cəbrayıl Rayon Maliyyə İdarəsinin rəisi işləmiş Famil Balayev deyir:

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğaldan azad olunmuş Cəbrayıl rayonunda quruculuq işləri rayonun sosial-iqtisadi inkişafına yönəlmiş sənədlər imzalayıb. Həmin sənədlərdən biri Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində "Araz Vadisi İqtisadi Zonası" Sənaye parkının yaradılması ilə bağlıdır. Səfərimiz zamanı biz Soltanlı kəndinin yaxınlığında inşa edilən Sənaye Parkında aparılan işlərlə tanış olduq. Yeri gəlmişkən deyim ki, Sənaye Parkının fəaliyyətinin təşkili, onun idarə edilməsi inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafi Agentliyi həyata keçirəcək. Soltanlı kəndi yaxınlığında 200 hektar torpaq sahəsi icarəyə vermək hüququ ilə Agentliyin daimi istifadəsindədir.

Rayon ağsaqqalı Vaqif Hüseynov:

- Ölkə Prezidentinin Sərəncamına əsasən Sənaye parkı ilə yanaşı, rayonumuzda 960 şagird yerlik Mehdi Mehdizadə adına tam orta məktəbin, 150 çarpayılıq mərkəzi xəstəxananın tikintisi aparılır. Əlbəttə, bunları görmək, yaxşı işlərdən xəbər tutmaq bizə fərəh, sevinc gətirir, minnətdarlıq hissi doğurur. Təəssüf ki, doğma Cəbrayıl şəhərinə baş çəkdikdə, sözün əsl mənasında kövrəldik. Təkcə Azərbaycanın deyil, dünyanın ən yaraşıqlı, abad, gözoxşayan şəhərlərindən biri olan Cəbrayıl amansızcasına yer üzünün ən mənfur milləti olan ermənilər tərəfindən tamamilə dağıdılıb, yerlə bir edilib. Adam inanmır ki, kainatda bu vəhşilikdə, bu barbarlıqda ikinci bir millət tapılsın. Ali Baş Komandanın dəmir yumruğu, şanlı ordumuzun şücaəti sayəsində yağı düşməndən qisasımızı aldıq, Cəbrayıl da azad edildi. İnanırıq ki, yerlə-yeksan edilmiş Cəbrayıl ən qısa zamanda dirçəldiləcək.

Rayon Ağsaqqallar Şurasının sədr müavini Əyyub Quliyev:

- Səfər zamanı mənim doğulduğum Əmirvarlı kəndinə yollandıq. İşğal illərində ermənilər bizim kənddə özləri üçün kiçik bir yaşayış məhəlləsi yaradıblar. 44 günlük müharibədə məhəlləni qoyub qaçmağa məcbur olub, buranı yandırmağa macal tapmayıblar. Kənddə mənim iştirakımla gözəl məktəb binası tikilmişdi, həmin məktəbdə müəllim işləmişdim. Məktəb darmadağın edilib. Dəhşətli mənzərəni seyr etmək ağır idi, amma bütün dərdlərin dərmanı da var. Bu, hazırda tikilməkdə, qurulmaqda olan yeni, azad Cəbrayıldır.

Rayon ağsaqqallarından sonra qazilər bir qrup gənc doğma yurd yerlərinə səfər ediblər.

Tofiq HÜSEYN,

 "Respublika".